Lukaşenko: “Belarusda nüvə silahı yerləşdirilə bilər”
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Qərb ölkələrindən təhdid yaranacağı təqdirdə Rusiyanın nüvə silahının Belarus ərazisində yerləşdirilə biləcəyini bəyan edib. Lukaşenko bu açıqlamanı Belarus ilə Rusiya hərbçilərinin “İttifaq qətiyyəti-2022” təlimlərinin gedişi ilə tanış olduqdan sonra, Osipoviçski poliqonunda verib.
BelTA agentliyinin yazdığına görə, Belarus Prezidenti deyib: “Zərurət yaranarsa, rəqiblərimiz və düşmənlərimiz bu cür axmaq və sarsaq adımlar atarlarsa, biz öz ərazilərimizi qorumaq üçün təkcə nüvə silahını yox, həm də fövqəlnüvə silahını da torpaqlarımızda yerləşdirəcəyik”.
Lukaşenkonun sözlərinə görə, Qərb tərəfindən təhdid görməsə, Belarus ərazisində nüvə silahı məsələsi də yüz il keçsə də, gündəmdə olmayacaq.
Hürr Tərcüman