“Makeyin ölümü intihar idi...” - Belarus XİN başçısının ölümü ilə bağlı maraqlı iddialar
“Belarusun Xarici İşlər naziri Vladimir Makeyin ötən ilin noyabrında ölümünə səbəb intihar etməsidir”.
Hurriyyet.az xəbər verir ki, bu məlumatı Bealrusun müxalif "Наша Ніва" nəşri özünün Belarus hakimiyyəti və səhiyyə sistemindəki mənbələrinə istinadla yayımlayıb.
Xəbərdə deyilir ki, sözügedən nəşr bu məlumatı 4 mənbə ilə dəqiqləşdirib və məhz intihar səbəbindən Belarusun rəsmi “Belta” agentliyi ötən ilin 26 noyabrında nazirin ölümü ilə bağlı heç bir rəsmi versiya yayımlamayıb.
Qeyd olunur ki, Makey kifayət qədər emosiyalarına bağlı şəxs idi və onun intiharı şəxsi məsələlər də daxil olmaqla, bir neçə səbəblə bağlıdır. Lakin "Наша Ніва" nəşri intiharın əsas səbəbini “etik normalardan çıxış edərək” açıqlamaq istəmədiyini yazıb.
Xəbərdə deyilir ki, son illər nazirin həyatı “həm siyasi, həm də şəxsi dramlar” ilə zəngin olub: “Dostları deyirlər ki, o, yürütdüyü kursun uğursuzluğunu çox ağrılı şəkildə yaşayırdı və çox zaman özünü lazımsız, hətta yersiz hiss edirdi”.
Qeyd olunur ki, Makey intiharından əvvəl Lukaşenkonun onun yerinə namizəd axtardığına dair xəbərlər alıb: “Ona qarşı diqqət azalmışdı və o, başa düşürdü ki, əvvəlki yüksək mövqeyi sona çatır”.
Xəbərdə qeyd olunur ki, Makeyin öz ailəsində də ciddi problemləri olub. Lakin bu problemlər açıqalnmır. Nəşr həmçinin bildirir ki, Makeyin guya qətlə yetirildiyi barədə iddialar həqiqəti əks etdirmir.
Azpolitika.info