"Məktəblilərin bir-birini qısnamasının kökünü kəsən mexanizm çətin tapıla, çünki..." - RƏŞİD HACILI
"Məktəb içində öyrəncilərin məktəbiçi həyatını və valideynlərlə əlaqələri idarə edən ayrıca struktur olmalıdır"
"Məktəblilərin bir-birini qısnamasının (bullinq) kökünü kəsən mexanizm çətin tapıla. Öyrəncilərin davranışında valideynlərin rolu əvəzolunmazdır. Axtarsan həmin o iki uşağın valideynlərinin baş verənlərdə dolayı rolu olduğunu görəcəksiniz". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Media Hüququ İnstitutunun yaradıcısı, uzun illərdir Avropada yaşayan azərbaycanlı ictimai-siyasi fəal Rəşid Hacılı bildirib.
Həmçinin, Rəşid Hacılı qeyd edib ki, valideynləri məsul tutmaqla da bu iş düzəlməyəcək: "Məktəbdə baş verənlər üçün məktəb məsul olmalıdır. Amma məktəbin də bunun üçün zəruri strukturları, kadr potensialı olmalıdır. Öyrəncilərin sinifdənkənar həyatı və davranışları ilə məşğul olan struktur. Bakıda məktəblərdə bu yoxdur. Müəllim sinifdə olur. Sinif rəhbərinin də bu işə gücü çatmaz. Direktor və müavininin də bütün öyrənciləri göz önündə tutmağa və aralarındakı problemi çözməyə imkanı çatmaz. Məktəb içində, öyrəncilərin məktəbiçi həyatını və valideynlərlə əlaqələri idarə edən ayrıca struktur olmalıdır. Onlar öyrəncilərin məktəbə vaxtında gəlib getmələrindən, məktəbiçi bir-biriylə davranışlarından tutmuş bütün məsələlərdə onların yanında olur və valideynləri də gərək olanda problemlərin həllinə cəlb edirlər. Uzağa getməyək. Götürək elə Fransanı. Hər məktəbdə öyrəncilərlə sinifdən kənarda iş üzrə ayrıca struktur var. Orda bir neçə işçi, təhsil üzrə məhsəhətçilər çalışır. Bütün öyrənciləri əllərinin içi kimi tanıyırlar. Nə baş verir, bilirlər. Daim ünsiyyətdə olurlar onlarla. Təbii ki, problemli uşaqlara, problemli hallara xüsusi diqqət göstərirlər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az