📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Livan prezidentindən İrana XƏBƏRDARLIQ

2026-11-22 19:17:10

Livan prezidentindən İrana XƏBƏRDARLIQ

Livan Prezidenti Cozef Aun noyabrın 22-də qeyd olunan müstəqilliyin 83-cü ildönümü münasibətilə xalqa müraciətində İran hakimiyyətini ölkənin daxili işlərinə müdaxiləni dayandırmağa çağırıb.

Modern.az-ın xəbərinə görə, Aun bildirib ki, Livan ordusuna tabe olmayan və Tehrandakı ayrı-ayrı nüfuzlu şəxslərin maraqlarına xidmət edən silahlıların dövrü başa çatıb. O, İran xalqına hörmətlə yanaşdıqlarını və qarşılıqlı hörmət əsasında dostluq münasibətlərinin tərəfdarı olduqlarını vurğulayıb. Bununla belə, prezident qeyd edib ki, dostluq başqa dövlətin qərarlarına müdaxilə etmək hüququ vermir.

Dövlət başçısı hökumətin bütün qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi ilə bağlı qərarını həyata keçirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, İranın dəstəklədiyi şiə təşkilatı “Hizbullah” silahlarını Livan ordusuna təhvil verməlidir.

Aun qeyd edib ki, Livan əhalisinin əksəriyyəti dövlət suverenliyinin gücləndirilməsini dəstəkləyir və nə İsrailin işğalını, nə də İranın müdaxiləsini qəbul edir. Prezident ölkəsinin İsrail və İranın geosiyasi maraqlarının girovuna çevrilməməli olduğunu vurğulayıb.

O əlavə edib ki, müharibə Livanı tükəndirib və ölkəyə ağır itkilər yaşadıb.