Liseydə güllələnən müəllim şagirdini bağışladı? Yoxsa....
“İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub.
Hurriyyet.az xəbər verir ki, zərərçəkmiş müəllim şagirdini bağışlayıb. Barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim edilib.
Bundan başqa, şagirdlə bağlı psixoloji ekspertiza rəyinin nəticələri də açıqlanıb. Həkim rəyinə əsasən, Ə.Ş-də anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən edilib.
Bu o deməkdir ki, şəxsdə müəyyən dərəcədə psixi problemlər var. Amma o, törətdiyi əməli dərk edir, davranışlarını idarə etmək qabiliyyətindədir. Hazırki rəyə əsasən, şəxs cinayət məsuliyyətindən azad edilmir, lakin bu hal gələcəkdə cəza təyin edilərkən yüngülləşdirici amil kimi nəzərə alına bilər.
Prokuror yekun ittiham aktını təsdiqlədikdən sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.
Qeyd edək ki, hadisə bu ilin fevralında Bakıda yerləşən “İdrak” liseyində baş verib. İttihama görə, 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.
Şagird Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda 18 yaşı tamam olmadığı üçün 10 ilədək azadlıqdan məhrum edilə bilər.
P.S. Ölüm təhlükəsindən qurtulmuş bir müəllimin belə ağır hadisədən sonra şagirdini bağışlaması cəmiyyətdə ciddi suallar doğurur. Xüsusilə də söhbət imkanlı ailədən olan bir yeniyetmədən gedirsə, bu addım bəziləri tərəfindən təəccüblə, bəziləri tərəfindən isə “gözlənilən” hal kimi qarşılanır. Müəllimin humanist yanaşması və bağışlama qərarı, şübhəsiz ki, təqdirəlayiqdir. Lakin bu hadisəyə yalnız bu prizma ilə yanaşmaq kifayət deyil daha mühüm və prinsipial məqamlar da diqqətə alınmalıdır. Şagirdin psixoloji problemlərinin olması və bu səbəbdən adının açıqlanmaması onun gələcək həyatı baxımından müəyyən qədər anlaşılandır. Bununla belə, cəmiyyətdə haqlı bir sual yaranır: imkanlı ailənin övladı olması məsuliyyətdən yayınmaq üçün əsas ola bilərmi? Əgər məhkəmə tərəfindən ona daha yüngül cəza, məsələn, ev həbsi tətbiq olunarsa, bu qərar nə dərəcədə ədalətli sayılacaq? Digər tərəfdən, ən vacib məsələlərdən biri də təhlükəsizlik və təkrarlanma riskidir. Bu cür ağır əməli törətmiş şəxsin gələcəkdə eyni və ya oxşar hadisəni təkrar etməyəcəyinə kim zəmanət verə bilər? Əgər psixoloji rəy onun törətdiyi əməli dərk etdiyini göstərirsə, bu halda hüquqi məsuliyyət məsələsi daha da aktuallaşır. Cəmiyyət üçün əsas məsələ yalnız bir hadisənin bağışlanması deyil. Daha vacibi, bu kimi halların gələcəkdə qarşısının alınması, ədalətin təmin edilməsi və qanunun hər kəs üçün eyni şəkildə tətbiq olunmasıdır. Bu kontekstdə başqa bir reallığı da nəzərdən qaçırmamalıyıq: bu gün həbsxanalarda onlarla azyaşlı müxtəlif cinayətlərə görə cəza çəkir. Onların arasında imkansızlıq ucbatından oğurluq edənlər də var. Bu halda haqlı sual yaranır: görəsən, həmin uşaqlar üçün də eyni dərəcədə yumşaldıcı və humanist yanaşma tətbiq olunurmu?