LEGİONERLƏRİN OYNADIĞI "QARABAĞ"...
Azərbaycanda milli futbolun inkişaf yolu ürəkaçan olmamışdır. Respublikamızı təmsil edən yeganə komanda “Neftçi” olmuşdur. SSRİ dönəmində “A” qrupuna keçəndən (1958-ci ildən) komandaya baş məşqçi rus millətindən başlayaraq davam etmişdir. İki azərbaycanlı istisna olmaqla (Ələkbər Məmmədov və Əhməd Ələsgərov) Neftçi” hətta SSRİ çempionatında VII və III yerləri tutmuşdur. O illərdə komandamızın tərkibində yeddi millətin nümayəndəsi oynayırdı. Altmış ildən artıq vaxt keçsə də vəziyyət demək olar ki, dəyişməmişdir. Müstəqilliyimiz dönəmində maraqlı futbolçular yetişmişsə də, milli futbolumuz yerində saymışdır. Bu vacib məsələ AFFA-nı maraqlandırmamış, milli komandamız xarici məşqçilər “ovu”na məruz qalmışdır! Bunun səbəbini nədə axtarmalıyıq? Tamam müəmmadır! AFFA-nın bu sahədə fəaliyyətinə ən yuxarı səviyyədə nəzarətin olmamasımı? AFFA-nın “baş bilənlərinə” deyən yoxmudur, Milli Komandamıza nə vaxta qədər Azərbaycan futbolundan bixəbər mütəxəssisi dəvət edəcəksiz? Ötən illərin təcrübəsi sizlərə dərs deyilmi? Dəvət edirlər, milyonlar ödəyirlər, 3-4 ildən sonra yola düşürlər öz vətənlərinə.
Və hər mövsümqabağı beləcə “axtarışlar” davam edir, amma AFFA heç bir nəticə çıxarmır, ibrət götürmür! Çün onları şəxsi maraqları düşündürür. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov şəksiz ağıllı mütəxəssisdir, strategdir, milli ürək sahibidir. Ən mürəkkəb illərdə o, Qarabağ sindromunda başımızı yuxarı qaldırdı, “Qarabağ” komandasını beynəlxalq arenaya çıxartdı və sübut etdi ki, Azərbaycanda futbol olmuşdur və mövcuddur. Belə ki, Böyük Vətən müharibəsindən əvvəl Mirmehdi Ağayev (o, davadan qayıtmamışdır), əllinci illərdə Ələkbər Məmmədov, Yuri Kuznetsov, Tofiq Bəhramaov, Çingiz İsmayılov, Kamil Eynullayev, Əli Əbilzadə, Tofiq Axundov səviyyəli futbolçularımız olmuşdur. Sonrakı nəsillər məlumdur. Başda Anatoli Banişevski, Kazbek Tuayev, Valeri Hacıyev, Füzuli Cavadov, Adil Babayev olmaqla təqdirəlayiq futbolçular yetişmişlər. o vaxtlar “legioner kultu” yox idi. Lakin o, ənənəyə çevrildi və aləm bir-birinə dəydi, müqtədir oyunçular milyonlar qazanmaq naminə milli komandalarını tərk etdilər. İnkişafın qarşısını almaq olmaz! Zamanın tələbidir! Bu illərdə yaradılan komandaların məşqçiləri özümüzün mütəxəssisləri oldu. Lakin AFFA yenə də əvvəlki niyyətlərindən əl çəkmədi, xarici məşqçilərə üz tutdular və yenə də uğursuzluq alındı.
“Qarabağ”a gəldikdə baş məşqçi Qurban Qurbanov yerli futbolçulara güvəndi, xeyli sayda gənc futbolçuları komandaya cəlb etdi, legionerlərə də laqeyd qalmadı. “Qarabağ” beynəlxalq aləmdə uğur qazandıqca baş məşqçi xarici futbolçulara daha çox güvəndi, deyərdim ki, ifrata vardı: Q.Qurbanovun xətrinə dəyməsin. Əvvəla, legionerlərin bir komandada, bir oyunda iştirakına limit qoyulmalıdır: 3 futbolçudan artıq oyunçu meydançaya çıxmamalıdır, bu kifayətdir ki, komandada gənc yerli futbolçular oynasınlar, təcrübə qazansınlar, püxtələşsinlər. Bizim futbol məktəbimiz var, regionlarda cavan gənclərimiz az deyil, saatlarla top qovurlar. Rayonlarda isə rəsmi futbol komandaları hələ də formalaşmamışdır, rəsmi qayğıdan uzaqdırlar. Beləliklə, istedadlı uşaqlar futboldan uzaqlaşırlar. Komanda məşqçilərimiz isə rayonlarda olmur, “istedad seçimi”ndə kənarda dayanırlar. Bu məsələ nədənsə AFFA-nı maraqlandırmır.
