Mehdi Hüseynzadə haradadır? - Hərbi prokurorun sabiq müavini aylardır ki, işsiz qalıb
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda baş verən kadr dəyişiklikləri ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb.
Hurriyyet.net Gununsesi.info–ya istinadla xəbər verir ki, Hərbi prokurorun sabiq müavinlərindən Mehdi Hüseynzadə 14 iyul 2025-ci il tarixdə tutduğu vəzifədən azad edilib. Lakin ondan fərqli olaraq, sonrakı tarixlərdə vəzifələrindən azad edilən digər iki müavinin qısa müddətdə yeni vəzifələrə təyin olunması Mehdi Hüseynzadənin hazırkı statusu ilə bağlı suallar yaradıb.
Belə ki, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev vəzifəsindən azad edildikdən sonra onun müavinləri ilə bağlı da kadr dəyişiklikləri həyata keçirilib.
Əvvəlcə 14 iyul 2025-ci ildə Mehdi Hüseynzadə, daha sonra 19 sentyabr 2025-ci ildə Fuad Məmmədov, 2 fevral 2026-cı ildə isə Şəfahət İmranov vəzifələrindən azad ediliblər.
Lakin sonrakı təyinatlar arasında nəzərəçarpan fərq var. Baş prokurorun 2 fevral 2026-cı il tarixli əmrləri ilə Şəfahət İmranov Abşeron rayon prokuroru, Fuad Məmmədov isə Tərtər rayon prokuroru vəzifəsinə təyin edilib.
Keçmiş müavinlərdən Mehdi Hüseynzadənin isə indiyədək hər hansı yeni vəzifəyə təyin olunmaması suala səbəb olub.
Məsələnin diqqətçəkən tərəfi də mövcud qanunvericiliyin tələbləri ilə bağlıdır.
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci və 26-cı maddələrinin tələblərinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda vəzifəsindən azad edilərək prokurorluğun sərəncamına götürülmüş əməkdaşın sərəncamda saxlanılması müddəti üç aydan artıq ola bilməz.
Bu müddət başa çatanadək prokurorluq orqanlarından xaric edilmək üçün qanuni əsaslar olmadıqda, həmin əməkdaşın prokurorluq orqanlarında müvafiq vəzifəyə təyin edilməsi məsələsi həll olunmalıdır.
Belə olan halda, 14 iyul 2025-ci ildə vəzifəsindən azad edilən Mehdi Hüseynzadənin artıq 1 il 4 aydır prokurorluğun sərəncamında saxlanılması barədə məlumat ciddi hüquqi suallar doğurur.
Xüsusilə də ondan iki ay sonra vəzifəsindən azad edilən Fuad Məmmədovun dörd ay ərzində, Şəfahət İmranovun isə vəzifəsindən azad edildiyi gün yeni təyinat alması fonunda Mehdi Hüseynzadə ilə bağlı fərqli yanaşmanın səbəbləri aydınlaşdırılmalıdır.
Gununsesi.info Mehdi Hüseynzadənin özünün məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışıb.
Lakin hərbi prokurorun sabiq müavini bu barədə sualımızı eşidən kimi telefonun dəstəyini asıb.
Mövzu ilə bağlı Baş Prokurorluğun mövqeyini öyrənməyə çalışacağıq.