Macarıstan "Qazprom"la ucuz qaz qiymətləri əvəzində Ukraynanın NATO-ya girməsinə mane olacaq
Macarıstan hakimiyyəti Zakarpatiyada macar dilində danışanların hüquqlarının pozulması səbəbindən Ukraynanın NATO-ya daxil olmasına mane olmağa davam edəcək. "Strana.news" "Magyar Nemzet" saytına istinadən xəbər verir ki, bunu Macarıstan baş naziri administrasiyasının rəhbəri Qergey Quyaş bildirib.
Quyaş, Macarıstanın Qazpromla Ukraynadan yan keçəcək qaz tədarükü üçün müqavilə bağlaması ilə bağlı Ukrayna rəhbərliyinin qəzəblənməsini şərh edib. Onun sözlərinə görə, heç kim suveren Macarıstanın enerji siyasətinə müdaxilə edə bilməz və Budapeştlə "Qazprom" arasındakı münasibətlərə qatıla bilməz.
Quyaş, Macarıstanın "Qazprom" la qaz müqaviləsindən çox əvvəl Ukraynanın Zakarpatiyadakı macar azlığın ana dilində təhsil hüququnu kobud şəkildə pozduğunu və bu məsələyə heç bir beynəlxalq müdaxiləyə icazə vermədiyini xatırlatdı. Buna görə də Macarıstan Ukraynanın NATO-ya daxil olması ilə bağlı danışıqlara mane olmağa davam edəcək. Quyaş, Ukraynanın münaqişəyə baxmayaraq Macarıstanın etdiyi bir sıra dostluq jestlərinə cavab verməməsindən təəssüfləndiyini də dilə gətirib.
"Qazprom" la bağlanan müqavilədən danışan Quyaş qeyd edib ki, bu müqavilə birincisindən daha sərfəlidir və macarlar Avropada qaza ən aşağı qiyməti ödəyəcəklər. Yüksək qaz qiymətləri fonunda "Qazprom" la müqavilənin əhəmiyyəti çox önəmlidir.
Bundan əvvəl, 27 sentyabrda "Qazprom" ilə Macarıstana qaz tədarükü haqqında müqavilə bağlandıqdan sonra Ukrayna və Macarıstan məsləhətləşmələr üçün bir-birlərinin paytaxtlarından səfirlərini geri çağırdılar. Eyni zamanda məlum oldu ki, Ukrayna hələ 2020 -ci ilin dekabrında Macarıstan parlamentinin deputatı Tilki Atillanın ölkəyə girişini qadağan edib. O, ölkənin ən böyük partiyası "Fides"in üzvüdür. Ukrayna TX (SBU) Atillanı separatçılıqda, Ukrayna dövlətinin təhlükəsizliyinə xələl gətirməkdə və Ukraynanın daxili işlərinə qarışmaqda günahlandırır. Onun 2023-cü ilin dekabrına qədər Ukraynaya girişi qadağan edilib.
P.S. Görünür Moskva "Şimal axını 2" ni siyasi rıçaq kimi istifadə etdikləri kimi macarlardan da Ukraynanın NATO-ya daxil olmasına mane olmaq üçün Budapeştə "Qazprom"la sərfəli qiymətlərlə qaz müqaviləsini hədiyyə ediblər. Bu da siyasi təzyiqə qarşı siyais hədiyyədir.
Ülviyyə,Hurriyyet.az