📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Makron Fransada yeni etiraz dalğasından qorxur: Təcili müşavirə çağırdı

2026-10-22 17:18:53

Makron Fransada yeni etiraz dalğasından qorxur: Təcili müşavirə çağırdı

Fransa prezidenti Emmanuel Makron oktyabrın 17-də baş verən iğtişaşlardan sonra təhlükəsizlik tədbirlərini gücləndirmək üçün təcili müşavirə keçirəcək.

Hurriyyet.net  BFMTV telekanalına istinadən xəbər verir ki, müşavirədə baş nazir Sebastyan Lekornü, daxili kəşfiyyat xidmətlərinin nümayəndələri və aidiyyəti nazirlər iştirak edəcəklər.

Görüşdə oktyabrın 17-də baş verən iğtişaşlarla bağlı prezidentə ətraflı məruzə təqdim olunacaq. Həmçinin kəşfiyyat, mümkün təhdidlərin proqnozlaşdırılması və təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər müəyyənləşdiriləcək. Bu tədbirlərin oktyabrın 24-nə planlaşdırılan yeni etirazlara qədər və qarşıdakı həftələrdə həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bundan əvvəl hüquq-mühafizə orqanlarının iğtişaşlara hazır olmaması ilə bağlı daxili kəşfiyyat xidmətlərinə tənqidlər yönəldilmişdi.

Oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi aksiyalar keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min, Daxili İşlər Nazirliyinin məlumatına əsasən isə 550 min nəfər iştirak edib. Bu göstərici güc strukturlarının analitiklərinin proqnozlarını iki dəfə üstələyib.

Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Daxili işlər naziri Loran Nünes dağıntı və talanlarda iştirak edən şəxslərin hamısının məsuliyyətə cəlb olunacağını bildirib.