Mənə dəniz bağışlayan şair...
Bəzən, bəlkə də yox – zərurətə yol təsadüfdən başlayır, – desəm yanılmaram, bu qənaəti təbii ki, müşahidələrim təsdiq edir, özümü də istisna etmirəm. Tarix də, fərdi münasibətlər də beləcə yaranır, hətta epoxal nəticəyə gəlir, yaddaşlara və vərəqlərə köçürülür.
Ötən əsrin 70-ci illərindən başlanan bu tanışlıq, bu gün də mövcuddur, hələ zərrə də olsa ləkə götürməmişdir. Yalnız sevinməyə dəyən faktdır XXI əsr üçün!
Əyalətdə doğulan, orta məktəbi Lənkəranın Gərmətük kəndində başa vuran, ali təhsilini Bakıda Dövlət Universitetində alan, bir müddət bu şəhərdə çalışan və yenidən doğma obasına qayıdan istedadlı şair Elşad Səfərlinin mənimlə tanış etdiyi, o da istedadlı olan yazıçı Qafar Cəfərli haqqında xoş, nikbin təəssurata yiyələnməyimə zərurət kimi yanaşaram...
Şairin haqlı gileyidir ki, “Şairə ölüm yaraşır” şeirini “Nar çiçəyi”ndən bir il sonra (2018) yazdı. Bütün zamanlarda qələmi qalmaqallı olan şairlərdir. Bu maddi və poetik həqiqəti Elşad Səfərli həmişə poeziyasında təsvir etmişdir. Oxucularına xatırlatmaq istərdim bu sətirlərin müəllifi: Elşadla tanışlığımın (o vaxt tələbə idi) və sonralar “Maarif” tədris – elmi nəşriyyatda uzun illər çalışdığımız vaxtda (eləcə də sonralar) çətin həyat yolu keçmişdir, lakin sarsılmamışdır, poetik və elmi yaradıcılığını uğurla davam etdirmişdir. Poeziyaya fikri və zövqü ovsunlayan sehr aləmi kimi baxmışdır, yüksək bədiilik axtarmış və nail olmuşdur. Elşadın şəxsi hünəri – həyatı bütün çılpaqlığı ilə sonacan istehlak – fərdi obyektinə çevrilməmişdir: xoşbəxt ailə lideri, şeirinin sükançısı olmuşdur, bu istedadı və zəhmətilə qürurlanmışam, ustadlıq missiyamdam uzaqlaşmamışam.
Qayıdıram mətləbə: “Şairə ölüm yaraşır” fikrində qətilik axtarmamaışam, sualla da qarşılaşmamışam.
Sevmə şairi, gülüm, sevmə!
Şairə dərd – qəm yaraşır.
Şairə son nəfəsdə də
Kağız – qələm yaraşır, – deməkdə o haqlıdır, bəs:
Əsil şairlər içində
Varmı bəxtəvər biri olan?
Tənha, atılmış olanın
Qəbri üstə varmı gələn? –
Sualına birmənalı cavab axtarmadım: çünki şairin fərdi müşahidəsindəki akselarativliyi – ruhi həyəcanı, cəmiyyətdə gedən mənəvi özgələşmə, disfunksiyalı – soyuqluq. Elmi şərhə bəs vermirəm: onun xarakterindəki həsasslıq və özünün şairlik xisləti unudulmuş (yubileydən yubileyə xatırlanmaq hələ hər şey deyil) şairlərə şeirlər həsr etməsi fikirlərimin təsdiqidir: Şəkər Aslana, Vaqif Hüseynova, Camal Yusifzadəyə, Əli Kərimə və başqa söz adamlarına şeirlər ithaf etməsi təsadüfi deyil. Bu “Kimsəsiz ölənləri hörmətlə qəbul et, Allah” Elşadın yalvarışı deyilmi?
Bir qərib şair də öldü –
Yəqin deyənlər olacaq:
“Kimi vardı yaşasın...”
Xoşbəxt şair gördünüzmü? –
Nə yazdı, zülümdən yazdı,
Şairə zülm yaraşır.
