Məlahət İbrahimqızı: “Putinin bəyanatlarına tamamilə qara şüşədən də baxmaq olmaz”
“Vladimir Putinin ənənəvi “Valday” diskussiya klubunda çıxışı Azərbaycan və Ermənistan, eləcə də bu bölgədə marağı olan ölkələrin ictimaiyyətində diqqətlə izlənildi. Putinin bəyanatları, hesab edirəm, bir müddət müzakirə obyekti olacaq. Putinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, eləcə də iki ölkə arasında imzalanacaq sülh müqaviləsi və gələcək proseslər barədə bəyanatları, sözsüz ki, hər birimizi narahat edir. Putinin “Ermənistan xalqı Qarabağ üzərində Azərbaycan suverenliyini tanımaq və sülh müqaviləsinə imza atmaq istəyirsə, biz bunu dəstəkləyirik”, “Ermənistana heç nə diktə etmək fikrində deyilik”, yaxud “Rusiya uzun illər Ermənistana Qarabağın 5 rayonunu Bakıya verməyi təklif edib, lakin İrəvan özü bu yolu seçib” kimi bəyanatlarından fərqli yanaşma və nəticələr çıxarmaq olar”.
Hurriyyet.Az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, ötən dövr ərzində davamlı olaraq möhtərəm Prezident İlham Əliyevin sərgilədiyi siyasi mövqe və iradə artıq Ermənistana bəllidir: “Bu, dəyişməz bir mövqedir. Təkcə son iki ildə yox, ondan əvvəlki dövrlərdə də cənab Prezident deyib ki, Azərbaycanın bir qarış torpağı belə güzəşt obyekti ola bilməz. Hazırkı vəziyyətdə də belədir. Qan tökərək torpaqlarımızı azad etmişik. Bu gün Xankəndində, yaxud Qarabağın hansısa kəndində yaşayan ermənilərin də ən yüksək səviyyədə təhlükəsizliklərinin təmin olunmasında möhtərəm Prezindetimiz qarantdır. Bunu bütün dünya da bilir. Putinin nə deməsindən asılı olmayaraq, cənab Prezidentin qəti siyasi iradəsi gözümüzün önündədir. Etnik kimliyinə, inancına görə kiminsə hüquqlarının pozulmasına yol vermərik. Putinin bəyanatlarına tamamilə qara şüşədən də baxmaq olmaz. O, möhtərəm Prezidentimizin bu məsələdə qəti və dəyişməz münasibətini və mövqeyini çox aydın bilir. Onun verdiyi mesajlarından erməni xalqı da dərs çıxarmalıdır. Yəni ermənilər bilməlidir ki, hansı yol onları qaranlığa və ya işığa doğru aparacaq. Düşünürəm, Putin bu mesajları ilə erməni xalqına düzgün seçim etməyi təklif edir. Bu günə qədər Ermənistanın tutduğu işğalçı, təcavüzkar mövqe, müharibədən sonra da revanşist halisunasiyaları erməni xalqını uçuruma aparır. Hər kəs bilir ki, bu məsələdə iki tərəf var – Azərbaycan və Ermənistan. Üçüncü tərəf yoxdur”.
