Lənkəranda təcavüzə uğrayan azyaşlı qızın anasına təzyiq olunur
Məhkəmədə Vüsalə Əliyevanın qarşısına "təkzib vermək" tələbi qoyulub.
Lənkəran rayon sakini, 1989-cu il təvəllüdlü Vüsalə Əliyeva yenidən "Hürriyyət"ə müraciət edib. Vüsalə Əliyeva deyir ki, polis əməkdaşı Orxan Şahmarovun vəkili ondan mediada dediklərini təkzib etməsini istəyib. Vəkil əks-halda barışıq əldə olunmayacağını bildirib: "Oktyabrın 26-da Lənkəran Rayon Məhkəməsində olduq. Orxan Şahmarovun vəkili Rauf bəy məhkəmədə mənə bildirdi ki, sayta yenidən müsahibə verim, onun haqqında dediklərimi təkzib edim. Bundan əlavə, Orxan Şahmarov haqqında mediada xoş sözlər deməyimi məndən istədilər. Bunu edəcəyim halda, barışıq olunacağı deyildi. Vəkilim də mənə dedi ki, barışıq olsun.
Əgər, hansısa hakim Orxan Şahmarovun xeyrinə qərar çıxararsa, o hakim də Şahmarov kimi vicdansız və Allahsızdır. Məhkəmədə dedim ki, cəzam nədirsə çəkəcəm, amma bunu etməyəcəm. Daha sonra bu məsələni qızım Diana ilə danışdım. O isə cavabında dedi ki, bunu edəcəyim halda məndən imtina edəcək.
Orxan Şahmarovun qızıma təcavüz etməyi ekspertiza rəyi ilə təsdiq edilib. Fakta görə, onun barəsində 152.1 maddəsi ilə cinayət işi açılıb. Daha sonra qızım Dinananı aldadaraq ondan video müsahibə aldılar. Video-müsahibədə qızıma təqsirkarın Orxan Şahmarov deyil, digər polis əməkdaşının olduğu deyilib. Nəticədə, digər polis əməkdaşı Mirsahib Kazımzadə həbs edildi, Orxan Şahmarov isə həbs olunmadı.
Bununla bağlı cənab nazir Vilayət Eyvazovun da qəbulunda olmuşam. Cənab nazir də video görüntülərə baxıb. Dərhal rayon polis şöbəsinə tapşırıq verildi və həbs edilən polis əməkdaşı işdən azad edildi. Orxan Şahmarov ilə bağlı Diana izahatını geri götürmüşdü deyə onun işinə baxılmadı. Orxan Şahmarov ilə bağlı sübutlar telefonumda olub. Lakin telefonum format olunduğuna görə təqdim edə bilmədim. Hazırda Orxan Şahmarov bizimlə barışıq əldə etməyə çalışır".
Xatırladaq ki, Lənkəran sakini, 1989-cu il təvəllüdlü Vüsalə Əliyevanın qızı Diana Əliyevanın Lənkəran rayon polis şöbəsinin əməkdaşı Orxan Şahmarov tərəfindən cinsi təcavüzə məruz qoymasıyla bağlı saytımızda bir neçə məqalə dərc olunub.
YƏHYA