Atasız, anasız şairə,
Bacısız, qardaşsız şairə,
Dostsuz, sirdaşsız şairə,
Kimsəszi qərib şairə
Əlbəttə, ölüm yaraşır!
Elşad Səfərlinin potik yozumunda insanın hansı yaşında olursa kimsəsizliyi mənəvi faciədir, tənhalıqdır, xüsusən, yaradıcı insanları pissimizmə aparır, amma bir nüans var ki yazıb – yaradır, hisslərini bölüşdürür. Faciə odur ki, insan yaşının ötüşən illərində yaxın dostlarını, həmkarlarını felən yox, ruhən itirir, on illərlə alışdığı səsin həsrətini çəkir. Elşad Səfərli şeirində bu hisslərin poetik möhnəti keçici deyil.
Şairin yaradıcılığında yeni nəfəs, poetik təravət, axtarış həvəsi sönmür, bu, elmi fəaliyyətində də özünü büruzə verir. Poeziyasında sonet, xokkilər, kiçik lövhələr geniş vüsətini tapır.
Haşiyəyə çıxardım ki: Yaponları da xatırlayıram. Çinlilər qədər olmasa da onlar da mənim zəkama qida vermişlər. İndiki dövrdəsə biz Almaniya kimi Yaponiyanı da hərbi ölkə kimi tanıyırıq. Artıq neçə yüzilliklərdir ki, itiağıllı, qətiyyətli və ilhamlı həyata istiqamətlənmiş Hindistan və Çində buddizmdən ayrı hesab olunmayan bir gül Yaponiyada öz gözəlliyi ilə çiçəkləyir. Mən hesab edirəm ki, dzen bir xalqın əldə edə biləcəyi ən qiymətli xoşbəxtlikdir. Bir də məni sadə və qısa olan Yapon poeziyası heyrətləndirdi. Əgər yaponları oxusan, müasir alman lirikasını oxumazsan, çünki bizim şeirlər çox şişirdilmiş və mənasız görünəcək. Yaponlar on yeddi hecalı şeir vəznini fikirləşib tapıblar. İncəsənətin dərk edilməsinin asanlaşmasından onun çox şey itirəcəyini başa düşürdülər. Məsələn, nə vaxtsa bir yapon şairi cəmi iki cümləlik şeir yazıb. Şeirin məğzi bundan ibarətdir ki, qar yağmış meşədə gavalı ağacı çiçəkləyib. Şair şeiri qiymət verə biləcək birinə göstərmiş, o da söyləmiş ki, “bir budaq yetər”. Tənqidin necə doğru olduğunu dərk edib, dost məsləhətinə qulaq asmış və onun şeirləri bugünkü gün də unudulmamışdır.
Elşad sadəcə yığınlan mülki – minatur janrında şeirlər yazdı. Qəriblik ağrısı nədən yazılan şeir:
Uzaqdan baxmasan yaxın dağın heç
Əzəməti, boy – qədəri bilinməz.
Uzaqlığın özündə var qəriblik –
O, olmasa Vətən qədri bilinməz.
– 0 –
Allah verən xoşbəxtlikdən
Hamıya düz bölüm düşür.
Süfrəndə yemiş kimidir,
Hərəyə bir dilim düşür.
Elşad Səfərli yaxın – uzaq dostlarını unutmur və onların xarakterindən gələn keyfiyyətlərini bütövləşdirib şeirin predmetinə çevirir. Əyalətdə yaşayıb yaradan istedadlı şair, dəyərli ziyalı Qardaşxan Fərziyə həsr etdiyi “O, təkcə Qardaşxan deyil” şeiri məni uzaqlara apardı: Onunla Lənkəranda Elşadla görüşlərimi xatırladım çay stolu arxasında, səmimiliyinə, dünyagörüşünə, ədəbi savadına heyran qaldım. O, gənclərə örnəkdir: çünki pedaqoqdur, vətənpərvərdir, haqq sözünü boğan deyil, yıxılan kimsəsizə dayaqdır, “qardaş” dediyi dostları ilə tən Qardaşxandır.
