MEHDİYEVLƏRİN BOKT-u DA LƏĞV EDİLDİ - Mərkəzi Bankdan sərt addım
Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarında tənzimləmə və nəzarət tədbirlərini sərtləşdirməkdə davam edir. Baş bankın İdarə Heyətinin oktyabrın 1-də qəbul etdiyi yeni qərarla ölkədə fəaliyyət göstərən daha iki Bank Olmayan Kredit Təşkilatının (BOKT) lisenziyası ləğv olunub.
Hurriyyet.net xəbər verir ki, söhbət “Fintrend” BOKT MMC və “T-Kredit” BOKT MMC-dən gedir.
Mərkəzi Bankın rəsmi açıqlamasına görə, hər iki qurum üzrə qəbul edilən qərarların hüquqi əsasları və fəaliyyət xarakterləri fərqlidir:
“Fintrend” BOKT MMC: Təşkilatın 5 iyun 2014-cü il tarixli, BKT-24 nömrəli lisenziyası prudensial normativlərə, tənzimləyici tələblərə və “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun müvafiq bəndlərinə riayət edilməməsinə görə AMB-nin öz təşəbbüsü ilə ləğv edilib. Onlayn micro-kredit (əsasən girovsuz və zəmanətsiz kiçikhəcmli istehlak kreditləri) sahəsində fəaliyyət göstərən bu qurumun lisenziyasının ləğvi, Mərkəzi Bankın son dövrlər yüksək faizli və riskli mikrokreditləşməyə qarşı həyata keçirdiyi sərt nəzarət siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.
“T-Kredit” BOKT MMC: Keçmiş “Bank BTB” ASC-nin bazasında yaradılan bu təşkilatın 28 iyul 2026-cı il tarixli, BKT-51 nömrəli lisenziyası isə qurumun öz könüllü müraciəti əsasında ləğv olunub. Xatırladaq ki, “Bank BTB” bank lisenziyasından imtina edərək BOKT-a çevrilmiş və cəmi iki ay əvvəl lisenziya almışdı. Təşkilatın qısa müddətdə fəaliyyətini tam yekunlaşdırmaq qərarına gəlməsi, bank dövründən qalan problemli aktivlərin idarə edilməsi və BOKT modelində fəaliyyətin rentabelliliyinin aşağı olması ilə əlaqələndirilir.
Xatırladaq ki, “Bank BTB” ASC (və sonradan onun bazasında yaradılan “T-Kredit” BOKT) Ramiz Mehdiyevin ailəsinin nəzarətində olub.
Bankın nizamnamə kapitalındakı səhmlərin böyük hissəsi (74.98% – 76.7%-i) Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevaya (Fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyevin həyat yoldaşı) məxsus olub. Qalan səhmlər isə Nigar Mehdiyevanın qardaşı Rza Sadıq (Sadiq İsmayıl) və Tükəzban Mahmudova arasında bölüşdürülmüşdü.
Ölkə mətbuatı və iqtisadçılar tərəfindən "Bank BTB" illər boyu Mehdiyevlər ailəsinin əsas finans/biznes dayaqlarından biri kimi dəyərləndirilib. Bank lisenziyasından imtina edib BOKT-a çevrilməsi və ardınca fəaliyyətini tam dayandırması da məhz bu mülkiyyət mənsubiyyəti və yenilənən tənzimləmə şərtləri ilə əlaqələndirilir.
Qanunvericiliyə əsasən, lisenziyanın ləğv edilməsi haqqında qərar qüvvəyə mindiyi gündən hər iki BOKT kredit vermək və digər maliyyə əməliyyatları aparmaq fəaliyyətini dayandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, hər iki qurum üzrə Ləğvetmə Komissiyaları yaradılacaq.
Sözügedən qərarlardan sonra Azərbaycanda fəaliyyət göstərən Bank Olmayan Kredit Təşkilatlarının sayı 51-ə düşüb.
Mərkəzi Bankdan verilən məlumata görə, lisenziyaların ləğv olunması bu təşkilatlardan kredit götürmüş şəxslərin borc öhdəliklərini aradan qaldırmır. Borclular müqavilə şərtlərinə və Ləğvetmə Komissiyasının təyin edəcəyi yeni rekvizitlərə uyğun olaraq ödənişlərini həyata keçirməyə devam etməlidirlər.