“Məqsəd rusları diz çökdürməkdir” - “Ukraynanı NATO üzvü olmağa qoymayacağam”
Bir müddət əvvəl ağır sui-qəsddən sağ çıxmağı bacaran Slovakiyanın Baş naziri Robert Fitso növbəti rusiyameylli bəyanatlar verib.
Hurriyyet.az xəbər verir ki, Slovakiya televiziyasına açıqlamasında Fitso Slovakiyanın baş naziri olduğu müddətdə Ukraynanın NATO-ya üzv olmasına imkan verməyəcəyini deyib.
Fitso Ukraynanın NATO üzvlüyünün qəti əleyhinə olduğunu deməklə yanaşı, Avropa İttifaqına üzvlüyünüə razı olduğunu qeyd edib. Lakin bunun yaxın müddətdə baş verəcəyinə də inanmadığını söyləyib: “Amma mən Ukraynanın NATO-ya üzv olması ilə qətiyyən razı deyiləm. Mən Slovakiya Respublikasının baş naziri olduğum müddətdə partiya sədri kimi siyasi nəzarətdə saxladığım deputatlara rəhbərlik edəcəyəm ki, onlar Ukraynanın NATO-ya üzvlüyünə heç vaxt razı olmasınlar”.
Onun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olması Üçüncü Dünya Müharibəsinin başlaması üçün əsas olacaq: "Slovakiya ilə qonşu olan, əslində slavyanların öldürüldüyü və Avropanın bu qətli əsaslı şəkildə dəstəklədiyi bir ölkədə hərbi münaqişə var", - deyən Fitso münaqişənin hərbi yolla həll edilə bilməyəcəyini bildirib. Onun fikrincə, Qərb ölkələri Rusiyanı zəiflətmək üçün Ukraynada müharibəni davam etdirmək fikrindədir: “Qərb Ukraynada müharibə istəyir”.
Fitso hesab edir ki, Qərbin dəstəklədiyi müharibə “rusları diz çökdürmək” məqsədi daşıyır.
Fitso atəşkəsin əldə edilməsi və Ukrayna ilə Rusiya arasında sülh sazişinin bağlanmasının tərəfdarıdır. O hesab edir ki, münaqişəni hərbi yolla həll etmək olmaz və gərginliyin daha da artması hər iki tərəfdən yalnız çoxsaylı itkilərə səbəb olacaq. Ancaq Fitso bunun Ukraynanın ərazi itkiləri və Rusiyanın açıq işğalçılıq addımlarının legitimləşdirilməsi hesabına başa gələcəyi faktına göz yummağa üstünlük verir.
“AzPolitika.info”