Dözməz heç Vətəndən uzaq,
Ömr edər məndən uzaq.
Hiylədən, fitnədən uzaq –
Gen qardaşdır bu Qardaşxan.
Pula, zərə baxan deyil,
Ev tikər, ev yıxan deyil,
O, təkcə Qardaşxan deyil –
Xan Lənkəranın xan oğlu.
Xan qardaşdı bu Qardaşxan.
Elşad Səfərlinin şeir dünyasına varmaq hər bir adilikdə böyüklük görən, zamanın ziddiyyətlərinə qarşı həsasslıq göstərmək, insan geninə işləmiş paxıllıq və sənət qısqanclığı yüksək poetik nümunələrdə tərənnüm olunmuşdur. Bu sətirləri kənardan müşahidəçi kimi yox, qırx ildən çox bir zaman kəsiyində tanıyan oxucu kimi yazıram. Və “Mənim şeir ustadım” – deyən Elşad Səfərli haqqında yazmağı özümə borc bildim. Təəssüflənirəm ki, cənub bölgəsində doğulan və yazıb yaradan, eyni məktəbin (Gərmətük kənd orta məktəbi) məzunu olaraq yaradıcılığını izlədiyim və yorulmadığım bir ovqatla onun son kitabından aldığım təəssuratı qəzetin oxucuları ilə bölüşdüm, bəs bizim sinəsini döyən tənqidçilərimiz bu istedadlı şairdən nə üçün yazmırlar? Ona görəmi gündə, həftədə onunla salamlaşmırlar? Ona görəmi gündəlik mətbuatdan düşməyən bəsit şeir kitabların müəlliflərinin əlindən aman yoxdur? Mən yeri gəlmişkən deyərdim ki, Elşad Səfərlinin şeirləri haqqında geniş məqaləmi “Ədalət” qəetinin ədalətli əməkdaşı, poziyasını araşdırdığım şair Əbülfət Mədətoğlu oxuyandan sonra dedi: “Elşad haqqında nə yaxşı yazmısan, onun şeirlərinə bələdəm, xüsusən, əyalətdə yaşayanlara yaxınlaşmalıyıq”. Və yazı az sonra işıq üzü gördü. İstedadlı şair bu fikrində haqlı idi...
E.Səfərlinin son şeirlərindən “Mükafat”, “Nostalji”, “Atlant”, “Mənə dəniz bağışladan”, “Dul qadın”, “Bənövşə eşqi” kimi yaddaşda qorunan şeirlərin, maraqlı poemaların müəllifidir. Nə üçün belə poetik ruhlu şeirlər tənqidçilərimizin diqqətindən uzaq düşmüşdür?!
Məqaləmi adını çəkdiyim “Bənövşə eşqi” şeirindən bəzi misralarla oxuculardan ayrılmaq istədim. Axı qar – şaxtadan zərif, ləçəkli yazın lətafətini çiçəklərincə yaşamayan bənövşə məhəbbəti Aşıq Ələsgərin, Osman Sarıvəllinin, Səməd Vurğunun poeziyasına da qonaq olmuşdur. Və bizi inandırmışdır ki, bu zərif çiçəkdə böyük eşq vardır ki, şairlər onu sevmişlər:
Bənövşəni sevdim rənglər içində,
Elə sevdiyim də bənövşəsiydi.
Çəmən, çiçək-çiçək toxunan xalı,
Al – əlvan ilməli gül döşəyidi.
Yazın bənövşəsiz gözəlliyi yox –
Bənövşədən göyçək bir göyçəyi yox.
O təkcə baharın ilk çiçəyi yox,
Həm də çiçəklərin yaz mənşəyidi.
Kiminsə diridir həmişə eşqi –
Edib varlığında o peşə – eşqi.
Elşadın könlündə bənövşə eşqi,
Ruhunu bəsləyən eşq beşiyidi...
Allahverdi Eminov