M.İbrahimqızı deyib ki, artıq Vətən müharibəsindən iki il keçir və bu müddət ərzində dəyişməz bir xətt var: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibənin ilk günündən qəti və dəyişməz mövqeyi, siyasi iradəsini açıq şəkildə dünyaya bəyan edib. “Dağlıq” Qarabağın “status” məsələsi artıq arxivə gömülüb və bir daha müzakirə üçün gündəmə gəlməyəcək. Prezidentimiz bunu bütün mötəbər təşkilatlarda, yüksək kürsülərdə, jurnalistlərə verdiyi müsahibələrdə də bildirib. Azərbaycanın ayrılmaz parçası, əzəli və əbədi tarixi torpaqlarımız, əcdadlarımızın yurd yeri olan Qarabağ ərazisində qonaq kimi yaşayan ermənilərin Azərbaycan vətəndaşları ilə bərabər hüquqlara malik olacaqlarını hər dəfə bəyan edib. Bu, abstrakt bir fikir deyil. Azərbaycanda bu günə qədər 30 mindən çox erməni yaşayır. Onların hələ indiyə kimi xətirlərinə dəyən olmayıb. Kim ermənidir, kim azərbaycanlıdır, heç bunun fərqində də deyillər. Beynəlxalq təşkilatlarda da 30 min erməni ilə bağlı bu günə qədər hansısa problem müzakirə edilməyib. Azərbaycanda insan hüquqları yüksək səviyyədə müdafiə olunur. Fəxrlə deməliyik ki, Azərbaycan monoetnik yox, polietnik ölkədir. Burada bir sıra dini inanclara mənsub xalqlar yaşayır və Azərbaycan xalqı bununla qürur duyur. Ölkəmiz dünya üçün tolerantlıq nümunəsidir. Multikultural dəyərlərlə zəngin ən öndə gedən ölkələrdəndir. Azərbaycanın mədəniyyətində, incəsənətində əldə olunan uğurlarda da bu xalqların böyük zəhməti var. Əsrlər boyu bir ailə kimi yaşamışıq, bundan sonra da belə olacaq. Ermənistan güclü Azərbaycan dövlətindən, dünya səviyyəli Azərbaycan liderinin təkliflərini qəbul etməlidir. Onlar üçün bu, ən düzgün seçimdir. Bu, bir reallıqdır ki, Ermənistan getdikcə böhrana, fəlakətə yuvarlanır. Azərbaycan isə hər ötən gün daha da güclənir, xüsusilə Avropanın nüfuzlu lider dövlətlərindən birinə çevrilir. 44 günlük müharibədə də Avropadan Azərbaycana qarşı nə qədər təzyiq və təhdidlər var idi. Bu gün də var. Fransa kimi ermənilərdən betər ölkə, Ermənistanın revanşist siyasətçilərindən daha betər olan Makron çox gözəl anlayır ki, bu gün Azərbaycan Avropa üçün nə deməkdir. Cənab Prezident Azərbaycanın perspektivi baxımından deyil, həm də bölgə üçün dayanıqlı sülhün, təhlükəszliyin, inkişafın təminatçılarından biridir. Allahın izni ilə, qarşıda beynəlxalq səviyyəli enerji və nəqliyyat layihələrinin reallaşması Ermənistan üçün də çox yaxşı güzəran vəd edir. Erməni xalqı anlamalıdır ki, Azərbaycan və Türkiyəyə qarşı yüz illərlə apardığı mənasız və qərəzli düşmənçilikdən heç nə qazanmayıb. Əksinə, itirir, itirə-itirə də gedəcək. Ermənilər onlara Azərbaycan və Türkiyə tərəfindən uzadılan əli məmnuniyyətlə qəbul etməlidirlər. Putinin nə deməsindən asılı olmayaraq, Azərbaycan öz yolunu gedəcək. Azərbaycan xalqı adından danışan, xalqın iradəsini ifadə edən və xalqın etimadını doğruldan möhtərəm Prezidentimiz Ermənistan-Azərbaycan arasındakı münasibətlərin normallaşması üçün konkret fikirlərini deyib. Dövlət başçımız üçün tarixi gerçəklik, beynəlxalq hüquq var. Necə ki 30 ilə yaxın müddətdə cənab Prezident beynəlxalq hüququn çərçivəsindən kənara çıxmadı. Biz bunu Vətən müharibəsində də gördük. Putinin bəyanatlarında Azərbaycanın haqlı maraqlarına toxuna biləcək nəsə olsa belə, Azərbaycanın dövlət başçısının öz yolu, xoş niyyətli yol xəritəsi var”.
Aytəkin Qardaşova