MƏHKƏMƏLƏRƏ İNAM ÖLÜR, İNAM MÜƏLLİM! – Jalə Familqızı yazır
Ali Məhkəmənin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov mətbuata açıqlamasında belə bir fikir bildirib: “Hakimlərin müstəqilliyi və qərəzsizliyi onların hesabatlılığı ilə sıx bağlıdır. Hər bir hakim qanun, ədalət və öz vicdanı qarşısında hesabatlıdır. Bu tələblərə cavab verməyən hakimlər barəsində müvafiq tədbirlər görülür. Belə ki, son 3 ildə 47 hakim barəsində intizam tədbiri görülüb, 8 hakimin səlahiyyətlərinə isə xitam verilib”.
İnam Kərimovun bu fikirləri ilə tanış olduqdan sonra ona müraciət etmək qərarına gəldim:
“Hörmətli Kərimov!
Etiraf edim ki, indiyədək hakimlərin cəzalandırıla, fəaliyyətlərinə qiymət verilə və onların qanun, ədalət və vicdan qarşısında hesabat verə biləcəklərini bilmirdim. Çünki vətəndaşın gözü ilə baxanda çox vaxt başqa mənzərə yaranır. İnsanlar məhkəmə zalında hakim qarşısında dayanır, hakim isə onların azadlığı, taleyi və gələcəyi haqqında qərar verir.
Vətəndaşdan qanuna əməl etmək tələb olunur. Bəs hakim qanuna, ədalətə və vicdana uyğun davranmadıqda vətəndaş nə etməlidir? Mən bu sualı nəzəri olaraq vermirəm. Son bir il ərzində iştirak etdiyim bir məhkəmə prosesi ərzində bu suala cavab axtarmağa çalışmışam.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə baxılırdı. İki nəfər həbs olunmuşdu və onlar narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı ittiham olunurdular.
Məhkəmə iclaslarının birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyatda iştirak etmiş polis əməkdaşlarının da ifadəsi dinlənildi. Həmin polis əməkdaşı bildirdi ki, “əməliyyat zamanı 3 nəfəri saxlayaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə təhvil vermişik”.

Elə həmin an mənim üçün çox sadə, amma çox ciddi bir sual yarandı: 3 nəfər? Bəs məhkəmə zalında iki nəfərdir axı! Üçüncü şəxs kim idi? Onun özü və kimliyi niyə gizli saxlanılırdı? Nə üçün onun barəsində bu iş çərçivəsində araşdırma aparılmırdı? Əgər iş ayrılmışdısa, hansı əsasla? Əgər həmin şəxs başqa prosessual statusda idisə, bu haqda işin içində niyə heç bir material yox idi? Ən əsası, bu məsələ nə üçün prokuror və məhkəmə tərəfindən aydınlaşdırılmadı?
Mən kiminsə üçüncü şəxsi qoruduğunu iddia etmirəm. Amma bir vətəndaş kimi soruşmaq haqqım var: Əməliyyatda saxlanılan üçüncü şəxs kim idi və onun taleyi necə müəyyənləşdirilmişdi? Əgər bunun qanuni və əsaslandırılmış izahı varsa, niyə həmin izah məhkəmə prosesində aydın şəkildə ortaya qoyulmadı?
Çünki söhbət adi bir rəqəm fərqindən getmir. Söhbət cinayət işi üzrə saxlanılmış şəxslərin sayından və onların hər birinin sonrakı hüquqi taleyindən gedir.
Mənim müşahidəmə görə, istintaq zamanı buraxıldığı ehtimal olunan bir sıra səhvlər və ziddiyyətlər məhkəmədə tam aydınlaşdırılmaq əvəzinə, proses ört-basdırlarla davam etdirilirdi.
Məhkəmənin vəzifəsi yalnız istintaqın təqdim etdiyi materialları dinləməkdir? Axı, məhkəmə ilk növbədə istintaqın düzgün aparılıb-aparılmadığını, sübutların qanuni yolla əldə olunub-olunmadığını və ortada ziddiyyətlərin olub-olmadığını araşdırmalıdır. Bəs, niyə haqqında bəhs etdiyim cinayət işində bu məsələlərə göz yumuldu?
