Makron Consonu “kloun” adlandırıb: “Həmişə eyni sirk təkrarlanır”
İngiltərə mətbuatı isə Makronu “Tənəkə Napoleon” adlandırmışdı
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Boris Consonu “kloun” adlandırıb, onun gördüyü işləri isə sirklə müqayisə edib. Bu barədə məlumatı “Skay Nyus” (Sky News) kanalı Fransanın “Kanar Anşene” (Canard Enchaine) satirik həftəliyinə istinadən yayıb.
Nəşrin yazdığına görə, Makron bu sözləri 24-25 noyabr tarixlərində Xorvatiyada səfərdə olarkən söyləyib. Telekanal xatırladıb ki, Makronun səfərinin başlanmasından bir neçə saat əvvəl Pa-de-Kale boğazında miqrantlarla dolu qayığın aşması nəticəsində 27 nəfər həlak olmuşdu. Britaniyanın Baş nazirinin mətbuat xidmətinin 24 noyabr tarixli açıqlamasında Conson ilə Makronun miqrantların La-Manş vasitəsi ilə qeyri-qanuni keçidini dayandırmaq üçün əllərindən gələn hər şeyi edəcəkləri barədə razılaşdıqlarını xəbər verilmişdi.
Telekanalın satirik həftəlikdən gətirdiyi sitatda Makronun belə dediyi bildirilir: “Biz ciddi söhbətlər aparırıq. Lakin o, (Conson) həm bu söhbətə kimi, həm də ondan sonra mənə xoş təsir bağışlamır. Həmişə eyni sirk təkrarlanır. Belə böyük ölkəyə... klounun rəhbərlik elədiyini görmək kədərlidir...”
Xəbər verdiyimiz kimi, La-Manş sularında miqrantların həlak olmasından sonra iki ölkə arasında yaranan gərginlik fonunda İngiltərə mətbuatı Makronu “Tənəkə Napoleon” adlandırmışdı. https://hurriyyet.az/az/post/ingiltere-fransa-bohrani---makronu-teneke-napoleon-adlandirdilar-353015
Hürr Tərcüman