Xatırlayıram: SSRİ – dönəmində məşqçi mütəxəssislər rayonlarda “top qovan” gənclərlə ciddi maraqlanırdılar, axtarıb tapırdılar. Məsələn, məşhur futbolçumuz Kazbek Tuayevi Ələkbər Məmmədov Ələtdən “Neftçi”yə gətirdi. Kazbek də SSRİ-də ən yaxşı sağ kənar hücumçu kimi özünü təsdiqlədi. Eləcə də mərkəz müdafiəçi Tofiq Axundov “Neftçi”nin tərkibinə qatıldı, Sergey Kramarenko bir qapıçı kimi. Bu gün vəziyyət necədir? Sualına müsbət cavab tapmaq çətindir, – desəm yanılmaram. Komandaların baş məşqçiləri gözlərini legionerlərə dikmişlər, ilboyu “seçim” axtarışındadırlar, komandasını necə komplektləşdirsinlər, üç-dörd futbolçu yox, səkkiz və daha çox futbolçu cəlb edirlər. Meydançaya da 6-7-sini çıxarırlar! Yerli – azərbaycanlı futbolçuların idman taleyi səmərəsizləşir, əvəzedici heyətdə illərini itirirlər! Milli futbolun inkişafı komandanın yer tutması, beynəlxalq arenaya çıxmasından asılı deyil, milli futbolçu yetişməsilə ölçülməlidir. Bunun ən bariz nümunəsi milli komandamızın on illərlədir “yerində” saymasıdır, çünki yerli istedadlı futbolçumuz yoxdur. Xarici komandalardan dəvət olunan futbolçularımız da özünü doğrultmur: ya beş–on dəqiqə meydançaya çıxır, ya da ehtiyat skamyasında öz intizarını yaşayır... Bu hal təəssüf ki, 20 ildən artıqdır davam etməkdədir. Belə laqeydliklə çox illəri yola verməli olacağıq! Fikrimi yekunlaşdırmalı olsam Q.Qurbanovun baş məşqçisi olduğu “Qarabağ”ın da ifadəm üçün üzr istəyirəm: “zibili” çıxmaqdadır, komanda Qarabağın adını daşıyır, amma heyəti legionerlərlə təmsil olunur, 6-7 futbolçu ilə. Məgər yerli futbolçular yoxmudur, onlar nə üçün meydançaya buraxılmır? Demək, Qurban Qurbanovu nəticə maraqlandırır, milli futbolçuların inkişafı yox! Biz bu halı son rəsmi beynəlxalq səviyyəli oyunlarda bir daha şahid olduq. Azarkeş hissilə də qürurlanmaq lazım gəlir: vurulan qolların müəllifləri yerli futbolçular deyil – legionerlərdir, çünki hücum xəttində onlar oynayırlar. Maraqlıdır, “Sabah”ın və “Neftçi”nin heyətini də legionerlər zəbt etmişlər! Onların oyun səviyyəsi heç də yerli futbolçulardan yuxarı deyil, əgər aşağıdırsa, futbolçu yaşıl meydançalarda və beynəlxalq matçlarda təcrübə qazanar, bu amillərdən də məhrum olurlar. Belə bir xalq aforizmi var: “nə yoğurdum, nə yapdım – hazırca kökə tapdım”, legionerlərin canı sağ olsun, dövlətin milyonlarla pulunu xərcləməyə nə var ki!
Bir futbol azarkeş kimi (1959-cu ildən “Neftçi”nin “Lokomotiv”lə ilk rəsmi oyunundan azarkeşlik etmişəm), təklif edərdim:
1)AFFA-ya bilavasitə vaxtilə oynamış istedadlı və vətənpərvər mütəxəssislər cəlb edilməli, bu hisslə yaşamalıdırlar.
2)Legionerlərin respublika komandalarına axının qarşısı məhdudlaşdırılmalıdır.
3)Hər bir oyuna limit qoyulmalıdır, 3 nəfər oyunçudan artıq meydançaya futbolçu çıxmamalıdır.
4)Milli komandaya xaricdən baş məşqçi “ovu”na son qoyulmalıdır, xalqın pulu səmərəsiz xərclənməməlidir: söhbət milyonlardan gedirsə...
5)Qurban Qurbanov imtina edərsə, Milli komandaya Murad Musayev baş məşqçi gətirilməlidir, o, son dərəcə ciddi mütəxəssisdir. Milli komandanın psixoloq mütəxəssisi olmalıdır, necə ki, vaxtilə (1958-1962-ci illərdə) dünya çepmionu Brazilya milli komandasında Qossilnq adlı psixoloqu çalışmışdır. Bu gün oyunçuların hədsiz kobud davranışı əsəblərinin yerində olmaması psixoloq zərurətini reallaşdırır.
Allahverdi Eminov
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Dosent, Yazıçı, Prezident mükafatçısı
P.S. AFFA cari ildə futbol komandalarımıza neçə nəfər legioner gətirməsini ictimaiyyətə açıqlamalı və onlara nə qədər pul xərcləməsini bildirməlidir.