Mənim üçün bu sualların cavabı olduqca vacibdir. Çünki əgər istintaq səhv edirsə, məhkəmə həmin səhvi düzəltməlidir. Əgər istintaq bir şəxsin hüquqlarını pozursa, məhkəmə bunu görməlidir. Əgər ittihamın əsasında ziddiyyət varsa, məhkəmə həmin ziddiyyəti araşdırmalıdır. Əks halda məhkəmənin müstəqilliyi və qərəzsizliyi haqqında danışmaq mənasızdır.
Onu da qeyd edim ki, təxminən 5-6-cı məhkəmə iclasında təqsirləndirilən şəxslərdən biri hakimə və prokurora dəfələrlə müraciət edirdi: “İnsafınız olsun, məni dinləyin”.
O deyirdi ki, gecələr yuxuları ərşə çəkilib, yuxusunda onu boğduqlarını görür. Daha sonra isə yanında olan digər şəxsin günahsız olduğunu bildirdi və söylədi ki, həmin şəxsin üzünə müstəntiq Kamran Məhərrəmlinin sözü ilə durub. Onun sözlərinin məzmunu belə idi: “Mal mənim idi, sifarişi mən vermişdim. Bu şəxsdən taksi kimi istifadə etmişdim”.
Mən həmin şəxsin dediklərinin həqiqət olub-olmadığını burada müəyyən edə bilmərəm. Amma məhz buna görə sual verirəm: Hansısa təqsirləndirilən şəxs məhkəmə zalında belə bir açıqlama verirsə, məhkəmə həmin açıqlamanı hərtərəfli araşdırmalı deyilmi? Əgər yalandırsa, bunun yalan olduğu sübut olunmalıdır. Doğrudursa, onda həmin şəxsin məsuliyyətdən azad edilməsi məsələsi ortaya çıxmalıdır. Hər iki halda bu sözlər araşdırılmalıdır.
Proses zamanı hakim Hüseyn Hüseynlinin təqsirləndirilən şəxsə “Yaxşı görək, nə kino çəkirsən, kim öyrədib səni?” məzmununda ifadə işlətdiyini də eşitdim. Əgər mənim eşitdiyim bu ifadə dəqiqdirsə, bunun da araşdırılmasını vacib hesab edirəm. Çünki məhkəmə zalında özünü müdafiə edən və “məni dinləyin” deyə müraciət edən şəxsə hakim tərəfindən belə münasibət göstərilməsi məhkəmənin qərəzsizliyi və peşə etikası baxımından suallar yarada bilər.
Sonradan ortaya çıxan daha böyük sual…
Məhkəmə proseslərinin sonlarına yaxın daha bir maraqlı hal ortaya çıxdı. Məlum oldu ki, bu şəxslərlə birlikdə saxlanılan və istintaq zamanı azyaşlı kimi rəsmiləşdirilərək işdən çıxarıldığı bildirilən başqa bir şəxs məhkəməyə çağırılıb. Və məhz bundan sonra mənim üçün daha çox sual yarandı. Çünki məhkəməyə çağırılan həmin şəxs, müstəntiqin sonradan şifahi olaraq etiraf etməsinə rəğmən, 13-14 yaşlı uşaq təsiri bağışlamırdı. Əksinə, mənim gördüyümə görə, bığ-saqqalı olan və zahiri görünüşcə özündən xeyli böyük yaşda görünən gənc idi.
Təbii olaraq sual yaranır: İstintaq zamanı həmin şəxsin yaşı necə müəyyən edilmişdi? Onun doğum tarixi, şəxsiyyətini təsdiq edən sənədlərə baxılmamışdı? Yaxud ekspertiza keçirilmişdi? Əgər keçirilmişdisə, nəticəsi nə olmuşdu? Keçirilməmişdisə, belə mühüm məsələ necə müəyyən edilmədən saxlanılmışdı? Müstəntiqi sadəcə “yaşım azdır” deməklə yanıltmaq mümkündürmü?
Bütün bunları bir kənara qoyaq. Məhkəmədə həmin gəncin özünün dindirilməsi zamanı daha bir fakt ortaya çıxdı. Belə ki, müstəntiqin onu “14 yaşlı” adı ilə uşaq evinə göndərdiyi bildirildi. Görünür, məqsəd hansısa səbəbdən onu həbsdən xilas etmək olub. Lakin yaşının artıq olması səbəbindən uşaq evində onu qəbul etməmişdilər.
Bu da ayrıca sualdır: əgər şəxs həqiqətən azyaşlı idisə, uşaq evi onu niyə qəbul etməmişdi? Yox, azyaşlı deyildisə, onda istintaq materiallarında onun yaşı hansı əsasla azyaşlı kimi göstərilmişdi?
