KTMT bu gün hərbçilərin Qazaxıstanı tərk etməsi ilə bağlı qərarını verəcək
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, KTMT-nin Müdafiə Nazirləri Şurası 13 yanvar tarixində keçiriləcək növbədənkənar iclasda təşkilatın sülhməramlılarının Qazaxıstanı hansı ardıcıllıqla tərk edəcəyini təsdiqləyəcək. Bu barədə açıqlama KTMT-nin rəsmi portalında yerləşdirilib. Açıqlamada növbədənkənar iclasın onlayn formatda keçiriləcəyi bildirilir. KTMT-nin saytında verilən məlumata görə, təşkilatın sülhməramlı heyəti yanvarın 13-dən başlayaraq, 10 gün ərzində Qazaxıstandan çıxarılacaq.
Bəlli olduğu kimi, Yeni ildən maye qazın ikiqat bahalaşması ilə əlaqədar, 2022-ci ilin ilk günlərindən etibarən ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri kütləvi etirazlara başlamışdılar. Sonradan etirazlar Qazaxıstanın keçmiş paytaxtı və ən iri şəhəri Almatı da daxil olmaqla ölkənin digər məntəqələrinə yayılmışdı. Etirazlar zamanı, talançılıq da baş verib, bəziləri dövlət müəssisəslərinə hücum edib, silahları aparıb. Buna cavab olaraq, hakimiyyət 19 yanvar tarixinə qədər bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib və etirazçıları “terrorçu” adlandıraraq, onlara qarşı əməliyyata başlayıb. BMT-nin verdiyi məlumata görə, 1 min nəfərə qədər insan Qazaxıstandakı etirazlar zmanı yaralanıb. Respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, güc strukturlarının 17 nəfər əməkdaşı həlak olub; 1,3 min nəfərdən artıq adam zərər çəkib.
Yanvarın 5-də səhər saatlarında Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev hökuməti istefaya göndərərək, Təhlükəsizlik Şurasına rəhbərliyi öhdəsinə götürüb. Şuranın ilk iclasında “terror təhlükəsinin dəf edilməsi” üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciət etdiyini bildirib. KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası dərhal ölkəyə sülhməramlı qüvvələr göndərib. Yanvarın 7-də Tokayev bir qismi xaricdən gəlmiş terrorçuların müqavimətə davam elədiyini bildirərək, silahı yerə qoymayanların məhv ediləcəyini bəyan edib. Tokayev qazın ucuzlaşması da daxil olmaqla, vətəndaşların dinc şəkildə ifadə elədikləri bütün tələblərinin dinlənildiyini qeyd edib.
Hürr Tərcüman