“Kurtlar Vadisi” ilə bağlı bu ŞOK İFADƏ Türkiyəni SİLKƏLƏDİ
Silivri Baş Prokurorluğunun Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada şübhəli ölümü ilə bağlı başlatdığı istintaq çərçivəsində yeni məlumat ortaya çıxıb.
Hurriyyet.net Türkiyə mətbuatına istinadla bildirir ki, istintaq çərçivəsində həbs edilən keçmiş polis rəisi və ssenarist Bayram Özbekin ifadəsi üzə çıxıb.
Özbek “Silahlı terror təşkilatı yaratmaq və ya ona rəhbərlik etmək” və “qəsdən adam öldürməyə təhrik etmək” ittihamları ilə həbs edilib.
İstintaq çərçivəsində Bayram Özbekə serialda “Kazım Kaşifoğlu” obrazının ölüm səhnəsinin hazırlanmasında və ümumilikdə serialın ssenarisində hər hansı rolunun olub-olmadığı barədə sual verilib. Məlumata görə, “Pana Film”in direktoru İhsan Karademir Bayram Özbeklə tanışlıqları və onun şirkətə kömək göstərməsi barədə ifadələr verib. Özbek isə ifadəsində “Pana Film” rəsmiləri ilə heç vaxt əlaqə saxlamadığını bildirib.
Bayram Özbek ifadəsində 20 il ərzində polis orqanlarında müxtəlif rütbə və vəzifələrdə xidmət etdiyini bildirib:
“2016-cı ildə işdən çıxarıldım, sonra təqaüdə çıxdım. 2014-cü ildə “Tahşiyə işi” kimi tanınan istintaq işi üzrə saxlanılaraq məhkəməyə qədər azadlığa buraxıldım. 2015-ci ildə ittiham aktı qəbul edildi və iddia olundu ki, mən “Tek Türkiye” adlı serialdakı “qaranlıq şura” səhnələrinin dialoq ssenarilərini yazmışam. Sözügedən mətnlərin müəllifi olmamağıma baxmayaraq, 2017-ci ildə əsassız şəkildə həbs olundum və 12 il müddətinə azadlıqdan məhrum edildim. Bu cəzanın 8 ilini faktiki olaraq həbsxanada keçirərək tamamladım. Təxminən 15 ay əvvəl azadlığa buraxılmışam. Hazırda verilmiş cəzanın şərti azadlığa buraxılma müddətini keçirirəm. “Kurtlar Vadisi Pusu” adlı serialın ssenarisini mən yazmamışam. Hər hansı ssenariyə müdaxilə etməmiş, istiqamət verməmişəm. Bu serialın prodüserlərini, rejissorlarını və ssenaristlərini tanımıram. “Pana Film” rəsmiləri ilə heç bir rabitə vasitəsi ilə və ya üzbəüz görüşməmişəm. Onlar da məni tanımırlar. Bu məsələ ilə bağlı deyəcəklərim bunlardan ibarətdir”.