📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Manaf Ağayev niyə həbs edilməlidir?

2022-02-21 13:31:00

Manaf Ağayev niyə həbs edilməlidir?

Manaf Ağayevin işğaldan azad edilən Füzuliyə icazəsiz getməsinə görə 15 sutka inzibati qaydada həbs edilməsi ədalətlidirmi?

Əvvəla, Azərbaycan öz torpaqlarını artıq 1 il 3 aydan artıqdır ki, işğaldan azad edib, Şuşa və Ağdama avtobus reysləri də təşkil edilir, Füzulidə beynəlxalq hava limanı tikilib. Müəyyən məhdudiyyətlər tətbiq etməklə, tədricən işğaldan azad edilən əraziləri gediş-gəliş niyə bərpa olunmamalıdır?

Məsələn, elə Füzuli Beynəlxalq Hava Limanına insanların şəxsi avtomobili ilə getməsinə niyə qadağa tətbiq edilməlidir?

Minalardan təmizlənən ərazilərə insanların gedib-gəlməsinə şərait yaradılmalıdır. İllərlə bu günü gözləyən və şükürlər olsun ki, “məcburi köçkün” adından xilas olan insanlarımız var. Minalardan təmizlənmiş ərazilərdə müəyyən qadağa nişanları qoymaqla gediş-gəlişə icazə verilməsi çox yaxşı olar.

Tikinti-quruculuq işləri gedir, ancaq torpaq onu sevənlərin nəfəsini də duymalıdır. Bu qadağa nə qədər davam edəcək?

İkincisi, olsun ki, dövlətimiz insanlarımızı qorumaq, onların minaya düşüb tələf olmasının qarşısını almaq üçün sərt tədbirlər və qadağalar tətbiq edir. Buna da anlayışla yanaşmaq olar. Ancaq, məsələn, o ərazilərə icazəsiz gedən insan niyə həbs edilməlidir?

Ümumiyyətlə, karantini pozan, müəyyən məsuliyyətsizlik edən insanların həbs təcrübəsindən imtina edilməlidir. Həbs, insanın cəmiyyətdən təcridinin hüquqi, psixoloji, sosial mahiyyəti odur ki, bu şəxs cəmiyyətə təhlükə törədir, onun azadlıqda qalması ətraf üçün təhdid yaradır. Onda həmin şəxsin həbsinə qərar verilir.

Əgər insan ətrafı üçün heç bir təhlükə yaratmırsa və etdiyi qanunsuzluq sırf məsuliyyətsizliyindən doğubsa, onun həbslə guya “tərbiyələndiyi” və digərlərinə görk olacağı barədə təsəvvürlərdən imtina edilməlidir.

Xatırlayırsınızsa, AMEA-nın artıq istefa vermiş prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev pandemiya qaydalarını pozaraq, övladına toy etdiyi üçün həbsə məhkum edilmişdi. Kimə lazımdır bu həbslər?

Hər bir halda onların həbsi nə cəmiyyətə bir ismarışdır, nə də dövlət bundan hansısa divident götürür. Ən yaxşı yol məsuliyyətsizliyə görə qanunsuzluq edən şəxsə külli miqdarda cərimə tətbiqidir.

Məsələn, inanıram ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev nəinki 15 gün, hətta bir həftə inzibati həbs yatmamaq üçün bir neçə onmin manat cərimə verməyə hazır idi. Elə Manaf Ağayevin də bunun üçün imkanları var.

Daha yaxşı olmazdımı ki, bu tip adamlar külli miqdarda cərimə edilsin və onlardan alınan vəsait həmin ərazilərin, məsələn, minadan təmizlənməsinə yönəldilsin?

Axar.az