📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mənfur şəbəkə hələ dağıdılmayıb

2022-02-15 10:14:00

Mənfur şəbəkə hələ dağıdılmayıb

 

Ramiz Mehdiyev və Əli Həsənov tandeminin aparatda qurduqları mənfur şəbəkənin funksionerləri hələ qovulmayıblar...

Cavanşir ağa, mənsub olduğunuz güruhun içində indiyə kimi bir kişi tapılıb ki, milləti göz qabağında tarac edən vəzifəli quldurların adlarını bir-bir çəkib rüsvay eləsin?

Ötənlərə ani də olsa nəzər salaq. Ölkənin yiyəsizliyindən sui-istifadə edən vəzifəli quldurlar əllərinə nə gəldi oğurlayır, talan və tarac edirlər. Ellik zəmanətlə bir-birilərinə bağlı olan dələduzlar çox asanlıqla hər dəfə məsuliyyətdən yaxa qurtara bilirlər. Qəsb olunmuş nəhəng məbləğlər keşiş-mason cahangirlərinin banklarına axır. Səlibçi ağalar simasız müsəlman xəyanətkarlardan aldıqlarını öz millətləri üçün dövriyyəyə buraxır, müftə yerdə bir yüz qazanırlar. Qoşun yeritmədən, bir güllə də atmadan ingilis bankirləri nəhəng məbləğləri seyflərinə yığırlar.

Əlqərəz, bir gün oğurlanmış, milyonlardan söhbət  düşəndə, ingilis köpəkoğlu bizə üç barmağın kombinasiyasını, vəzifəli quldurlar isə boğma çıxarırlar. Loru dildə desək, bunun mənası belədir, Allah vurmuşdu sizləri, oğurlamışıq, belə əcəb eləmişik, gedin, kimə istəyirsiniz şikayət edin.

Ölmüşdü ingilisin anası ki, o durub bankına qoyulmuş sərvəti qaytarsın, İngilis bu sərvət “yiyələrinin “ hansı yuvanın quşu olduqlarını əla bilir. Onun əlində bu qeyrət dağarcıqlarını bir-bir rüsvay etmək üçün kifayət qədər dəlil, sübut var. Çox çəm-xəm etsələr ingilis “sandığı açıb pambığı tökər” və onda hamı görəcək ki, Azərbaycanın vəzifə sahibləri öz yurdlarına qənim kəsilmiş əsl canilərdir.

O gün yoxdur ki, biz, bəzi qəzetlərdə işdən çıxarılmış, məsuliyyətə cəlb edilmiş vəzifə sahiblərinin şəkillərini görməyək. Bəzən bu ağaların imarətləri, malikanələri, başqa cah-calalı barədə materiallar gedir. Respublikanın vəzifə ilarxiyasında ikinci pillədə durmuş Oqtay Əsədovun, Ziya Məmmədovun, qırmızı lampaslı şalvar geymiş generalların villalarının şəkillərinə baxanda adamın mat-qutu quruyur. Xudaya xudavənda, torpaqlarının az qala yarısı viran edilmiş məmləkətin ağaları bunlardırsa, vay bu xalqın gününə.

Yeri gəlmişkən, açıq deməliyik ki, ən ağır əməllərdə günahlandırılan quldurları iş başına qoyub, onlara ən yüksək səlahiyyətlər verən birinci olaraq Ulu öndər, müasir Azərbaycanın qurucusu, Heydər Əliyev sonra da tarixi zəfəri üçün, xalqdan haqqına olaraq Müzəffər adını almış İlham Əliyev idi.

Az qala bir qərinə ərzində özünü əsl diktator kimi aparmış Ramiz Mehdiyevin səlahiyyətləri əlindən alınanda o adam qalmadı ki, sevinməsin. Bu adamın komandasına daxil olmuş məmurların törətdikləri mənfur əməlləri təsvir etməkdə qələm acizdir. Bu kişi yığdığını da yığdı, yeddi arxasını da təmin etdi, üstəlik dövlətin bütün ali mükafatlarına da layiq görüldü.

