📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Mən vətəni, təbiəti sevməyi böyük Səttardan öyrənmişəm”

2021-12-28 11:24:00

“Mən vətəni, təbiəti sevməyi böyük Səttardan öyrənmişəm”

Xalq rəssamı Əşrəf Heybətov: “Qürbətdə olan yalnız cismimdir, ruhum isə hər zaman vətənimdədir...”

“Səttar Bəhlulzadə auditoriyada mənə dərs deməsə də, əsl həyat dərsi verib, o, mənim ustadımdır”

“...kiçik bir ölkədə həddən artıq çox rəssam, yaxud özünü rəssam hesab edən insan var. Hesab edirəm ki, bizim sənət bir az ucuzlaşıb”

“Səmimi söhbət”in bu dəfəki qonağı YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovdur.

Yaradıcılığının əsas mövzusunu Azərbaycan və xalqın milli adət-ənənələri təşkil edən rəssam, mədəniyyət və incəsənətimizi dünyada tanıdır. Almaniyanın Koblents şəhərində yaşayan həmyerlimiz rəssamlıq sənətindən həm də təbliğat vasitəsi kimi istifadə edir. Onun əsərləri BMT, Avropa Şurası, NATO, Vatikanda təşkil olunan tədbirlərdə nümayiş edilir.

- Əşrəf müəllim, xoş gördük sizi. Çox maraqlı mənziliniz var. Əslində “mənzil-muzey” demək daha doğru olar. Ela özünüz də mənzilinizi haqlı olaraq muzeyi adlandırırsınız. Sanki nağıllar aləminə düşmüşük. Dünyanın dörd bir yanından qiymətli sənətkarlıq nümunələri ilə əhatə olunmuşuq. Amma bu məkanın ən dəyərli inciləri sizin fırçanızdan çıxan əsərlərdir. Yəqin ki, bu muzeyin yaradılmasına uzun illər sərf olunub.

Siz bütün dünyanı gəzirsiniz. Bunun özü böyük xoşbəxtlikdir, xüsusilə də yaradıcı insan üçün. Çünki hər bir ölkənin özünəməxsus  mədəniyyəti, milli adət-ənənəsi var. Yaradıcı insan səyahət etdiyi hər bir ölkədən nə isə əxz edir, bu da onun yaradıcılığını daha da zənginləşdirir. Amma bildiyimizə görə, Almaniyada bundan da zəngin iki ev muzeyiniz var.

- Əvvəla, təşəkkür edirəm ki, vaxt tapıb mənim görüşümə gəlmisiniz. Mənim övladım olmadığına görə, qazancımın böyük bir hissəsini gözəl sənət nümunələrinə sərf edirəm və onlardan ibarət kolleksiya toplayıram. Biz xanımımla özümüzü gözəliklə əhatə etməyi xoşlayırıq. Dediyiniz kimi, xoşbəxtlikdən dünyanın bir çox ölkəsinə səfər etmişik. Avropa ilə yanaşı, Misir, Mərakeş, İordaniya kimi zəngin və çoxəsrlik mədəniyyətə malik ölkələrdə olmuşuk. Ümumiyyətlə, mən bir fırça ustası kimi Azərbaycan mədəniyyəti günlərinin keçirilmədiyi ölkələrdə vətənimi təmsil etməyə üstünlük verirəm. Misal üçün, sonuncu “Şərq gözəlləri” adlı sərgim İtaliyanın Siciliya adasında keçirildi.

Mən monumentalçı rəssamam. Mozaikalar, pannolar, vitrajlar yaradıram. Moskvada yaşadığım illərdə Rəssamlar İttifaqının monumental incəsənət seksiyasının üzvü idim. Bakıda o vaxtkı M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirdikdən sonra görkəmli sənətkar, xalq rəssamı Tahir Salahovun köməkliyi ilə Moskvaya köçdüm və dünya şöhrətli monumentalçı rəssam, rəngkar və heykəltaraş Zurab Tseretelinin briqadasında Moskva Olimpiadasının tərtibatında iştirak etdim.

- Təbii ki, bu mövzuya qayıdacağıq. Amma gəlin öncə Bakıda keçirdiyiniz illərə xəyali ekskurs edək. Maraqlıdır, uşaqlığınız, gəncliyiniz hansı mühitdə keçib? Azərbaycanın üç nəhəng rəssamının taleyinizdə rolu olub ki, onlardan biri olan ölməz Səttar Bəhlulzadə ilə münasibətləriniz haqda  danışaq...

- Mən əslən Bakının Qala kəndindənəm. Orada doğulub böyümüşəm. Adını daşıdığım babam Ələşrəf Qala kənd sovetinin sədri olub. Bu gün də kənd ağsaqqalları onu hörmətlə anır. Çünki babam xeyriyyəçi idi, kəndimizdə məktəb, hamam tikdirmişdi. Bir neçə il əvvəl Qala kəndindəki muzeydə fərdi sərgim təşkil edildi. Özü də mən həmin etnoqrafik muzeydə sərgisi keçirilən yeganə rəssamam. Bu isə təbii ki, çox qürurvericidir. Onu da deyim ki, mən əsasən silsilə rəsmlər işləyirəm. Misal üçün, Xəzər dənizinə düz 50 əsər həsr etmişəm. Həmin əsərləri bağ evimdə saxlayıram. Qala kəndinə isə 35 əsər həsr etmişəm. Elə sözügedən “Qədim Qala” adlı sərgimdə məhz həmin əsərlər nümayiş edilirdi.

