📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Məmursan, dövlətin malını yeyib talayırsan" - Ata Abdullayev nazirlik əməkdaşından necə rüşvət alıb? - TƏFƏRRÜAT

2022-03-30 20:13:00

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin birinci instansiya məhkəməsində verdiyi bəzi ifadəsi məlum olub.

 

O, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

 

A.Abdullayev ifadəsində deyib ki, 2017-ci ildən fərdi qaydada müstəqil jurnalist-video blogger kimi fəaliyyət göstərib, feysbuq və instaqram şəbəkələrdə “Ata Abdullayev” adlı hesabları var, dünyanın altmış dörd ölkəsində olub, fəaliyyəti vətəndaşların çatışmazlıqlarını və çətinliklərini, qalmaqallı hadisələri çəkib sosial şəbəkələrdə işıqlandırmaqla cəmiyyətə çatdırmaqdan ibarət olub.

 

O deyib ki, 2018-ci ildən media ilə bağlı rəsmi qeydiyyatdan keçib: “Mobil telefon nömrəmə vətəndaşlar zəng edib müxtəlif hadisə barədə məlumat verirdi və onlar şikayətlərini bildirirdilər. Həmin məlumat və şikayətlər əsasında vətəndaşları dinləyirdim, hadisə yerlərinə gedib çəkilişlər aparırdım və sosial şəbəkədə paylaşmaqla işıqlandırırdım. Bu səpkidə müxtəlif videçarxlarım var.

 

Zərərçəkmiş Elmar Əliyevi şifahi tanıyıram, onu ilk dəfə ibtidai istintaq vaxtı görmüşəm. Tural Heydərli mənim yaşadığım ünvana gəlib söhbət etdi, dərdini danışdı. Söylədi ki, şəriki Elmar Əliyev onu döyüb və bununla əlaqədar istintaq aparılır, lakin iş məhkəməyə verilməyib. O, vurulub-döyüldüyü anın videogörüntülərinin olduğunu bildirdi. Mən də qarşı tərəfin mövqeyini öyrənmək üçün Elmara zəng etdim. Onun telefonuna zəng çatmadı. Bundan 5-6 dəqiqə sonra onu yenidən yığdım. Bu dəfə Elmar telefona cavab verdi. Ona özümü təqdim edəndən sonra zəng etməyimin səbəbini açıqladım.

 

Zərərçəkmiş şəxsə “Tural adlı şəxsi döydüyünüzü deyirlər, bu eyni zamanda Olimpiya bazasında bəzi avadanlıqların qeyri-qanuni formada satışını həyata keçirməyiniz barədə nə deyə bilərsiniz” deyə soruşdum. Elmar təhqiredici sözlərdən istifadə edərək telefonu bağladı. Sonra onun vəkili zəng edək “ə, get işinlə məşğul ol” söylədi.

 

Bir qədər keçəndən sonra Elmar Əliyev mənə zəng edib nalayiq ifadələrlə “sən kimsən ki, Turalı müdafiə edirsən, o, dələduzdur” dedi. Bütün bunlardan sonra Xətai Rayon Məhkəməsinə zəng edib Tural Heydərlinin işinin hansı mərhələdə olduğu ilə maraqlandım. Xətai Rayon Polis İdarəsindən işin məhkəməyə göndəriləcəyini bildirdilər. Beş-altı gün keçdikdən sonra dostum Ziya zəng etdi, onunla görüşdük. O, mənə “Elmara zəng etmisən, o, mənim dostumdur, gəl, bu məsələni bağla” dedi. Ziyaya qarşı tərəfin Elmardan şikayətçi olduğunu, onun fikrini öyrənmək üçün zəng etdiyini, lakin məni təhqir etdiyini vurğuladım. Sonra Elmarla barışdım. Ziya məndən bunun qarşılığında nə istədiyimi soruşdu. Ona heç nə istəmirəm dedim. Bu günə kimi heç kimdən heç nə almamışam.

 

Avtomobildən düşəndə Ziyaya zəng gəldi. O, telefona cavab verərkən əlində qatlanan “Samsung” markalı mobil telefonu görüb “nə gəşəng telefondur dedim”. Ziya mənim əlimdəki mobil telefonun ekranının sınıq olduğunu gördü və özünün telefonunu mənə vermək istədi. Mən isə imtina etdim.

 

Bundan 3-4 gün sonra mənə zəng edib “Ata, sənə telefon göndərirəm” dedi. Razılaşmadım. Daha sonra tanıdığım bir nəfəri göndərib onun aldığı mobil telefonu götürüb “28 May” metrosunun yaxınlığındakı mağazaların birində satdım, üzərinə pul qoyaraq özümə “İphone12” markalı mobil telefon aldım”.

 

Məhkəmədə ifadə verən Elmar Əliyev deyib ki, 2012-ci ildən Azərbaycan Gənclər və İdman Nazirliyində, 2019-cu ildən isə nazirliyin nəznində olan Bakı şəhər halqası (Formula-1) əməliyyat şirkətinin baş mühasibi çalışıb. O bildirib ki, qulluq funksiyası həmin şirkətdə keçirilən yarışların nəticələrinə dair beynəlxalq maliyyə hesabatlarını hazırlayaraq nazirliyə və digər dövlət qurumlarına təqdim etməkdən ibarət olub.

 

Elmar Əliyevin sözlərinə görə, əvvəllər biznes şəriki olmuş Tural Heydərli ilə aralarındakı anlaşılmazlıq üzündən A.Adullayev ona zəng edib: “Ata Abdullayev aqressiv formada danışaraq dedi ki, “sən məmursan, dövlətin malını yeyib talayırsan, Avropa Oyunlarından sonra Olimpiya kəndində evlərdən mebelləri və başqa əşyaları mənimsəyib satmısan, bu barədə Azad müəllimə deyəcəm gəlib satdığın malları götürsün”. Əlbətdə bunlar yalan idi. Bilirdim ki, təqsirləndirilən şəxs müəyyən şəxsləri şərləmək üçün pulla sifarişlər yerinə yetirir və bu barədə hər kəs məlumatlıdır.

 

Ata Abdullayev rüsvayedici videolara görə məndən Ziyanın vasitəsilə əvvəl 10 000 manat istədi. Həmin məbləğdə pulumun olmadığını deyib “rüsvay edirsə, etsin söylədim”. Sonra 2 700 manat dəyərində “Samsung” markalı, daha sonra isə “İphone” markal mobil telefon istədi. Təqsirləndirilən şəxsə istədiyi məbləği vermədim deyə, sosial şəbəkədə “Elmar kimdir, dövləti talayır” başlığı altında və bir neçə rüsvayedici videolar paylaşaraq, canlı yayımlara çıxıb, barəmdə olmayanları danışdı.

 

Mobil telefonun qiyməti 2 400 manat idi, lakin onu götürməyə özü gəlmədi, başqa bir şəxsi göndərdi. Yalnız telefonu götürdükdən sonra məndən əl çəkdi. O, həbs edildikdən sonra barəsində Dövlət Təhlükəsizlik Xidmətinə şikayət etdim. Buna səbəb isə istənilən halda günahkar şəxslərin cəzasız qalmayacağını bildiyim olmuşdu. Hazırda təqsirləndirilən şəxsdən şikayətçiyəm və 2 400 manatımı tələb edirəm”.

 

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin mart ayında saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən saxlayıb. \\Pravda.az