Hünərin var söz de! Biz avam rəiyyət də soruşuruq, nə cür olub ki, Ramiz Mehdiyev bütün sahələrdə hakimi-mütləq olub? Əbədi düşmənimiz erməni faşistinin başını əzmiş Müzəffər Prezidentimiz yəni onunla vaxtında bacara bilməzdi? O hansı qüvvədir ki, Ramiz Mehdiyevi, Elmira Axundovanı, Nəcməddin Sadıkovu və digər odioz fiqurları tövbələtmədən qoruyur.

... Böyük məbləğlər səlib dünyasının banklarındadır. Onlar da heç kimə bir qara qəpik də vermək fikrində deyillər. Farslar demişkən, xeyli xub, bəs bu xarabanın müvafiq orqanları hansı cəhənnəmdə olublar? Məgər onlar ümumi talanı görmürdülər? Nə cür olur ki, bir fırıldaqçı saray məddahının arzusu ilə bu gün-sabah öləcək xəstə veteranın qocalıq pensiyası əlindən alınır, amma bu rejim qəsrlər ucaldan şərəfsizlərin nazı ilə oynayır.

Açıq deməliyik, heç kim məsuliyyətə cəlb olunmuş harınların axıra qədər layiqli cəza alacaqlarına inanmır. Kim cəzasını axıra qədər çəkib? Kimi boğazından asıblar? Kimin cah-cəlallı villasını, ya da top vursan, dağılmaz şəhər mənzilini alıb simsarsız şəhid ailəsinə veriblər?

Kim deməsə də, amma mən deməliyəm, qələbə şeypurlarının nəriltisi ilə çoxunun ah-naləsini susdurmağa çalışırıq! Hələlik bu alınır!

Vacib ricət

İnternetdə on üçüncü kanalda çıxışıma hərə bir cür qiymət verib, bəyənən də var, bəyənməyən də! Amma, mənə toxunan, məsələnin məğzini bilməyən bir dinləyicinin ittihamı oldu. Guya mən, Ulu öndər Heydər Əliyevdən istədiyimi ala bilmədiyim üçün indi deyinirəm. Xeyir, mənim bəradərim, mən heç vaxt heç kimdən heç nə ummamışam. Özünü Əliyevçi adlandıran Qafar Əliyev adlı aparatın adi bir işçisi “Azad Azərbaycan” qəzetində mütəmadiyən çap olunduğum illərdə hər ay qonorarımın düz yarısını həzm-rabedən keçirtdi. Nifrət elədiyim Əli Həsənova şikayət etməyi belə özümə sığışdırmadım.

Amma hörmətlə yanaşdığım, ölkənin birinci xanımına müraciət eləmişəm... Özü də bir dəfə yox! Xahişim nə idi? Yazmışdım ki, qəbir yeri almaqda uşaqlarımı çətinliyə salmaq istəmirəm. Hamı yaxşı bilir ki, bu diyarda adam kimi basdırılmaq da müşkülə düşüb, hər şey pula satılır, hətta məzar da!

Sonra da xahiş eləmişdim ki, bəlkə hörmətli xanım maddi vəziyyətimi nəzərə alıb fırıldaqları ilə ad çıxarmış, özünə Heydər Əliyevin bioqrafı deyən Elmira Axundovaya göstəriş versin ki, mənim 20 ay mənimsədiyi qocalıq təqaüdümü qaytarsın.  

Yağ-bal içində yaşayan, pula pul deməyən bu xanım mənim qocalıq təqaüdümə möhtacdır? Yaxşı bilirəm ki, “5-ci kolon”un xaç atası Ramiz Mehdiyevin və hələ də layiqli cəzasını almamış Əli Həsənovun müdaxiləsi nəticəsində hörmətli birinci xanıma göndərilmiş onlarla məktubun başına daş atılıb.

