📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mahir Emrəlinin Bakıya qayıtmaqlığı haqda

2021-12-22 14:22:00

Mahir Emrəlinin Bakıya qayıtmaqlığı haqda

Azarkeş də inqilabçı xalq kimidir, liderini tribunaya çiynində qaldırdığı kimi, üzüaşağı buraxmağı da bilir...

Düz ik ay əvvəl Mahir Emreli “Legiya”ya yenicə gedəndə onun haqqında yazmışdım. İndi yenidən bu mövzuya qayıtmağım da səbəbsiz deyil. Düzdür, Mahirin Bakıya qayıtmaq xəbəri hələ heç nə demək deyil. Avropa klublarındakı legionerlər Yeni il tətilini evlərində keçirirlər və “Ailə hər şeydən öncə gəlir” deyə paylaşım edən gənc forvardın Bakıya qayıtmasında xüsusi məna axtarmaq tezdir. Amma qış tətili öncəsi Polşa liqasında sondan əvvəlki pilləni tutan “Legiya”da deyil, həm də Mahirini də işlərinin yaxşı getmədiyi artıq heç kimə sirr deyil...
Hələ illər öncə dostlardan biri məni Polşada firmasında işləməyə dəvət edəndən bu ölkə haqda yetərincə məlumat toplamışdım. Mənə cəlbedici ölkə kimi gəlmişdi. O zaman son anda viza məsələsində əngəl oldu, üstəlik orada da inqilabfason hakimiyyət dəyişikliyi baş verdiyi üçün Polşa elə arzu olaraq qaldı...

Mahirin niyə Polşanı, niyə “Legiya”nı seçdiyi bizim təftiş edəcəyimiz, qarışacağımız iş deyil. Kim səbəbkar olmuşdusa, əlbəttə ki, xoş niyyəti vardı. Mahirin məsələn, İtaliyaya getmək şansı olsaydı, inanmıramn ki, orada “Legiya”nın heyətindən daha yaxşı oyununu görə biləcəkdik, hər halda orada rəqabət daha ciddidir.

“Legiya”nın Avropa Liqasındakı bütün oyunlarına, əlbəttə ki, Mahirə görə baxdım. “Lester”lə ev, “Spartak”la isə rəqib meydanında oyunları ümid vermişdi. Amma bu klubun digər oyunları tam fiasko idi və bu oyunlara görə Mahiri günahlandırmaq olmaz. Ümumiyyətlə, “Legiya”nın oyununa baxdıqda, ötən sezonda klubun necə mükafatçılar sırasına düşdüyünə bir az da təəccüb edirsən. Möhtəşəm azarkeş dəstəyi var, amma klub o dəstəyin qarşısında o qədər zəif, baxımsız oyun ğöstərir ki...

Mahirə də ilk oyunlarda münasibət yaxşı olduğu görünürdü, bu bizi əlbəttə ki, sevindirirdi. Amma azarkeş də inqilabçı xalq kimidir, liderini tribunaya çiynində qaldırdığı kimi, zamanı gələndə üzüaşağı buraxmağı da bilir. Mahirlə azarkeşlər arasında olan xoşagəlməz hadisə, hətta ona xəsarət yetirilməsi haqda informasiyalar bu baxımdan üzücüdür. Bakıda olsa, boş verərik, amma yad ölkədə fərqi yoxdur kimdir, millətin bir adamının burnu qanayırsa, bu pisdir.

e22d089d802e.jpg (52 KB)

Polşa keçmişdə Sovetlər İttifaqına təkcə sərhədə görə deyil, həm də ideoloji baxımdan yaxın olub. Amma Polşa indi az qala milliyyətçi bir ölkədir. Azarkeşləri də davakardır. O səbəbdən Mahirin yerini “isitməmiş” azarkeşlərin qəzəbinə tuş gəlməsi təkcə yeni və gənc legionerə olan hirsdən doğmur, burada məncə, mütləq millətçilik izi də var. Bİz qonaqpərvər xalqıq, hər cür milli, dini ayrı-seçkilik bizə yaddır. Amma hamı bizim kimi deyil, hamıdan da bizim kimi olmalarını gözləməməliyik.

