Makrondan Moskvaya SƏRT İTTİHAM: "Rusiya energetika atəşkəsinə ƏMƏL ETMİR"
Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukrayna ilə energetika sahəsində əldə olunan atəşkəs razılaşmasına riayət etmədiyini bəyan edib.
Hurriyyet.net xəbər verir ki, Fransa lideri tərəflər arasında real və dayanıqlı atəşkəs rejiminin bərqərar olunmayacağı təqdirdə energetika məsələlərinin müzakirəsinə qayıtmağın qeyri-mümkün olduğunu bildirib.
Makron öz bəyanatında vurğulayıb: "Son 48 saat ərzində Rusiya tərəfindən hər hansı energetika atəşkəsinin olduğuna dair heç bir əlamət görməmişəm. Hamımız bu məsələyə son dərəcə ciddi yanaşmalıyıq. Bu gün mövcud mövqeyimizi dəyişdirmək üçün əlimizdə heç bir faktiki əsas yoxdur".
Fransa dövlət başçısı əlavə edib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın həm mülki əhalisinə, həm də kritik energetika infrastrukturuna zərbələr endirməkdə davam edir. Bu səbəbdən Paris və müttəfiqləri Ukraynaya dəstək siyasətini sabit saxlayacaqlar.