📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Meligro Dizayn” növbəti dəfə məcburi auditdən yayındığına görə cərimələndi

2026-09-25 11:31:34

“Meligro Dizayn” növbəti dəfə məcburi auditdən yayındığına görə cərimələndi

“Meligro Dizayn” MMC növbəti dəfə məcburi auditdən yayındığına görə cərimələnib.

Plat.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

İş materiallarında olan protokolda qeyd edilib ki, MMC 2024-cü il üzrə maliyyə hesabatlarının auditinin 2025-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılıb. Lakin şirkət tərəfindən audit aparılmayıb.

Məhkəmə “Meligro Dizayn” MMC-ni inzibati xətanı törətməkdə təqsirli bilib və şirkətin barəsində 1 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini qərara alıb.

Qeyd edək ki, “Meligro Dizayn” MMC daha əvvəl də məcburi auditdən yayındığına görə barəsində protokol tərtib edilmişdi.