Məhkəmələrin qərarlarını verməmələri hansı qanunda yazılıb? - MƏĞRUR BƏDƏLSOY YAZIR
Məhkəmə hakimiyyəti məhkəmə təminatı hüququna qadağa qoyub
Azərbaycan Respublikasının bütün prosessual məcəllələrində məhkəmə orqanları (və digər uyğun orqanlar) tərəfindən qəbul edilən qərarların proses iştirakçılarına mütləq şəkildə rəsmi qaydada sifarişli poçtla, qəbzə imza etdirməklə verilməsi doğrulanıb. Di gəl, istintaq, təhqiqat, prokurorluq orqanlarını bir qırağa qoyaq, heç məhkəmələrin özləri də prosessual qanunvericiliyin tələblərinə əməl etmir, bununla da vətəndaşın Konstitusiyanın 60-cı maddəsi ilə təminat verilən inzibati və məhkəmə təminatı hüququna qadağa qoyurlar. Analoqsuz özbaşınalığa baxın, DÖVLƏT HAKİMİYYƏTİNİN ÜÇ QOLUNDAN BİRİ OLAN MƏHKƏMƏ HAKİMİYYƏTİ MƏHKƏMƏ TƏMİNATI HÜQUQUNA QADAĞA QOYUR! (?) Oysa Ana Qanunun 12 -ci maddəsi dövlətin ALİ MƏQSƏDİNİN İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQ VƏ AZADLIQLARINI QORUMAQ OLDUĞUNU doğrulayır . Bəs dövlətin məhkəməsi hətta ALİ İNSTANSİYA səviyyəsində niyə Ali Qanunun doğruladığı ALİ MƏQSƏDİ heçə çıxarır?
Təsəvvür edin, 27 il Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini olan, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin kommentariyasinı kitab halına salan Səyyad Kərimov Ali Məhkəmədə Azərbaycan Respublikası (“Şəki”) dövlətinin adından çıxardığı 06.10.2021 tarixli qərarını 5-ci aydır verməkdən imtina edir! (?) 5 aydır vətəndaş Qarabağ qazisi şikayət verməkdən “bağrıdaş” olub, amma qəbul edilən qərarı nəinki rəsmi prosessual qaydada, heç qeyri-prosessual qaydada da ala bilmir . Ali Məhkəmənin debütantı Səyyad Kərimov təcrübəli həmkarı Kəmaləddin Bədəlovun yanında hələ “toya getməlidir” , bu hakim 12.02.2020 tarixli Şəki Apellyasiya Məhkəməsinin qərardadından verilən kassasiya şikayətinin qəbulundan imtina barədə qərardadını düz iki ildir vermir . K.Bədəlovun 17.03.2020 tarixli qərarını verməkdən imtinasının 2 ili isə bir aya tamam olacaq. “ Təzəsi olan yerdə, köhnə palan içi tökməyək”, həmin bu Kəmaləddin Bədəlovun tərkib üzvü olduğu heyət 17.12.2021 tarixli qərarını iki aydır verməkdən imtina edir. Belə “ali” özbaşınalıqla hüquq qorunar? Onu da vurğulayaq ki, 17.12.2021 tarixli iclas barədə iddiaçı Qarabağ qazisi bilgiləndirilməyib. Və bu səbəbdən məhkəmə heyətinə etiraz edən qazinin nə etirazına baxılıb, nə də kassasiya şikayətinə. Maraqlıdır ki, Ali Məhkəmənin qəbul şöbəsindən ( bir il qabaq) inzibati kollegiyaların qərarlarının qəti olduğundan əlavə kassasiya şikayəti verməyin mümkün olmadığı bildirilib. Oysa İnzibati Prosessual Məcəllənin 1.2 , 90.3 maddələrində yazılıb ki, bu Məcəllə ilə başqa qaydanın müəyyən edilmədiyi hallarda inzibati məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) maddələri tətbiq oluna bilər. MPM-in 44-cü fəsli isə əlavə kassasiya qaydasında icraat haqqındadır. İstənilən halda ali instansiyanın qərarının verilməməsini qərarın qətiliyi ilə əsaslandırmaq hüquqa, Konstitusiyaya hörmətsizlikdən özgə bir şey deyil. Axı vətəndaşın Konstitusiya Məhkəməsinə, beynəlxalq məhkəmələrə müraciət etmək hüququ da var! Qərarın verilməməsi isə bu hüquqa da qadağa qoyur. Onu da vurğulayaq ki, Səyyad Kərimov, Rahib Nəbizadə, Zakir Quliyev üçlüyünün qəbul etdiyi və 5 aydır vermədiyi 06.10.2021 tarixli qərar qanuna zidd olaraq şifahi icraat qaydasında, 17.12.2021 tarixli Kəmaləddin Bədəlovun tərkib üzvü olduğu heyətin (digər iki hakim Nigar Rəsulbəyova (sədr) və İlqar Hüseynov ) çıxardığı qərar isə qanuna uyğun olaraq yazılı icraat qaydasında qəbul olunub. Bu isə məhkəmə təcrübəsinin vahidliyi prinsipinin pozulmasıdır. Gerçəkdə Səyyad Kərimovun sədri olduğu heyət işə yazılı icraat qaydasında baxmalı olduğu halda, DİN-in saxta nümayəndəsi və vəkili Əlirza Həbilovun qeyri-prosessual göstərişi ilə guya şifahi dinləmələrlə baxıb . Oysa işə baxılmasında proses iştirakçıları iştirak etməyib, ali heyəti iştirak etməyən iştirakçıları şifahi dinləməyə nə vadar edib? Əlbəttə, qeyri – prosessual basqı!
Bakı Apellyasiya Məhkəməsi qərar gizlədilməsi qeyri-prosessuallığında ali instansiyadan geri qalmır. Təsəvvür edin, Səadət Bəktaşinin sədri olduğu heyət 7-ci aydır Qarabağ qazisi Xaliq Abbaszadənin iddiası üzrə 03.08.2021 tarixli qərarını verməkdən imtina edir. Ölkədə tanınmayan Dağıstan Respublikasının Yujdaq institutunun diplomu ilə hakimlik edən Xəyalə Cəmilovanın “qərar gizlətmək stajı” 10 aya çatır. Bu xanım hakim 14.04.2021 tarixli qərardadını hələ də verməkdən imtina edir. Xəyalə Cəmilovanın diplomunun saxtalığı savadının da saxtalığını ortaya qoyur : qərardadın üzünü görməyən iddiaçı Qarabağ qazisinin kassasiya şikayəti vermək üçün vəkillə təminatı barədə ərizəsi olmadığı halda, özbaşına özünə vəkil ayırıb! (?)
Konstitusiya Məhkəməsinin özü də Konstitusiyanın 130-cu maddəsinə əsasən verilən şikayətlərə baxmaq istəmir. Hələ ki 3-cü şəxs Qarabağ qazisinin Ali Məhkəmənin 15.10.2019-cu il tarixli qərarından şikayətdən 10 aydır, iddiaçı qazinin 17.03.2020 tarixli qərarından verilən şikayətdən isə 8 aydır səs – soraq yoxdur. Yəqin Ali Məhkəmə ona görə qərarını vermir ki, Qarabağ qaziləri Konstitusiya Məhkəməsinin şikayətə baxmaqdan imtinası ilə üzləşməsinlər. Bəs Avropa Məhkəməsi? Deyəsən, Avropa Məhkəməsi də yerli məhkəmələrin iş prinsipinə uyğunlaşıb. ..
Məğrur BƏDƏLSOY