Amma bu dəfə də mənim səyim, xahişim boşa çıxacaq. Bilirsiniz niyə? Sadəcə olaraq ona görə ki, Ramiz Mehdiyev və Əli Həsənov tandeminin aparatda qurduqları mənfur şəbəkənin funksionerləri hələ qovulmayıblar.

Yenə də kiçik bir ricət

Deputat Cavanşir Feyziyevin “şücaəti” barədə oxuyanda mən bu əsrarı qanmadım. A kişi, başına iş qəhət olub, durub ölkənin bütün jurnalistlərinin üzərinə nifrin yağdırmaqla nə demək istəyirsən? Ümumiyyətlə, Cavanşir ağa, bu pul haqq-hesabından sonra sizin kiməsə söz deməyə haqqınız varmı?

Bizim jurnalistlər içində kifayət qədər konformist, bisavad, cahil tapılsa da, amma mən Azərbaycan jurnalistini ən faciəli fiqur sayıram. O kimin əlində girinc-giriftar olmayıb? Bir tikə çörək xatirinə ailəni dolandırmaq üçün satqın, min üzlü redaktorun hər əmrinə müntəzir duranları tanıyıram.

Son dəfə mənzil məsələsi ortaya çıxanda Əli Həsənovun şərəfsiz əlaltıları o oyun qalmadı ki, jurnalistlərin başına gətirməsinlər.

Cavanşir ağa, bu işdən agah idiniz, nə olardı Əli Həsənovun yaxasından yapışıb deyərdiniz: - Ay namərd, niyə Prezidentin nüfuzunu ayaq altına atırsan? İllərlə ev gözləyən jurnalistlərin arzularını gözlərində qoyursan? Vüqar Səfərli hansı savad sahibi idi ki, onu külli-ixtiyar sahibi etmişdin? Amma demədin, nəyinə lazım idi? “Dələduz” deyərək təhqir etdiyin ən aşağı səviyyəli jurnalist milli təəssübkeşlikdə min sizin kimi təyin olunmuş deputatdan yüksəkdə durur. Cavanşir ağa, mənsub olduğunuz güruhun içində indiyə kimi bir kişi tapılıb ki, milləti göz qabağında tarac edən vəzifəli quldurların adlarını bir-bir çəkib rüsvay eləsin? Olmayıb belə şey! Amma kişi kimi sözü üzə deyən, hər dəfə də məhkəmələrə çəkilən, azğınlaşmış saray məddahlarının təqiblərinə məruz qalan bizim jurnalistlər olublar. Mən demirəm ki, onlar Allahın qüsursuz bəndələridir, amma onların içində bir milyona kabab yeyən, elit fahişələrə villa bağışlayan, bicbalalrının bəd əməllərini ört-basdır edən haramzadalar yoxdur.

Firuz HAŞIMOV

P.S. Müzəffər Prezidentim, qayğınız sayəsində pensiyama on manat əlavə etdilər. Bir gözümün müalicəsi üçün oğul-uşaq səy göstərib, yəni min manata qədər xərc çəkdilər. İndi isə bu biri gözüm kor olur. Sizin böyük lütfkarlıqla verdiyiniz  pensiyanı  qəpik-qəpik yığacağam. Bəlkə həkimlər dərdimə əlac eləsinlər. Sizdən yox, Sizin namuslu, qeyrətli, rüşvətin nə olduğunu bilməyən hakimlərimizdən xahiş edirəm ki, kor olmaqdan qurtulsam (buna ümidim yoxdur) təqaüdümü özünü Heydər Əliyevin bioqrafı adlandıran, utanıb, qızarmadan 20 ay qocalıq təqaüdümü əlimdən alan Elmira Axundovaya göndərsinlər. Eşitdiyimə görə, bu həşəmətli xanım öz ərköyün balası ilə  Kiyevdə çörək tapa bilmir.