Kürdə fəlakətli vəziyyət - Çay qurudu, əhali çaşqınlıq içində - VİDEO
Azərbaycanın ən böyük çayı və ölkənin əsas su mənbəyi sayılan Kür çayında yenidən fəlakətli durum yaranıb.
Yerli sakinlərin Bakupost.az -a göndərdiyi videolardan görünür ki, çay demək olar ki, qoruyub.
Artıq Xəzərdən çaya su axmağa başlayıb.
Yerli sakinlərin dediklərinə görə, qış aylarında sululuq dövrünün olmasına baxmayaraq, son günlər çayda suyun səviyyəsi sürətlə aşağı düşür.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Bakupost.az -a bildirib ki, son illər iqlim dəyişkənliyinin təsiri nəticəsində su ehtiyyatlarında azalma müşahidə olunur:

“Bu transsərhəd çaylarda daha çox hiss olunur. Həmin ölkələrdə çaylardan istifadə nəticəsində suyun azalması müşahidə edilir. Bu da öz növbəsində bizə də təsirini göstərir. Eyni zamanda ölkə əhalisinin artması, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafında sudan geniş istifadə, su ehtiyyatlarında müəyyən azalmaların olduğunu göstərir”.
A.Verdiyev Kür çayında suyun səviyyəsinin azalmasına aydınlıq gətirib:
“Kür çayında apardığımız monitorinqlərə əsasən, yanvar və fevral aylarında Kürün aşağı hissələrində suyun səviyyəsinin azaldığı müşahidə olunmaqdadır. Yəni, yağıntılar dağlıq ərazilərə qar şəkilində yağması ilə əlaqədar azsulu dövr müşahidə edilir. Aprel, may , iyun ayında çaylarda hansı sululuq vəziyyətinin olacağını müəyyən etmək üçün, artıq mart ayının ilk günlərindən başlayaraq dağlıq ərazilərdə qar ölçmə işləri aparacağıq. Qar ehtiyyatlarını müəyyən etmək çox vacibdir. Bunu Böyük Qafqaz dağları ərazisində, yəni Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar rayonlarında, eyni zamanda Kiçik Qafqazda, Daşkəsən, Gədəbəy, Göygöl, Şərqi Zəngəzur, həmçinin Qarabağ iqtisadi rayonları ərazilərində Kəlbəcər, Laçın, Şuşa, Xocavənddə aparacağıq. Martın sonu aprelin əvvəlində artıq proqnoz hazırlannaraq müvafiq qurumlara təhvil veriləcək. Yəni, aprel, may aylarında dağlıq ərazilərdə qarın əriməsi, yağan yağışlarla əlaqədar artıq çaylarda gursululuq dövrü müşahidə olunacaq”.

Qeyd edək ki, ötən il də Kür çayında suyun azalması ilə bağlı ciddi problemlər vardı. Hökumət bununla bağlı bir sıra tədbirlər görsə də, görünür onlar müvəqqəti xarakter daşıyıb.
Bakupost.az