Azərbaycanın üç azman rəssamı ilə şəxsən tanış olduğum üçün özümü xoşbəxt insan sanıram. Bunlar Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov və Tahir Salahovdur. Qeyd etdiyiniz kimi, bu dahi şəxsiyyətlərin taleyimdə xüsusi rolu olub. Allah hər üçünə rəhmət etsin. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alanda dərsə getmək əvəzinə, Səttar Bıhlulzadənin emalatxanasında oturub heyranlıqla onu dinləyirdim.

-Bəs, Səttar Bəhlulzadə ilə necə tanış olmuşdunuz?

- 1966-67-ci illər idi. 19-20 yaşım olardı. O zaman iraqlı yazışı Səlim Adnan qonşuluğumuzda yaşayırdı. Bir gün mənə zəng vurub dedi ki, bu axşam bizə gəl, maraqlı qonaqlarımız olacaq. Gəlib gördüm ki, Səttar Bəhlulzadə ilə Toğrul Nərimanbəyov masa arxasında oturublar. Beləcə, tanış olduq. Həmin vaxtdan etibarən də kurs yoldaşım, sənətşünas Ziyadxan Əliyevlə birgə Səttar Bəhlulzadənin emalatxanasını ziyarət etməyə başladıq. Mən vətəni, təbiəti sevməyi böyük Səttardan öyrənmişəm. Onunla birgə  Şamxıya, Qubaya, Gürcüstanın Qardabani rayonuna səfər etmişik. O vaxtadək Bakıdan başqa heç yerdə olmamışdım. Qış aylarında Səttar Bəhlulzadə Əmircana getmirdi, bizə gəlirdi. Dişləri olmadığı üçün anam ona sıyıq bişirirdi. Səttar Bəhlulzadə auditoriyada mənə dərs deməsə də, əsl həyat dərsi verib, o, mənim ustadımdır. O, 1974-cü ildə dünyasını dəyişəndə mən çox ağladım, çünki onun böyüklüyünü, Azərbaycanımızın və bütövlükdə dünyanın necə azman bir sənətkar və geniş qəlbli insan itirdiyini dərk edirdim. Onu da deyim ki, o, sözün əsl mənasında xalqın rəssamı idi. Xalq onu sevirdi. Onunla küçədə gedəndə hamı dönüb bizə baxırdı, yaxınlaşıb ona olan sevgisini, hörmətini bəyan edirdi. Amma indi bəlkə 50 nəfər xalq rəssamı var, amma inanın ki, onların çoxunu tanımıram.

Özüm haqda danışmağı, özümü tərif etməyi xoşlamıram. Amma bir vətəndaş,  bir azərbaycanlı rəssam kimi xaricdə vətənimi tanıtmağa, öz sənətimlə Azərbaycanı yüksək səviyyədə təbliğ etməyə çalışıram.

-Siz öz missiyanızı layiqincə yerinə yetirirsiniz. Buna görə sizə minnətdarıq. Dediniz ki, institutu bitirdikdən sonra görkəmli rəssam Tahir Salahovun köməkliyi ilə Moskvaya köçdünüz. Bilirəm ki, 1995-ci ilədək orada yaşamısınız, Rusiya vətəndaşı olmusunuz. 95-ci ildən bu günə qədər isə Almaniyada yaşayırsınız...

- Doğrudur. 40 yaşımda Azərbaycanın Əməkdar Rəssamı fəxri adına layiq görülmüşəm. Amma bu Rəssamlar İttifaqının təqdimatı ilə olmayıb. Həmçinin “xalq rəssamı” fəxri adına layiq görülməyimdə də ittifaqın heç bir rolu olmayıb.

- Sizcə, bu ögeyliyə səbəb nədir?

- Heç özüm də bilmirəm. Azərbaycada istedadlı rəssamlar çoxdur. Amma kiçik bir ölkədə həddən artıq çox rəssam, yaxud özünü rəssam hesab edən insan var. Hesab edirəm ki, bizim sənət bir az ucuzlaşıb.

- Razıyam sizinlə. Özü də təəssüf ki, bu, təkcə rəssamlıq sənətinə aid deyil. Amma atalar demiş, xalqın gözü tərəzidir. Xalq hər zaman əsl sənətkarların qiymətini bilib, onlara sevgi və hörmətlə yanaşıb.

- Ona görə də mən həmişə Azərbaycana gələndə daha çox rayonlara səfər edirəm, sadə insanlarla görüşlər keçirirəm, ekspress sərgilər təşkil edirəm, gənc rəssamlara ustad dərsləri verirəm, bir sözlə, xalqa yaxın olmağa çalışıram. İnanın ki, Azərbaycanın təbiəti İsveçrənin təbiətindən də gözəldir. Bizim dağlar, bulaqlar, şəlalələr... Qürbətdə vətənimin həsrətini çəkirəm. Qürbətdə olan yalnız cismimdir, ruhum isə hər zaman vətənimdədir...

(Ardı var)

Söhbətləşdi: Runa