"Məkkə"dən sonra "Bədr": 4 islam ölkəsindən NƏHƏNG ADDIM
Türkiyə, Qətər, Pakistan və İndoneziya arasında imzalanan "Bədr Memorandum"u müdafiə sənayesində yeni və strateji bir dövrün əsasını qoyub.
Hurriyyet.net xəbər verir ki, ümumi iqtisadi həcmi 3,7 trilyon dollara çatan dörd ölkə hərbi texnologiya, döyüş təyyarələri, hərbi gəmi qayırma və birgə AR-GE (Araşdırma-İnkişaf) layihələrində güclərini birləşdirmək qərarı alıblar.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında avqustun 7-də imzalanmış "Məkkə Birgə Müdafiə Müqaviləsi"ndən cəmi 75 gün sonra Dohada reallaşan bu addım həm iqtisadi, həm də hərbi miqyası ilə diqqət çəkir.
Məkkə sazişi silahlı hücumlar zamanı birgə müdafiəni nəzərdə tuturdusa, Bədr sənədi bu tərəfdaşlığı birbaşa hərbi sənaye və yüksək texnologiyalar müstəvisinə daşıyır.

Sənədə Türkiyə adına Milli Müdafiə naziri Yaşar Gülər və Müdafiə Sənayesi başqanı Haluk Görgün imza atıblar. Qətəri Müdafiə işləri üzrə dövlət naziri Şeyx Saud bin Əbdürrəhman Al Sani, Pakistanı Müdafiə naziri Xoca Məhəmməd Asif, İndoneziyanı isə Müdafiə nazirinin müavini Yusuf Jauhari təmsil edib.
Dünya Bankının göstəricilərinə görə, alyans tərəfdaşlarının ümumi daxili məhsulu (ÜDM) 3 trilyon 666 milyard dollara, ümumi əhalisi isə 630 milyona yaxındır. Stockholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, Türkiyənin illik hərbi xərcləri 30 milyard, Pakistanın 11,9 milyard, İndoneziyanın isə 15 milyard dollar təşkil edir. Bu üç ölkənin illik müdafiə büdcəsi 57 milyard dollara çatır.
"Bədr Memorandum"unun ən diqqətçəkən tərəflərindən biri də dünyanın ən böyük silah idxalçılarından olan Qətər (4-cü) və Pakistanı (5-ci) eyni layihədə cəmləməsidir. Son beş ildə Qətərin silah idxalı 106%, Pakistanınki isə 66% artıb.
Strateji tərəfdaşlığın texnoloji mərkəzində Türkiyə dayanır. Türkiyə müdafiə və aviasiya sektorunun son 12 aylıq ixracat göstəricisi 10,9 milyard dollara çatıb. PUA-lar, zirehli texnika, hərbi gəmilər, radioelektron mübarizə və raket sistemləri Türkiyənin alyansa gətirdiyi əsas imkanlardandır. Qeyd edək ki, Türkiyə ilə İndoneziya arasında artıq 48 ədəd "KAAN" milli döyüş təyyarəsini əhatə edən böyük razılaşma var.
Format çərçivəsində yaradılan İcraiyyə Şurası birgə layihələri müəyyənləşdirəcək, Strateji Şura isə fəaliyyət planlarını təsdiqləyəcək. Qətər tərəfinin bəyanatına görə, gələcəkdə müəyyən ediləcək şərtlər daxilində digər dost dövlətlərin də bu alyansa qoşulması mümkündür.