📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makron böhran vaxtı arvadı ilə konsertə getdi

2026-10-18 18:34:31

Makron böhran vaxtı arvadı ilə konsertə getdi

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit cümə günü kanadalı müğənni Selin Dionun konsertinə qatılıblar.

Modern.az xarici mediaya istinadla bildirir ki, oktyabrın 16-da keçirilən konsert Kvebekdən olan müğənninin turnesi çərçivəsində çıxışı olub. Ertəsi gün isə Fransada qiymət artımına qarşı kütləvi etirazlar başlayıb və bir sıra şəhərlərdə iğtişaşlara çevrilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Fransanın birinci xanımının mahnılara qoşularaq oxuduğu, rəqs etdiyi və əl çaldığı görünür. O, yanında dayanan həyat yoldaşı ilə də söhbət edir.

Şənbə günü keçirilən etirazlar polis ilə toqquşmalar, mağazaların dağıdılması və vandalizm halları ilə müşayiət olunub. Radikal əhval-ruhiyyəli gənclər mağazalara ziyan vurub, avtobus dayanacaqlarını və avtomobilləri yandırıblar.

Hüquq-mühafizə orqanları etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan, səs qumbaralarından və su şırnaqlarından istifadə edib.

Fransanın Baş naziri Sebastyen Lekornünün sözlərinə görə, hadisələr zamanı 1 200 nəfər saxlanılıb, 150 hüquq-mühafizə əməkdaşı xəsarət alıb.

Rəsmi məlumatlara əsasən, nümayişlərdə ümumilikdə 550 min nəfər iştirak edib. Onlardan 110 mini Parisdə küçələrə çıxıb.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında da Emmanuel Makron etirazlar fonunda ictimai tədbirlərdə iştirakı ilə əlaqədar tənqidlərə məruz qalmışdı. Həmin vaxt müxalifət nümayəndələri prezidentin vətəndaşların problemlərindən uzaq olduğunu iddia edirdilər.

İqtisadi çətinliklər fonunda Makronun reytinqi də ən aşağı səviyyələrə enib. Sosioloqlar bunu qiymət artımından yaranan narazılıqla əlaqələndiriblər.