📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mənzil almaq üçün 8 min manat ödəyən vətəndaş aldadılıb - ÖZÜNÜ "POLİS" KİMİ TƏQDİM EDƏN MAKLERİN TƏLƏSİNƏ DÜŞDÜ

2022-04-05 12:04:00

Mənzil almaq üçün 8 min manat ödəyən vətəndaş aldadılıb - ÖZÜNÜ

Studə Məmmədova özünü “polis” kimi təqdim edən maklerin tələsinə düşdüyünü iddia edir…

Bakı şəhər sakini Məmmədova Stüdə Filman qızı “Hürriyyət”in redaksiyasına müraciət edərək, dələduzluğa məruz qaldığını bildirib. Onun sözlərinə görə, ötən ilin aprel ayında elan saytlarının birində yerləşdirilən mənzil elanı ilə bağlı satıcı ilə əlaqə saxlayıb. Mənzilə baxdıqdan sonra, əvvəlcə özünü evin sahibi, daha sonra makler kimi təqdim edən Pərvin Quliyev adlı şəxsə 8 min manat ilkin ödəniş edib.

Lakin sonradan özünü eyni zamanda Binəqədi rayon 43-cü polis bölməsinin əməkdaşı kimi təqdim edən Pərvin Quliyev indiyədək nə mənzili verir, nə də Stüdə Məmmədovadan aldığı 8000 AZN-i qaytarmaq niyyətindədir.

Nəhayət, Şəfəq Nuriyev adlı xanıma məxsus olduğu bilinən evin daha sonra üç nəfər də satıldığı aşkar edilib. Zərərçəkmiş şəxslər Binəqədi rayon 43-cü polis bölməsinə şikayət etsələr də, bir ildən çoxdur ki, məsələ qanun çərçivəsində araşdırılmır.

Daha sonra məlum olub ki, məsələni araşdırmalı olan sözügedən bölmənin Sənan adlı əməkdaşı işə xitam verib.

Qeyd etdiyimiz kimi, artıq bir il keçməsinə baxmayaraq, dələduzluqda ittiham olunan Pərvin Quliyev hələ də azadlıqdadır. Zərərçəkmiş Studə Məmmədovanın sözlərinə görə, hətta pulun Pərvin Quliyevə verilməsi zamanı video-çəkiliş də aparılıv və qarşı tərəfin pulu almasıyla bağlı iltizamı da var:

"Mən keçən ilin aprel ayında lalofo.az saytında ev elanı gördüm. Qiyməti 14.500 AZN qeyd olunmuşdu. Dedilər ki, mənzil Binəqədi rayonunda, Dağlılar məhəlləsi deyilən ərazidə yerləşir. Qardaşımın həyat yoldaşı ilə mənzilə baxmağa getdik. Bizi makler Pərvin Quliyev və Miri adlı şəxs qarşıladı. Mənzilə baxdıq və bəyəndik. Mənzilin həyəti də var. Bəyənəndən sonra 100 AZN beh verdik. Onlar da elan da qeyd etmişdi ki, 8000 AZN ilkin ödəniş, digər məbləğ isə aylıq ödənişlə həyata keçiriləcək.

Mənzilin təkcə bələdiyyə sənədi olub. Pərvin Quliyev əvvəldən bizə mənzilin özünə aid olduğunu bildirib. Biz də onun ofisinə gedib, ordan isə mənzilə baxmağa getdik. Ofisə qayıdıb, kağızda onlara pul verdiyimizi də qeyd etdik. Onlara 8000 AZN pul ödənişi etdik.

Bayram ərəfəsinə düşdüyünə görə, notariusa gedə bilmədik. Dedilər ki, işıq və su adımıza keçiriləcək, amma digər kommunal xidmətlər qalacaq. Ödənişi nə vaxt tam bitirsək, bütün kommunalxidmətləri adımıza keçirəcəklərini dedilər. Hətta çəkiliş də oldu. Bir neçə gündən sonra yenidən ofisə getdik. Evin sahibi olduğu deyilən Şəfəq adlı xanım da ora gəlmişdi. Pulu saydıq və 8000 AZN-i Pərvinə təqdim etdik. Dedilər ki, ofisdə işləyən şəxsə də şirinlik verməliyəm. 20 manat da şirinlik verdim. 20 AZN-lə razılaşmadılar və az olduğunu dedilər. Mən isə növbəti dəfə 100 AZN şirnlik verəcəyimi qeyd etdim.