Daha sonra öyrəndim ki, həmin gənc məhkəmədə ittiham olunan şəxslərdən birinin oğludur, atası uzun illərdir narkotik istifadəçisidir, hətta narkoloji dispanserdə də qeydiyyatdadır.
Məlumat üçün deyim ki, müstəntiq üçüncü şəxsi narkotik istifadəçisinin və faktiki olaraq satıcısının 19 yaşlı oğlunu həbsdən xilas etsə də, o, özünü xilas edə bilmədi. Necə deyərlər, “su çanağı suda sınar”. Elə bu səbəbdən də, cəmi 4-5 ay sonra həmin gəncin yenidən narkotik vasitələrin qanunsuz dövriyyəsi və dələduzluqla bağlı maddələrlə Abşeron polisi tərəfindən saxlanıldığı bəlli oldu. Bu dəfə isə onun barəsində cinayət işi açıldı və atasının yanına - Kürdəxanı təcridxanasına göndərildi.
Burada da sual yaranır: əvvəlki işdə “azyaşlı” kimi təqdim olunan şəxs necə oldu ki, bir neçə ay sonra başqa cinayət işi üzrə yetkin şəxs kimi məsuliyyətə cəlb edildi? Bu iki hal arasındakı ziddiyyət araşdırılıb? Əgər araşdırılıbsa, nəticəsi nə olub? Araşdırılmayıbsa, niyə?
Məhkəmə zalında açıqlanan başqa bir fakt
Maraqlıdır ki, müstəntiqin adını cinayət işindən çıxardığı bu gənc məhkəmə zamanı hakimlər və prokurorla mübahisə edir, yüksək səslə danışır, prokurora isə məzmun etibarilə belə deyirdi: “Sən məni çaşdırırsan. Sakit qal, qulaq as, sonra sualını verərsən”.
Bu davranışı mən müdafiə etmirəm. Amma həmin an hakimlərdən birinin ona belə məzmunda cavab verdiyini eşitdim:
“Sən nə o yan-bu yana edib qışqırıq salmısan? Sən arxada meşoku tutub gətirən olmamısan?! Elə etmə ki, səni də bu işin içinə qataq”.
Bu cümlə mənim üçün xüsusilə diqqətçəkici oldu. Çünki əgər hakim tərəfindən belə bir ifadə işlədilibsə, onda ortaya çox ciddi sual çıxır: Hakim həmin gəncin bu məsələ ilə əlaqəsi olduğunu bilirdisə, nə üçün onu “oyundan” çıxarırdı? Əgər bilmirdisə, içərisində marixuana olan kisənin sözügüdən gənc tərəfindən daşındığını deməsi, “səni də bu işin içinə qatarıq” ifadəsi nə demək idi? Yəni hakim həmin şəxsin bu işlə bağlı əlavə məlumatlı olduğunu və ya başqa əlaqəsinin ola biləcəyini düşünürdüsə, niyə bu məsələ araşdırılmadı? Mənim üçün bu məqam xüsusilə anlaşılmazdır. Çünki bir tərəfdən məhkəmə zalında həmin gəncə belə bir xəbərdarlıq edilir, digər tərəfdən isə bu xəbərdarlığın arxasında dayanan faktların araşdırıldığını görmürəm.
Son məhkəmə iclası
Nəhayət, sonuncu məhkəmə iclasında hər bir təqsirləndirilən şəxsə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası elan edildi. Həbs olunan şəxslərdən biri tamamilə günahkar görünürdü. Çünki telefon danışığı, ona digər narkomanlar tərəfindən gələn, narkotik satıcı olduğunu təsdiq edən mesajlar da orta idi. Taksi sürücüsü kimə bu işə cəlb olunan şəxsin isə telefonu və qanı təmiz çıxmışdı. Amma taksi kimi istifadə olunduğu bildirilirdi. Adam isə dayanmadan “möhtərəm hakim, mən günahsızam, mənə kömək edin”, - deyirdi.
