📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Matevosyandan Azərbaycanla bağlı növbəti iddia

2026-10-17 11:39:18

Matevosyandan Azərbaycanla bağlı növbəti iddia

Ermənistanın Azərbaycan qazını almaq perspektivi bu ölkədə bəzi siyasi dairələrin narahatlığına səbəb olub. Politoloq Beniamin Matevosyan iqtisadi əməkdaşlıq məsələsini ərazi güzəştləri və azərbaycanlıların Ermənistana qayıdışı ilə əlaqələndirən iddialar səsləndirib.

Hurriyyet.net  xəbər verir ki, Matevosyan Ermənistan hakimiyyətinin Azərbaycandan təbii qaz almaq niyyətini “iqtisadi intihar” adlandırıb.

Erməni politoloq iddia edib ki, Azərbaycan özü Rusiyadan qaz alışını bərpa etməyi planlaşdırdığı halda, Ermənistanın Bakıdan qaz alması iqtisadi baxımdan məqsədəuyğun deyil. O, Ukraynanın 2015-ci ildə Rusiyadan birbaşa qaz alışını dayandırmasından sonra Slovakiya, Macarıstan və Polşa vasitəsilə qaz idxal etməsini misal göstərərək bunu Qərbdən asılılıq kimi təqdim edib.

Lakin Matevosyan bununla kifayətlənməyərək Azərbaycanla mümkün enerji əməkdaşlığına siyasi və etnik məzmun verməyə çalışıb.

Onun iddiasına görə, Bakı Ermənistana qaz satışını ərazi güzəştləri, minlərlə azərbaycanlının bu ölkəyə köçməsi və onlarla, hətta yüzlərlə məscidin tikilməsi ilə əlaqələndirəcək.

“Qərbi Azərbaycan layihəsi məhz bununla bağlıdır”, – deyə erməni politoloq bildirib.

Qeyd edək ki, Matevosyan bu iddialarını təsdiqləyən hər hansı konkret fakt və ya rəsmi sənəd təqdim etməyib. Azərbaycan qazının Ermənistana mümkün satışının belə şərtlərlə əlaqələndirildiyinə dair də məlumat yoxdur.

Beləliklə, Matevosyanın açıqlaması Azərbaycanla Ermənistan arasında mümkün iqtisadi yaxınlaşmanın bəzi erməni siyasi dairələrində hələ də demoqrafik və dini qorxu arqumentləri ilə qarşılandığını göstərir.