Mahirin klubda kiminsə yerinin dar etdiyi inandırıcı deyil, belə bir hal olsaydı, onu niyə transfer edib klubda qeyri-sağlam mühit yaratsınlar ki? Klubun ehtiyacı vardı ki, onu transfer etmişdilər. Mahirin “Legiya”da -baxdığım bir neçə oyuna görə deyirəm-xüsusi fərqlənə bilmədi, elə “Qarabağ”da necə oynayırdısa, Polşada da elə gördüm onu... Əlbəttə, “Qarabağ” hər cəhətdən “Legiya”dan üstün klubdur. Mahir ununtmamalıdır ki, Qurban Qurbanov kimi adam ustası və baş məşqçi hər yerdə rastına çıxmaya bilər. Mahirin bu sarıdan “Legiya”da bəxti gətirmədiynə təəssüflənməmək olmur. ”Legiya” baş məşqçisini dəyişdi, gənc, üstəlik legioner üçün bunun çətin olduğunu futbolçu olmadan da anlamaq mümkündür. Hər gələn baş məşqçi krossovkasından tutmuş az qala masajçıya qədər öz komandasını gətirməkdə maraqlı olur. Bu isə istər-istəməz klubda qeyri-stabillik yaradır. İllərlə stabil klubda, yaxşı mühitdə və ən əsası adam sərrafı olan Qurban Qurbanovun baş məşqçiliyində oynamış bir gənc üçün bu dəyişilikləri “həzm etmək” asan ola bilməz. Yad ölkə, yad dil, yad mentalitet, yad hava, yad azarkeş...Bunları aşmaq həm də güclü psixoloji hazırlıq, dözüm tələb edir.

mahir.jpg (37 KB)

Mahirin Polşa mətbuatına verdiyi müsahibələrdə top-5 ölkələrin klubunda oynamaq istəyindən danışmışdı. İddialı olmaq əlbəttə ki, yaxşıdır. Amma gərək burda bir “bismillah” edəsən ki, səni necə deyərlər “oralarda da görsünlər, bəyənsinlər”. Ötən yazımda da qeyd etmişdim ki, Mahir məsələn, Renat Dadaşovdan fərqli olaraq bizə bir “köynək yaxındır”, millətin içində böyüyüb, “Qarabağ” da zəhməti olub. Yazımdan sitat gətirmək məcburam, çünki bu günümüzlə səsləşir: “Mahir isə əgər adı kimi usta oyunçu olmaq, uğur qazanmaq istəyirsə, gərək ümumiyyətlə, mediadan uzaq dursun, müsahibələrinin sayını azaltsın, xüsusi diqqətə yox, özünə, oyununa xüsusi diqqət yetirsin. Uğur formulunun kimin tərif, kimin tənqid yazması ilə əlaqəsi yoxdur. Baxıram ki, yazırlar “Mahiri filan klub istəyir, filan klubun selekçiyaçıları maraqlanırlar”. Birini işindən, inkişafdan dayandırmaq istəyirsənsə, onu təriflə... Futbolçu isə məsələn, jurnalist deyil. O, birbaşa həmin sevginin də, sayğının da, hətta nifrətin də içərisindədir. Azarkeşləri deyirəm- qiymət verən onlardır, qol vurmayanda qəzəblənən, qol vuranda az qala ürəyini də sənə vermək istəyən azarkeşi... Sənin qiymətini onlar verirlər, kənardan kim nə yazır, nə rəng piar aparır, bunları boş verməlisən...”

c6bf12faae81.jpg (96 KB)

İndi də o fikirdəyəm ki, Mahir Bakıda həm dincələcək, həm də yəqin ki, son qərarını verəcək. “Legiya” düşərgəsindən Mahirlə müqavilənin pozulması haqda heç bir məlumat yoxdur. Hər halda, qərar verən Mahirdir. Mahir usta oyunçu olmaq, arzularının arxasınca deyil, uğurlarının arxasınca getməsini istəyirsə, hansı ölkədə oynamasından asılı olmayaraq üzərində işləməlidir...

Dəstəyimiz sənədir, Mahir, həvəsdən düşmə!