Sonuncu məhkəmə iclasında mənim diqqətimi çəkən başqa bir hal da baş verdi. Vəkil vəsatətləri oxuyarkən, hakim Hüseyn Hüseynli yanındakı hakimlə söhbət edir, gülür və danışırdı. Məhkəmə zalında insanların taleyinin həll olunduğu, onların azadlığından söhbət getdiyi bir anda belə davranışın baş verməsi mənə çox ağır təsir bağışladı. Əgər məhkəmə zalında kamera görüntüləri saxlanılırsa, xahişim odur ki, bu iclasın video görüntülərinə baxılsın. Çünki mənim iddiamın doğru olub-olmadığını müəyyən etmək çox sadədir. Kameralar varsa, görüntülərə baxmaq kifayətdir. Əgər gördüklərim doğrudursa, onda buna hüquqi qiymət verin.
Hörmətli İnam müəllim!
Siz müsahibənizdə hakimlərin qanun, ədalət və öz vicdanı qarşısında hesabatlı olduğunu bildirirsiniz.
Mən isə Sizdən soruşuram: bütün bunlar baş verərkən həmin hesabatlılıq harada idi? Üç nəfərin saxlanıldığı bildirilir, amma məhkəmə qarşısında iki nəfər var. Bir təqsirləndirilən şəxs digərinin günahsız olduğunu deyir, amma kimsə nəzərə almır. Ortada heç bir dəlil-sübut olmadan, müttəhimin tamamilə günahsız olduğu məhkəmədə təsdiqləndiyi halda ona 8 il iş verilir. Siz buna ədalət deyirsiniz?
İstintaq zamanı bir şəxsin azyaşlı kimi rəsmiləşdirildiyi məlum olur. Sonradan həmin şəxsin 20 yaşı olduğu bilinir. Məhkəmə zalında hakim tərəfindən ona başqa şəkildə bu işə “qatıla biləcəyi” məzmununda xəbərdarlıq edilir. Amma bütün bunların arxasında dayanan sualların tam cavablandırılıb-cavablandırılmadığı mənim üçün aydın deyil.
Siz deyirsiniz ki, hakimlər hesabatlıdır. Mən də həmin hesabatlılığın konkret olaraq necə işlədiyini bilmək istəyirəm.
Hörmətli İnam müəllim!
Mən dəfələrlə Sizin qəbulunuza yazılmışam. Təəssüf ki, indiyə qədər qəbulunuza düşə bilməmişəm. Buna baxmayaraq, hər dəfə yenidən müraciət etməyə çalışıram.
Bu məktubu da məhz ona görə yazıram ki, artıq bu, mənim üçün yalnız bir məhkəmə prosesi deyil. Məsələ məhkəmə sisteminə olan inamın ölməsidir. Məsələ həm də odur ki, bir journalist məhkəmə zalında bu qədər cavabsız sualla qarşılaşırsa, bütün bunların cavabını haradan, kimdən almalıdır?!
Mən Sizdən xahiş edirəm, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilmiş həmin məhkəmə prosesinin araşdırılmasını təmin edəsiniz.
Xüsusilə:
• məhkəmə prosesində üç nəfərin saxlanıldığı barədə verilən məlumatın;
• üçüncü şəxsin kimliyinin və hüquqi statusunun;
• istintaq zamanı şəxsin azyaşlı kimi rəsmiləşdirilməsi məsələsinin;
• həmin şəxsin yaşının hansı əsasla müəyyən edilməsinin;
• onun uşaq evinə göndərilməsi və qəbul edilməməsi barədə məlumatların;
• sonradan həmin şəxsin başqa cinayət işi üzrə saxlanılmasının;
• məhkəmə zalında səsləndirilmiş və yuxarıda qeyd etdiyim ifadələrin;
• təqsirləndirilən şəxsin digər şəxsin günahsızlığı barədə verdiyi açıqlamaların;
• müstəntiq haqqında səsləndirilən fikirlərin doğruluğu
• və son məhkəmə iclasında hakimlərin davranışlarının
araşdırılmasını xahiş edirəm.
Əgər məhkəmə zalında videoçəkiliş aparılıbsa, həmin görüntülərə baxılmasını da xüsusilə xahiş edirəm.
Ortada həqiqətən qanun pozuntusu, prosessual nöqsan və ya hakim davranışı ilə bağlı əsaslı problem varsa, o zaman Sizin öz sözlərinizdə ifadə etdiyiniz “qanun, ədalət və vicdan qarşısında hesabatlılıq” prinsipi işləsin. Çünki vətəndaş üçün məhkəmə ədalətin son ünvanıdır. Əgər vətəndaş orada da eşidilmədiyini düşünürsə, onun gedəcəyi başqa ünvanı göstərmək artıq sistemin borcudur.
Jalə FAMİLQIZI