📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Masallı polisi cinayəti etiraf edən oğruları niyə həbs etmir? - DİN AÇIQLAMA VERDİ

2022-05-19 12:16:00

Masallı polisi cinayəti etiraf edən oğruları niyə həbs etmir? - DİN AÇIQLAMA VERDİ

Masallı rayon Qəriblər kəndi sakini Cəbiyev Əlisafa Cankişi oğlu "Hürriyyət"ə müraciət edərək, 2020-ci il 26 may tarixində evinə daxil olan oğruların hələ də azadlıqda olduğunu bildirib. Bu azmış kimi evə daxil olan oğrular ev sahibinə lom vasitəsilə ağır xəsarətlər yetirib. Hazırda həyat yoldaşıyla Rusiyada yaşayan 66 yaşlı şikayətçinin sözlərinə görə, Masallı rayon polis şöbəsi oğurluğu etiraf edən şəxsləri həbs etmir.

Əlisafa Cəbiyev həyatı təhlükədə olduğu üçün ölkəni tərk etmək məcburiyyətində qalıb. O məsələ ilə bağlı Prezident İlham Əliyevə, Daxili İşlər Nazirinə və Respublika baş prokuroruna müraciət edib.

Vətəndaşın şikayətini daha ətraflı qeyd etdiyimiz linkdən oxuya bilərsiniz: (https://hurriyyet.az/az/post/cinayeti-etiraf-eden-ogrular-hebs-edilmedi---masalli-polisi-ogrularla-elbir-oldu-368141)

Məsələylə bağlı Daxili İşlər nazirliyi ilə əlaqə saxladıq. Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional qrupunun baş inspektoru Məhəmməd Rzayev "Hürriyyət"ə bildirib ki, hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir:

"Həmin faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Lakin təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından cinayət işinin icraatı dayandırılıb. Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir".

Qeyd: Bu hadisənin baş verməsi çox utancvericidir. Cinayəti etiraf edən şəxslərin həbs edilməməsi və bu günə kimi azadlıqda gəzməsi birbaşa Azərbaycan Azərbaycan qanunvericiliyinə, Konstitusiyasına tüpürmək deməkdir. Digər tərəfdən cinayəti etiraf edən oğruların hələ də rahat gəzməsi zərərçəkmiş şəxsin həyatını da birbaşa təhlükə altında qoyur. Zərərçəkmiş ailənin həyatı təhlükə altında olduğu üçün ölkəni tərk etmək məcburiyyətində qalıblar. Ümid edirik ki, bu işdə əli olan şəxslər, eyni zamanda cinayəti etiraf edən oğruların buraxılmasında iştirak edən Masallı rayon polis əməkdaşları məsuliyyətə cəlb ediləcəkdir. Ötən yazımızda qeyd etiyimiz kimi hadisə ilə bağlı 3 nəfər şəxs cinayəti etiraf edib. Görünür ki, həmin şəxslər nəyinsə müqabilində həbs edilməyib. Ümid edirik ki, cənab nazir Vilayət Eyvazov baş vermiş utancverici hadisəni birbaşa nəzarətinə götürəcək, eyni zamanda Azərbaycan polisinin adına ləkə gətirəcək addımlar atan əməkdaşları işdən azad edilməsi ilə bağlı göstəriş verəcək.

 

YƏHYA