Pərviz Quliyev əvvəldən də bizə 43-cü polis bölməsində işlədiyini demişdi. Hətta həmin ərazilərdə işləyən şəxslər də onun polis bölməsində işlədiyini deyirdilər. Bu şəxs eyni zamanda maklerlik edir. Dəfələrlə qardaşımla bunların ofisinə gedib-gəldik. Hər dəfə də deyirdi ki, evi bu gün ya sabah adınıza keçirəcəyik.  Evin sahibi olduğu deyilən Şəfəq adlı xanım da işə qarışdı. Bir dəfə bizi notariusa gətirdilər. Notariusda dedilər ki, biz bunu adınıza keçirə bilmərik, çünki rəsmi dövlət sənədi yoxdur. Qayıdıb gələndən sonra dedilər ki, iki gündən sonra  bizimlə“ASAN Xidmət”ə gedəcəklər.

Günlərlə ofislərinə gedib-gəldik. Hər dəfə müxtəlif bəhanələrlə bizi geri göndərdi. Pərvin Quliyev gah rayonda olduğunu, gah da yasa getdiyini dedi. Bir müddət keçəndən sonra ofislərinə getdik. Miri adlı şəxs də ordaydı. Bir neçə saat gözləyəndən sonra Pərvin Quliyev gəldi. Şəfəq adlı xanım da ordaydı. Bizə dedi ki, mənə vaxt qoyun, sizin pulunuzu geri qaytaracam".

Evin ondan başqa bir neçə nəfərə də satıldığını deyən Studə Məmmədova aidiyyəti dövlət orqanlarına müraciət edib. Zərərçəkmişin sözlərinə görə, Binəqədi Rayon Polis İdarəsi məsələni nəyinsə müqabilində ört-basdır etməyə çalışır. O, Daxili İşlər naziri Vilayət Eyvazovdan məsələnin obyektiv araşdırılması üçün göstəriş verməsini xahiş edir:

"Günlərin birində mənzilə getdim. İçəridə iki qadının olduğunu gördüm. Şəfəq adlı xanımı soruşdum. Mənə sual verdilər ki, xanım, ev sizə də satılıb. Dedim ki, bəli, mənə də satılıb. Xanımlardan biri dedi ki, mən pulumu verib evi almışam. Mənzilin ona məxsus olduğunu qeyd etdi. Məlum oldu ki, mənzil məndən də əvvəl bir neçə nəfərə satılıb. Bunu biləndən sonra Pərvin Quliyevdən pulumu tələb etdim. Məndən yenə vaxt istədi. Dedim ki, ya pulu verəcəksən, ya da burdan birbaşa polisə gedəcəm. O isə dedi ki, əgər polisə getsəniz, elə edəcəm ki, pul sizə çatmasın.

43-cü polis bölməsində ərizə yazdıq. Məlum oldu ki, bu şəxs rəsmi polis deyil, sadəcə polislə işbirliyi aparır. Lakin əvvəldən bizə demişdi ki, mən bölmənin işçisiyəm. İlk əvvələrdə Sənan adlı təhqiqatçı bizim işimizi araşdırıb. Lakin bir ay keçsə də, təhqiqatçı Pərvin Quliyevi gətirib üzə çıxartmır. Ancaq Şəfəq adlı xanımı çağırıb dindirirlər. Mən isə təhqiqatçıya deyirəm ki, mən pulu Şəfəq adlı xanıma deyil, Pərvin Quliyevə vermişəm. Şəfəq adlı xanım da pulun verildiyini təsdiq edib. Hətta kağıza da yazıb, qol da çəkib.

Sonra rəis müavini bizi qəbul etdi. Sənan adlı təhqiqatçıya da yalandan tapşırıq verdi ki, guya, Şəfəq və Pərvini gətizdirib içəri salacaq. Ordakı sıravi polislər də bizə demişdilər ki, Pərvin Quliyev bura gəlib-gedən şəxsdir, onu axtarmağa da ehtiyac yoxdur. Lakin bölmədə bizə deyirdilər ki, Pərvin Quliyevi tapa bilmirik.

Bölmədə işimizə baxılmadığını görüb, Baş Prokurorluğa müraciət etdim. Yuxarı orqanlara bir-bir müraciət ünvanladım. Lakin heç bir nəticəsi də yoxdur. Binəqədi Rayon Prokurorluğu da bizi get-gələ salıb, işimizə baxmadılar. Məlum oldu ki, Sənan adlı təhqiqatçı işimizə xitam verib.

Baş Polis İdarəsindən bizə dedilər ki, narahat olmayın, işinizlə bağlı tapşırıq verilib. Bizi Binəqədi rayon Polis İdarəsinə göndərdilər. Oruc müəllim bizi qəbul etdi. O da dedi ki, təhqiqatçı Sənanı bu əməlinə görə cəzalandıracaq. Lakin bir ay keçəndən sonra iş gəlib İlkin adlı təhqiqatçıya çatdı. Hətta İlkinə də tapşırıq verdilər ki, bu işlə ciddi məşğul olsun. Bir müddət keçəndən sonra təhqiqatçı dedi ki, Pərvin Quliyevin adresinə gediblər, lakin onu tapa bilməyiblər. Halbuki Pərvin Quliyev səhərdən axşama kimi Binəqədi rayonunda olur.

