Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan şəxsə bəraət verilib.
Hurriyyet.net məlumatına görə, bu cinayət işini məhkəmənin sədri, hakim İsmayıl Xəlilov araşdırıb.
İş üzrə iki nəfər - Mircəmil Məmmədov və tanışı Şakir Əmirov mühakimə edilib.
M.Məmmədov yalnız zərərçəkmiş “Azhur Holding” MMC-yə məxsus 180 min manatın dələduzluq yolu ilə ələ keçirilməsi epizodu üzrə ittiham olunub. İttiham aktındakı digər epizodlarda isə onun adı çəkilməyib.
Amma o, ilk gündən ittihamı qəbul etməyib, cinayətlə əlaqəsinin olmadığını bəyan edib. Vəkili Ruzi Səmədov da məhkəmə istintaqı boyu müvəkkilinin təqsirsizliyini təsdiq edən dəlil və sübutlarla çıxış edib, yekunda bəraət hökmü çıxarılmasını xahiş edib.
Fotoda: vəkil Ruzi Səmədov
.jpg)
Prokuror son çıxışında müttəhimlərin ikisini də təqsirli bilib, qanunauyğun cəzalandırılmasını tələb etsə də, hakimlər bununla tam razılaşmayıb.
Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən Mircəmil Məmmədovun həqiqətən də hazırkı cinayətlə əlaqəsi yoxdur, ona qarşı irəli sürülmüş ittihamlar əsaslı deyil.
Hökmə əsasən, bu günə qədər polis nəzarətində olan M.Məmmədova bəraət verilib. Ona bəraət alması ilə əlaqədar gələcəkdə təzminat tələb etmək hüququ izah edilib. Mircəmillə birgə ittiham olunan Şakir isə külli miqdarda dələduzluqda təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məhkəmə sədrinin icraatına işlərin verilməsi müəyyən edilmiş qaydalara uyğun olaraq elektron sistem vasitəsilə həyata keçirilir. Mövcud təlimata əsasən, hər 7 iş bölgüsü dövründən bir iş avtomatlaşdırılmış qaydada məhkəmə sədrinin icraatına yönləndirilir.
Bu, sədr hakim İsmayıl Xəlilovun hazırda araşdırdığı 2 işdən biri idi.