📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Krım Ukraynadır!": ABŞ Rusiyanın Sevastopolun bombardman edilməsi haqqında ittihamlarına cavab verib

2024-06-25 13:56:59

Bazar ertəsi Birləşmiş Ştatlar Kremlin Krıma raket hücumu ilə əlaqəsi olduğu haqqında iddialarını qəti şəkildə inkar edib.  

"Rusiya suveren Ukrayna ərazilərinin işğalına son qoysaydı, bu müharibəni bu gün dayandıra və müharibənin səbəb olduğu əzab-əziyyətə də son qoya bilərdi", deyə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə Turan-ın müxbirinin suallarına cavabda bildirib.

"Biz dinc əhali arasında istənilən tələfata görə təəssüf edirik. Biz Ukraynaya öz suveren ərazilərini təcavüzdən qoruya bilməsi üçün silah veririk. Buraya Ukraynanın tərkib hissəsi olan Krım da daxildir", deyə Miller əlavə edib.

Bazar ertəsi Rusiya rəsmiləri bildiriblər ki, hücum zamanı raket qəlpələrinin Sevastopolda çimərliyə düşməsi nəticəsində dörd nəfər ölüb və 150-yə yaxın insan yaralanıb. Rusiya Müdafiə Nazirliyi ABŞ-ı ukraynalılara ATACMS raketləri verməkdə ittiham edib.

Miller deyib ki, Rusiyanın iddiaları əsassız və yanlışdır.

"Yadınızdadır ki, Moskvada "Krokus" konsert zalında terror aktından sonra da onlar ABŞ-ı ittiham etmişdilər, baxmayaraq ki, məhz ABŞ gözlənilən terror aktı haqqında onlara xəbərdarlıq etmişdi", deyə Miller əlavə edib.