MƏHKƏMƏLƏR ETİRAZ ETMƏK HÜQUQUNA QADAĞA QOYUB - Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevə etiraza baxılmır
Hakimə etiraz məhkəmə prosesində başlıca prosessual hüquqlardan sayılır. Azərbaycan Respublikasının bütün prosessual məcəllələrində proses iştirakçılarının hakimə etiraz etmək hüququ doğrulanıb. Mülki Prosessual Məcəlləsinin (MPM) 2-ci fəsli və İnzibati Prosessual Məcəlləsinin (İPM) 3-cü fəsli etirazlar və onlara baxılması qaydasını müəyyən edir. “Məhkəmələr və hakimlər haqqında” qanunun 16-cı, MPM-in 19-21-ci , İPM-in 18-19-cu maddələrində birinci instansiya, apellyasiya və kassasiya instansiyasında işin baxılmasında iştirak edən hakimin həmin işə yenidən baxılmasında iştirakının yolverilməzliyi və belə hallarda hakimin özünün özünə etiraz etməli olması doğrulanıb.
Bakı İnzibati Məhkəməsi isə nə məcəlləyə hörmətlə yanaşır, nə də qanuna. Təsəvvür edin, Rüstəm Kərimli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakimlik yapanda Qarabağ qazisinin Nərimanov bələdiyyəsinə qarşı iddiasına gizlincə xitam verdiyi və Bakı Apellyasiya Məhkəməsinin ləğv edib, baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərdiyi işə yenidən gizlincə hakim təyin edilib! (?) Özü də Sabunçu məhkəməsindən ezam olunmaqla! (?) Korrupsiya faktı göz önündə olsa da, hələ də nə Məhkəmə Hüquq Şurası, nə də baş prokuror fakta hüquq qiyməti verib. Konstitusiyaya, qanuna, məcəlləyə tüpürməyə baxın, Sabunçu məhkəməsində hakimlik edən Rüstəm Kərimli, qərardadının ləğv edildiyini , (1 və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ləğv edilərək Bakı İnzibati Məhkəməsinin yaradılması nədəni ilə ) Bakı İnzibati Məhkəməsinə göndərildiyini öyrənib , özünü Ədliyyə Nazirliyindəki tanışları vasitəsilə sözügedən məhkəməyə ezam etdirib və MƏHZ ləğv edilmiş işinə yenidən hakim təyin edilib! (?) Bu “konstitusion hörmətsizlik”də , cinayət məsuliyyəti yaradan faktda məhkəmə sədri Araz Hüseynovun da payı az deyil. Açıq-aşkar, Rüstəm Kərimli Nərimanov bələdiyyəsindən götürdüyü qeyri-prosessual rüşvət öhdəliyini icra etmək üçün Sabunçu məhkəməsindən Bakı İnzibati Məhkəməsinə ezam olunub və ləğv edilmiş işinə yenidən hakim təyin edilərək, işi gizlədib. Azərbaycan Bayrağı önündə yüksək hakim adını ləyaqətlə daşıyacağına and içən hakimin, andını 3-5 manata dəyişməsinə baxın! Özünə etiraz etməyə , ləğv edilmiş işinə baxmaqdan qaçmağa borclu olan hakim, əksinə, başqa məhkəmədən özünü işə sırıyır! (?) Belədə hansı hüquqdan, hansı məhkəmə təminatından, hansı azadlıqdan danışmaq olar?
Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyev də Ali Məhkəmənin ləğv etdiyi qərardadı üzrə işə yenidən hakim təyin edilib və xaricdə müalicəyə ehtiyacı olan, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ qazisi Xaliq Abbaszadənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və təbii ki, icra sənədi olmadan pensiyasının yarısını aparan, daşınar-daşınmaz əmlakının hamısına həbs qoyan və həbslə şantaj edən yerli məmurların (Suraxanı icra və probasiya şöbəsinin icra məmuru Vüsal Əliyev, keçmiş hakim Ramil Həsənov, hazırda Ali Məhkəmənin hakimi Elşad Şamayev, Afaq Nuriyeva, Məmməd Məmmədov, “Rəvan” sığorta şirkəti, Xüsusi Şərtlərlə Təyinat İdarəsi) vəkili rolunda çıxış edib. Nəriman Abıyevə, bu sətirlərin yazarı da içində olmaqla, maraqlarına toxunan digər Qarabağ qazilərinin İPM-in 29-cu maddəsinə əsasən 3-cü şəxs qismində işə cəlb edilmələri barədə verdikləri vəsatətlərə isə indiyədək baxılmayıb. Oysa, hakim istənilən halda, vəsatət üzrə ya işə cəlb etmə, ya da cəlb etməkdən imtina barədə qərardad qəbul etməyə borcludur. Heç iddiaçı Qarabağ qazisinin hakimə, əvvəllər işin baxılmasında iştirak etdiyinə görə etirazına da baxılmayıb. Onu da vurğulayaq ki, Bakı Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi olan, Afaq Nuriyeva və Azər Hüseynovdan ibarət heyəti hələ də 03.08.2021-ci il tarixli qərarını verməyib ki, qazi Ali Məhkəməyə kassasiya şikayəti vermək hüququndan yararlana bilsin. Əvvəllər işin mahiyyəti üzrə baxılmasında iştirak edən Afaq Nuriyevaya etiraza isə baxılmayıb.
...5 aydır Sosial Xidmətlər Agentliyinin və Daxili İşlər Nazirliyinin Naxçıvandakı “Duzdağ” fizioterapiya mərkəzində bronxial astmadan TƏCİLİ müalicənin təşkilini bir-birinin üzərinə atmasından Bakı İnzibati Məhkəməsinə verdiyimiz iddia üzrə hakim təyin edilən Nəriman Abıyev hər ay mümkünlük iclası təyin etməklə süründürməçilik edir. Təsəvvür edin, yataq xəstəsi 1-ci dərəcəli Qarabağ qazisi təcili müalicəsinin təşkilini diləyir, məhkəmə 5 aydır süründürməçilik edir, nə müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizəyə baxır, nə qazilərə qarşı qərəzli ayrı-seçkiliyinə görə hakimə edilən etiraza. Bir neçə gün qabaq Ombudsman Aparatı (?) etirazın baxılmamış saxlandığını bildirməklə, “insan hüquqları müdafiəçiliyini həyata keçirib”. Təbii ki, belə hüquq müdafiəçiliyi, insan hüquqları müvəkkilliyi ilə nə hüquq qorunar, nə süründürməçiliyə son qoyular. Nəriman Abıyev bu dəfə iclası 18 marta təyin edib. Yenə də iddianın mümkünlüyünə baxılacaq. Ötən ilin noyabrından hələ də mümkünlük adı ilə süründürməçilik edilirsə, hansı müalicə mümkünlüyündən söz gedə bilər? Belə çıxır, müalicənin təşkil edilməsini məhkəmə mümkün saymaya bilər? Hakim Rüstəm Kərimlinin 2 illik süründürməçilikdən sonra xaricdə müalicənin təşkilindən imtinanın aradan qaldırılması haqqında iddianı, Prezidentin fərmanını saxtalaşdıraraq ƏƏSMN -ə aid olmaması “əsası” ilə mümkün saymaması “presedenti” yenə də “saymazlığın” mümkün olacağını düşünməyə əsas verir. ..
Məğrur BƏDƏLSOY