Artıq bu işin üstündən bir il keçir. Lakin dələduzluq əməli törədən şəxs hələ də azadlıqdadır".

Sözügedən məsələdə adı hallanan şəxslərdən biri də evin sahibi olduğu deyilən Şəfəq Nuriyevadır. Şəfəq Nuriyeva ilə əlaqə saxladıq. Onun sözlərinə görə, 8 aydır ki Pərvin Quliyevlə əlaqə yarada bilmir. Şəfəq Nuriyeva deyir ki, Pərvin Quliyev onu da 20000 AZN-dən çox ziyana salıb:"Bu xanım mənzil almağa gələndə özünü Rəna kimi təqdim edib. Onun adının Studə olduğunu bilmirdim. Mənim evimi almaq üçün gəlmişdilər. Pərviz də mənimlə işləyib. Mənə dedilər ki, evi əşyaları ilə birlikdə 16000 AZN-ə satırıq. Mən isə 16000 AZN-ə evi satmayacağımı bildirdim. Onlara mənzili 19500 AZN-ə satacağımı qeyd etdim. “Rəna xanım” ilkin ödəniş kimi 9000 AZN ödəyəcəklərini dedilər. Mən bununla razılaşmadım. Özləri Pərvinlə gedib ofisdə razılaşıblar. Pərvin məni yaxın bilib, mənzili 8000 AZN-ə ilkin ödənişlə satıb.

"Təxminən 10-15 gündən sonra Rəna xanım gəlib mənzilə baxıb. Daha sonra bildirdilər ki, evin altından su çıxır, ona görə də mənzili almaqdan imtina etdilər. Biz isə bir ay müddətində ödənişi qaytaracağımızı dedik. Elə oldu ki, mənzili başqa şəxsə satdıq. Mən 8000 AZN-i Pərvinə verdim ki, onlara qaytarsın. Bizim aramızda da Pərvinlə 13500 AZN borc müqaviləsi olub. 8 aydır ki, mənim Pərvinlə əlaqəm yoxdur. “Rəna xanım” da şikayət edib. O da qeyd edir ki, pulu mənə yox, əlbəəl Pərvinə verib. Hətta Pərvinin atasına da zəng etmişəm ki, pulu gətirib qaytarsın. “Rəna xanım” Pərvinin üstünə də "vor zakon" olduğunu deyilən şəxsləri pul müqabilində göndərtdirib. Pərvin Quliyev hazırda aradan çıxıb və qeyd edib ki, pulu mənən ödməliyəm. O, məni 20000 AZN-dən çox ziyana salıb. Evimi üç nəfər satıb. Özüm də makler işləyirəm. Pərvin özü də polisə işləyir. Mən kirayədə yaşayıram, atasız uşaq böyüdürəm".

Məsələ ilə bağlı qarşı tərəf Pərvin Quliyevlə də əlaqə saxlayıb, mövqeyini dərc etmək istəsək də, əlaqə nömrəsini zəng çatmadı. Görünən odur ki, Binəqədi Rayon Polis İdarəsi dələduzluq faktlarının ortada olmasına baxmayaraq,hansısas səbəbdən məsələyə biganə yanaşır. Artıq bir il keçməsinə baxmayaraq, nə zərərçəkmişə dəymiş zərər yeri qaytarılır, nə də bu işdə əli olan şəxslər qanunla cəzalandırılır. Digər tərəfdən iddia edilir ki, Pərvin Quliyev adlı şəxs özünü Binəqədi rayon 43-cü polis bölməsinin əməkdaşı kimi təqdim edib. Daha sonra məlum olur ki, bu şəxs polis əməkdaşı deyil. O da iddia edilir ki, Pərvin Quliyev Şəfəq Nuriyevanın sözügedən mənzilini Studə Məmmədova ilə yanaşı, bir neçə şəxsə də satıb. Pulun verildiyian video-çəkiliş də həyata keçirilib. Əgər bu cür faktlar varsa, bəs Binəqədi rayon 43-cü Polis bölməsi niyə məsələni araşdırmır? Deməli, bu iş ya pul müqabilində ört-basdır edilib, ya da polis bu işi araşdırmaq gücündə deyil…

YƏHYA

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərəc etməyə hazırıq. Mövzunu davam etdirəcəyik.