“Mən Prezident olsaydım, Ukraynada heç vaxt müharibə olmazdı” – Tramp 2024-də Prezident olacaqmı?
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində mübarizə aparmaq üçün namizədliyini irəli sürdüyünü rəsmən bəyan edib.
Tramp Florida ştatında tərəfdarları ilə görüşü zamanı deyib: “Amerikanın dirçəlişi indi başlanır”.
Tramp deyib ki, onun idarəçiliyi dövründə ölkənin iqtisadiyyatında analoqsuz yüksəliş qeydə alınıb, Çin, Rusiya, İran və Şimali Amerika isə ABŞ-a, xüsusilə də onun özünə hörmətlə yanaşıblar. Tramp öz rəhbərliyi dövründə dünyadakı vəziyyətin sakit olduğunu, münaqişələrin olmadığını qeyd edib: “Ameika çiçəklənirdi və bizim ölkəmiz şanlı gələcəyə doğru addımlayırdı. Çünki mən Amerika xalqına böyük vədlər vermişdim və digər prezidentlərdən fərqli olaraq, öz vədlərimə əməl eləmişdim. Mənim rəhbərliyim altında biz böyük və şanlı millət idik”.
Trampın fikrincə, ABŞ-ın indiki Prezidenti Co Baydenin dövründə ölkədə tənəzzül başlanıb: “Baydenin idarəçiliyi altındakı son iki il milyonlarla amerikalı üçün ağrı, məhrumiyyət, narahatlıq və məyusluq dövrü olub. Birləşmiş Ştatlar alçaldılıb, zəiflədilib”.
İndiki iqtidarın xarici siyasətini kəskin tənqid edən Tramp deyib: “Əgər mən Prezident olsaydım, Ukraynada heç vaxt münaqişə olmayacaqdı”. O, yenidən Ağ Evin başçısı olmaq məqsədinin qəti olduğunu söyləyib: “Amerikanı yenidən böyük və şanlı etmək üçün mən bu gün axşam Birləşmiş Ştatların Prezidenti postuna öz namizədliyimi irəli sürürəm”.
Hürr Tərcüman