📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kür çayının bir qolu qurudu: nə gözlənilir?

2022-03-03 16:08:00

Kür çayının bir qolu qurudu: nə gözlənilir?

ETSN-in Milli Hidrometeorologiya Xidməti tərəfindən Kür çayında hidroloji monitorinqlər aparılır, gündəlik suyun səviyyəsi, su sərfi ölçülür və gözlənilən sululuğa dair proqnozlar hazırlanaraq müvafiq qurumlara təqdim edilir.

Bu sözləri Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Kür çayının Salyan rayon Qaraçala kəndindən keçən qolunun tamam quruması barədə danışarkən deyib.

O bildirib ki, 2021-ci ilin yayında Kür çayının aşağı axınında suyun səviyyəsinin kəskin azalması ilə əlaqədar Xidmətin mütəxəssisləri tərəfindən çayın Sabirabad, Şirvan, Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində müxtəlif nöqtələrdə dərinliklər, suyun sürəti və su sərfləri ölçülüb:

“Çayın eninə və uzununa profili çıxarılıb, çayın səth və dib dərinliklərindən su nümunələri götürülüb. Tədqiqat işləri başa çatdıqdan sonra hesablamalar və təhlillər aparılaraq yekunda təkliflər hazırlanıb. Hazırda çaylarda azsulu dövr müşahidə olunur. Dağlıq ərazilərə yağıntının qar şəklində yağması nəticəsində bu dövrdə çaylarda sululuq azalır”.

A.Verdiyev deyib ki, 2022-ci ildə aparılan monitorinqlərin nəticələrinə əsasən fevral ayında Kür çayının aşağı axınında suyun səviyyəsi azalaraq Surra hidroloji məntəqəsində 59 sm, Şirvanda 56 sm, Salyanda 121 sm, Bankədə isə 19 sm azalıb:

“Adətən aprel ayından başlayaraq iyun ayınadək havanın temperaturunun artması, dağlıq ərazilərdə qarın tədricən əriməsi və yağan yağışlar nəticəsində çaylarda sululuq artaraq gursululuq dövrü müşahidə olunur. Həmin dövrdə çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə mart ayının ilk günlərindən başlayaraq Böyük və Kiçik Qafqazın, o cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərinə 5 qrupdan ibarət ekspedisiya təşkil olunaraq 31 marşrut üzrə qarölçmə işləri yerinə yetiriləcək. Qarölçmə işləri başa çatdıqdan sonra gözlənilən fəsillik hava proqnozu da nəzərə alınmaqla hesablamalar və təhlillər aparılaraq mart ayının sonunda yaz-yay gursululuq dövrünün proqnozu hazırlanaraq müvafiq qurumlara təqdim ediləcək”.

Baş hidroloqun sözlərinə görə, Kür çayında suyun kəskin azalmasına təsir edən amillərdən ən əsası iqlim dəyişikliyidir:

“Havanın temperaturunun artması və yağıntının miqdarının azalması nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalıb. Transsərhəd suların qonşu ölkələrin ərazisində istifadəsi nəticəsində onların ölkəmizə daxil olan hissəsində də xeyli azalma müşahidə olunur. Ölkə əhalisinin artması, iqtisadiyyat sahələrinin inkişafı və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi də suya təlabatı artırır. İqlim dəyişmələri ilə əlqədar həmçinin qışda temperatur artır. Bu səbəbdən Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində şaxtalı günlərin sayı azalır. Nəticədə müəyyən yüksəkliklərə qədər ərazilərə yağan qar əriyir, yaz-yay gursululuq dövründə çaylarda sululuq normadan aşağı olur”.

Axar.az