Məhkəmə qurulacaq! Fransa dövləti İŞİD ilə əməkdaşlığa göz yumub
Fransanın sement şirkəti terrorçuların yeraltı sığınacaqlarının tikintisində iştirak edib
Hurriyyet.az xəbər verir ki, Fransa Ali Məhkəməsi sement sahəsində nəhəng firmalardan olan “Lafarj” şirkətini terrorçularla əməkdaşlıqda ittiham edib. “Lafarj” İŞİD terrorçularını maliyyələşdirməklə bəşəriyyətə qarşı cinayətlərə ortaq olmaqda ittiham edilir.
“Lafarj” şirkətinin İŞİD ilə əlaqəsindən Fransanın daxili, xarici və hərbi kəşfiyyat xidmətlərinin daim xəbərdar olduğu və bu əlaqə barəsində Fransa dövlətinin də məlumatlı olduğu barəsində sənədlər bu gün dünya mətbuatına yayılıb.
“Lafarj”ın təhlükəsizlik xidmətinin müdiri Veliard ilə Fransanın Daxili İşlər Nazirliyi kəşfiyyatı arasındakı elektron poçt yazışmasında 2014-cü il sentyabrın 1-də İŞİD-ə sement göndərilməsi məsələsindən danışılıb.
Fransa kəşfiyyatının yazışmada istifadə elədiyi “İŞİD-ə göndərilən sementlə bağlı daha çox məlumat verə bilərsinizmi?” ifadəsi “Lafarj”ın həmin dövrdə terror təşkilatı ilə əlaqəsindən Fransa dövlətinin xəbərdar olduğunu açıq şəkildə göstərir.
“Anadolu Agentliyi”nin əldə elədiyi sənədlərdə “Lafarj” ilə Fransanın daxili, xarici və hərbi kəşfiyyat xidmətləri arasında yalnız 2013 və 2014-cü illərdə 30-dan artıq yazışma olduğu diqqəti cəlb edir.
İŞİD-in ona göndərilən sementlərdən istifadə eləməklə ABŞ-ınlideri olduğu koalisiya qüvvələrinə qarşı güclü sığınacaqlar və tunellər inşa elədiyi bildirilir.