Maşallah Əhmədov MƏHKƏMƏDƏ
Azərbaycanın veteran futbolçusu Maşallah Əhmədov İmişli rayonunun həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin məhkəməsində şahid qismində iştirak edib.
Keçmiş hücumçunun növbəti prosesdə ifadə verməsi nəzərdə tutulur. Proses fevralın 7-də gerçəkləşəcək.
Qeyd edək ki, Maşallah Əhmədov Binəqədi rayon polisinə edilmiş şikayət ərizələri əsasında 350 min manatı mənimsəmə iddiası ilə 2015-ci il dekabrın 14-də həbs olunub. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Lakin M.Əhmədovun vəkilinin apellyasiya şikayəti əsasında onun cəzası 2017-ci il iyulun 24-də səkkiz ildən iki ilə endirilib. Həmin il oktyabrın 7-də isə cəzasını başa vuraraq azadlığa çıxıb.
Veteran futbolçu daha əvvəl verdiyi müsahibədə Vilyam Hacıyevin ona 400 000 manat borclu olduğunu bildirib. \\Sportnet.az