📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Məhəmməd Əmin Rəsulzadə öz toplumunun ən azı bir əsr önündə gedib" - ŞAHİN CƏFƏRLİ

2024-02-01 11:40:27

"Rəsulzadə və digər qurucular sayəsində tariximizdə bu gün də istinad etdiyimiz demokratik cümhuriyyət modelimiz, ənənəmiz var, bu torpaqlara o toxum atılıb və mütləq yenə, yenidən, daha dayanıqlı halda cücərib, bar verəcək"

"Qərbi Avropa tipli respublika, çoxpartiyalı parlamentar sistem, plüralist demokratiya bu gün belə, bizim üçün əlçatmaz görünən dəyərlərdir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.

Siyasi şərhçinin fikrincə, cəhalətin, mövhumatın hökm sürdüyü qaranlıq bir dövrdə bu dəyərlər əsasında sıfırdan bir dövlət və toplum inşa etməyə çalışmaq o dövrün reallıqlarına zidd bir xəyalpərəstlik idi: "Lakin hər şey xəyal etməklə başlayır. "Biz buna hazır deyilik; hələ xalq yetişməyib; reallıqlar başqadır" düşüncəsi tarix boyu bütün insanlığın zehninə hakim kəsilsəydi, hər kəs onu əhatə edən gerçəkliklə barışıb otursaydı, bəşəriyyət bu inkişaf yolunu keçə bilməzdi. Dünyanı məhz barışmayan, qəbul etməyən, xəyal qura bilən insanlar dəyişdirib. Onlar bir dövrü qapadıb, yeni bir dövr açıblar. Bəlkə kimlərəsə şişirtmə kimi görünə bilər, mən Rəsulzadəni də bu tip persona hesab edirəm".

Şahin Cəfərlinin sözlərinə görə, yazılarını, çıxışlarını oxuyanda asanlıqla anlamaq mümkün olur ki, Məhəmməd Əmin Rəsulzadə öz toplumunun ən azı bir əsr önündə gedib: "Beynində formalaşdırdığı utopiyanı həyata keçirməyə çalışıb və qısa müddət də sürsə, müvəffəq olub. Hər nə qədər bolşeviklər bunu yox edib, öz distopiyalarını bərqərar etsələr də, Rəsulzadə və digər qurucular sayəsində tariximizdə bu gün də istinad etdiyimiz demokratik cümhuriyyət modelimiz və ənənəmiz var. Bu torpaqlara o toxum atılıb və mütləq yenə, yenidən, daha dayanıqlı halda cücərib, bar verəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az