Kuleba dünyaya üz tutdu: “Səfirlərini qovun, neft embarqosu qoyun, Rusiyanın iqtisadiyyatını məhv edin, hərbi cinayətkarı dayandırın!”
Hurriyyet.az xəbər verir ki, bu gün, fevralın 26-da Kiyevdə yaşayış evlərindən birinin üstünə raket düşüb. Bundan sonra Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba dünyanı Ukraynaya tammiqyaslı hücum edən Rusiya Federasiyasını tamamilə izolyasiya etməyə çağırıb.
Kuleba “Tvitter”dəki səhifəsində yazıb: “Kiyev – bizim gözəl, sülhsevər şəhərimiz Rusiyanın quru qoşunlarının və raketlərinin hücumları altında daha bir gecə keçirdi. Raketlərdən biri Kiyevdə yaşayış binasına düşüb. Dünyadan RF-ni tamamilə izolyasiya eləməsini tələb edirəm. Səfirlərini qovun. Neft embarqosu qoyun. RF-nin iqtisadiyyatını məhv edin. RF-nin hərbi cinayətkarlarını dayandırın!”
Bu gün, fevralın 26-da, Kiyevdə yerləşən Lobanovski prospektində Rusiyanın raket hücumu nəticəsində binanın bir neçə mərtəbəsi zədələnib. Çoxmərtəbəli binanın yerləşdiyi rayonda hərbi obyektlər yoxdur, bir neçə yüz metr məsafədə doğum evi yerləşir.
Binanın sakinləri təxliyə edilib. İlkin məlumatlara görə, ölən və yaralanan yoxdur.
Kiyevin meri Vitali Kliçko bildirib ki, Rusiya hərbçilərinin gecə hücumları nəticəsində 35 nəfər yaralanıb, onlardan 2-si uşaqdır.
Hürr Tərcüman