📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Masallıda şəhid ailələrinə qayğı - FOTO

2023-12-18 19:23:19

Masallıda şəhid ailələrinə qayğı - FOTO

Masallı rayonunda bir qayda olaraq  şəhid ailələrinin qayğı və problemlərini öyrənib lazımi səviyyədə onlara mənəvi, maddi cəhətdən kömək göstərmək  rayon rəhbərliyinin  qarşısında duran  əsas məsələdir.  Bu günlərdə  icra hakimiyyətinin inzibati  binasında şəhid ailələri ilə təşkil edilən görüşdə məhz bundan irəli gəlirdi.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı  Araz Əhmədovun,  müavinlərin, şöbə müdirlərin, hüquq-mühafizə orqan rəhbərlərinin və jurnalistlərin iştirak etdiyi görüş  Vətən  torpaqlarının azadlığı naminə  can qoyan   şəhid övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanıb.

Görüşün açılış nitqində dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışan Araz Əhmədov   onu da bildirib  ki, 44 günlük  haqq savaşımız  Azərbaycan xalqının şanlı zəfər tarixidir.  Birinci  Qarabağ və Vətən müharibəsində qəhrəmanlıq göstərərək, qanı bahasına  tarix yazan igid Vətən övladlarının  adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq,  əziz xatirələri hər zaman ehtiramla yad ediləcək.

Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev isə  çıxışında deyib:-  Masallı rayonu üzrə  Birinci Qarabağ savaşında  186 şəhid, 188 müharibə əlili və 620 müharibə iştirakçısı, Vətən müharibəsində 62 şəhid, 70 müharibə əlili və 1364 müharibə iştirakçısı, 19 sentyabr 2023-cü il tarixdə cəmi 23 saat çəkən antiterror əməliyyatları zamanı  8 şəhid və 12 yaralı vardır.  23 saatlıq möhtəşəm qələbəmiz   zamanı yaralanmış 12 hərbi qulluqçu həm müalicə aldıqları tibb müəssisəsində, həm də yaşadıqları ünvanda ziyarət edilərək onlara maddi yardım göstərilib. Rayon rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Prezidentinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələrinin mənzil, eyni zamanda fərdi yaşayış evi ilə təmin olunması barədə  rəsmi və şifahi müraciətlər edilib. 42 şəhid ailəsi və müharibə əlillərinin mənzil növbəsi rayon qeydiyyatından çıxarılaraq sənədləri aidiyyəti üzrə qeydiyyata alındıqları RİH-ə göndərilmiş, onların bəziləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunub.

Görüşdə iştirak edən şəhidlərin valideynləri övladlarının keçdikləri  şərəfli döyüş yolundan söz açaraq, onlarla bağlı xatirələrini bölüşməklə bərabər,  göstərilən diqqət və qayğıya görə ölkə başçısı  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıq edib,  həmçinin  bir sıra problemin həlli ilə bağlı arzu və təkliflərini bildiriblər.

İcra başçısı görüşdə iştirak edənləri  ətraflı dinləyib, qaldırılan  məsələlərin tezliklə həllini  aidiyyəti adamlara tapşırıb.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü