Lukaşenko: “Belarusa təzyiqlərin səbəbi ABŞ, hədəfi Rusiyadır”
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Türkiyənin TRT teleradio şirkətinə müsahibəsində Belarusa təzyiqlərin səbəblərinin ABŞ ilə bağlı olduğunu deyib.
Məlumatı Belarus Prezidentinin mətbuat xidməti yayıb.
Lukaşenko söyləyib ki, Belarus ABŞ ilə NATO-nun Rusiyaya təzyiq göstərmək üçün əsas hədəfinə çevrilib.
O, keçən il ölkəsində baş vermiş hadisələri xatırladıb: “Belarusu Ukraynaya çevirməyə cəhd elədilər. Bu gün də bizdən bunu tələb edirlər. Biz onlardan soruşuruq: “nə istəyirsiniz?” Deyirlər: “Belarusun da Ukrayna kimi olmasını istəyirik”. Mən də cavabında dedim: “Biz Ukrayna olmaq istəmirik. Xalqımız bunu istəmir, heç vaxt da istəməyəcək”. Ona görə də ötən il bizdə qondarma rəngli inqilab eləmək və qiyamla Ukraynaya çevirmək istədilər. Alınmadı”.
Lukaşenkonun sözlərinə görə, Qərb bu yolla Belarusun hesabına Baltik-Qara dəniz qurşağını tam qapamaq və Smolensk yaxınlığındakı şərq sərhədlərində blok yaratmaq istəyir. “Məqsəd sonradan təzyiq göstərmək və açığını deyim ki, Rusiyaya doğru irəliləməkdir”.
“Bu hibrid müharibənin mahiyyəti müxtəlif istiqamətlərdə müxtəlif intensivliklə hücum və təzyiqlərdən ibarətdir. Bu, KİV-də, diplomatik və siyasi sahədə təzyiqlərlə ifadə olunur. İndi isə iqtisadi istiqamətdə sərt təzyiq göstərməyə başlayıblar. Amerikalılarla avropalılar Belarusa qarşı beş sanksiya paketi işə salıblar”.
Hürr Tərcüman