📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məktəb direktorları ilə bağlı MÜHÜM dəyişiklik - Onlar kənarda qalacaq

2026-09-16 20:11:03

Məktəb direktorları ilə bağlı MÜHÜM dəyişiklik - Onlar kənarda qalacaq

Azərbaycanda bu il 600-dən çox məktəb direktorunun təyin edilməsi planlaşdırılır. Elm və təhsil naziri Emin Əmrullayevin açıqlamasına görə, direktorların seçimində bu il ilk dəfə sertifikasiya nəticələrindən də istifadə olunacaq və müəyyən müsahibələr keçirilməklə məktəb rəhbərlərinin təyinatı sürətləndiriləcək.

Nazir bildirib ki, direktorların işə qəbulu prosesinin nəticələrinin yaxın həftələrdə, ayın sonuna qədər açıqlanması gözlənilir. O, məktəb rəhbərinin seçimində yalnız şəffaflığın deyil, idarəçilik, peşəkarlıq və liderlik bacarıqlarının da nəzərə alınmasının vacibliyini vurğulayıb.

Bəs məktəb direktorlarının seçimində sertifikasiya nəticələrinin əsas götürülməsi nə dərəcədə effektiv ola bilər? Yaxşı məktəb direktorunu müəyyənləşdirmək üçün hansı meyarlar əsas götürülməlidir və yeni yanaşma məktəblərin idarə olunmasının keyfiyyətinə necə təsir göstərə bilər?

Təhsil eksperti: “Düşməni düşmən, dostu dost kimi tanıtmaq lazımdır”

Təhsil eksperti Məzahir Məmmədli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Məktəb direktorluğu ilə bağlı məsələ həmişə geniş müzakirə olunub və ictimaiyyətdə bu məsələyə dair maraqlı təkliflər səsləndirilib. Ümumi fikir belədir ki, məktəbin daxilində liderlik qabiliyyəti olan, çoxillik, ən azı müəllimlik və ya müavinlik təcrübəsinə malik şəxslərə direktorluq etibar olunsun. Misal üçün, Elm və Təhsil Nazirliyinin mövqeyi budur ki, öz ixtisasını yaxşı bilməyən müəllim həm də yaxşı idarəçi, rəhbər ola bilməz. Yəni bu məsələdə fərqli fikirlər var. Amma görünən odur ki, bu gün məktəblərin idarə olunmasında bəzi hallarda hələ direktorluq imtahanı verməyən, sadəcə çoxillik təcrübəsi olan şəxslər də var. Həmin şəxslər əvvəl müavin işləyiblər, sonra təcrübələri onlara məktəb idarəçiliyində bir qədər önə çıxmağa imkan verib və nəhayət təsdiq olunublar. On illərdir belə işləyənlər var. Bəzilərində liderlik qabiliyyəti və bacarığı olub, özlərini sübut edib yaxşı nümunə göstərə biliblər. Amma təəssüflər olsun ki, bu, həmişə belə olmur”.


Nazirlik haqqında |Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Bununla belə, ekspert bildirir ki, bugünkü meyarlar bir qədər fərqlənir: “Məsələn, Elm və Təhsil Nazirliyinin təklifi budur ki, sertifikasiya imtahanında yüksək nəticə göstərənlər arasından müsahibələr keçirilsin və onların biliyi, bacarığı ilə yanaşı, liderlik qabiliyyətləri də ölçülməklə məktəb direktorluğuna təqdimatı verilsin. Təxminən Azərbaycanda 600-dən artıq məktəb direktoru yerinin boş olduğu haqqında məlumatlar var. Burada illərlə məktəb direktorunu əvəz edən şəxslər – müavinlər, yəni direktorluğu da əvəz edən şəxslər var. Artıq hər üç aydan bir həmin şəxslərin əmrləri növbəti dövr üçün yenilənməklə illərlə direktor vəzifəsini əvəz edirlər. Yaxşı olar ki, elə həmin idarə edənlərin arasında da liderlik qabiliyyəti və bacarığı olanlar varsa, onların da seçilmək imkanı olsun. Amma bir məqam da var ki, məsələn, bu gün biz daha çox sertifikasiya nəticələri ilə götürsək, o halda müəyyən problemləri yenə yaşamış olacağıq. Məsələn, deyək ki, sertifikasiya imtahanı müəyyən bir biliyi, bacarığı və kompetensiyanı ölçür və həmin sahə üzrə çox ciddi hazırlıqdan sonra gəlib yüksək nəticə göstərmək mümkündür. Düzdür, indi belə şərt var ki, əgər həmin şəxs müsahibə mərhələsində liderlik bacarığını, qabiliyyətini göstərə bilməsə, ondan daha yüksək və ya bir qədər aşağı bal toplayan digər namizəd seçilə bilər. Ancaq bilirsiniz, bu, subyektiv yanaşma olacaq. Müsahibə mərhələsində bir neçə sualla liderlik qabiliyyətini ölçmək, məncə, bir qədər çətin olacaq. Ona görə də yaxşı olar ki, bu məsələlərdə müəyyən qədər kollektivin rolu, mövqeyi də nəzərə alınsın. Məsələn, yüksək nəticə göstərmiş, sertifikasiyadan yüksək bal toplamış müəllimlərin bir neçəsi direktorluq üçün iddia etsin və artıq seçim kollektivə buraxılsın. Çünki hər halda kollektivlə daha asan dil tapan, şagirdlərin idarə edilməsində, ümumiyyətlə, kollektiv arasında liderlik etməyi bacaran şəxslərin arasından seçim edilməsi, məncə, həm də bir məsuliyyət yaradacaq. Heç təsadüfi deyil ki, bir vaxtlar ənənəvi məktəblər var idi və məktəblər ayrı-ayrı şəxslərin adı ilə çəkilirdi. Amma indi artıq yeni qaydalar tətbiq olunandan, direktorların işə qəbulu imtahan əsasında həyata keçiriləndən sonra bəzi hallar oldu ki, yaxşı nəticə göstərən, amma yaxşı idarəçi olmayan şəxslər də oldu. Ona görə də artıq Elm və Təhsil Nazirliyinin yanaşması da dəyişir. Bu istiqamətdə dəyişir ki, artıq təkcə imtahandan yüksək nəticə göstərmək, sertifikasiya nəticələrinin yüksək olması yox, həm də müsahibə mərhələsində qoyulan şərtlərə, standartlara cavab verən şəxslər olmalıdır”.