Maduro və həyat yoldaşı siyasi rəqiblərinə işgəncə verməkdə ittiham olunur
ABŞ keçmiş Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı yeni ittihamlar elan edib.
Hurriyyet.net xarici mediaya istinadla xəbər verir ki, Onlar hakimiyyəti qorumaq üçün siyasi rəqiblərinə və ABŞ vətəndaşlarına işgəncə verməkdə ittiham olunurlar.
İttihamnamədə deyilir ki, qanunsuz narkotik ticarəti ilə yanaşı, keçmiş Venesuela prezidenti və həyat yoldaşı siyasi rəqiblərinə işgəncə vermək üçün sui-qəsd törədiblər. ABŞ prokurorluğunun məlumatına görə, 2013-cü ildə Nikolas Maduro çevriliş hazırlamaqda şübhəli bilinən bir venesuelalı zabitin həbs olunmasını əmr edib. Dindirmə zamanı hərbi əks-kəşfiyyat şöbəsinin əməkdaşları hərbçiyə işgəncə veriblər.
Prokurorluq qeyd edib ki, 2022-ci ildə başqa bir iş baş verib: Venesuela sərhədində ABŞ vətəndaşı saxlanılıb və Nikolas Maduronu öldürmək üçün sui-qəsddə ittiham olunub. O, həmçinin hərbi əks-kəşfiyyat əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb.
Xatırladaq ki, bu ilin yanvar ayında ABŞ xüsusi təyinatlıları Nikolas Maduro və Siliya Floresi Venesuela paytaxtında həbs edərək Nyu-Yorka gətiriblər. Əvvəlcə onlara narkoterrorizm ittihamı irəli sürülüb. İşin mahiyyəti üzrə baxılması 2027-ci ilin yayında başlayacaq. Maduro ona qarşı irəli sürülən ittihamları rədd edir və məhkəmədən onları ləğv etməsini xahiş edir. Əgər təqsirli bilinərsə, ömürlük həbs cəzası ilə üzləşə bilər.