Mərakeşdə zəlzələ qurbanlarının sayı 2 dəfə artıb
Hurriyyet.az xəbər verir ki, Britaniyanın “Qardian” (The Guardian) nəşri yerli telekanallara istinadla Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayının artıq 632 nəfərə çatdığını yazıb. 329 nəfərin yaralı olduğu bildirilir.
Krallığın Daxili İşlər Nazirliyinin verdiyi ilkin məlumatda həlak olanların sayının 300 nəfərə yaxın olduğu deyilmişdi.
Zəlzələ cümə günü yerli vaxtla 23:11-də (Bakı vaxtı ilə şənbə günü 02:11) baş verib. ABŞ-ın Geologiya xidmətinin məlumatına görə, zəlzələnin episentri Atlas dağlarında 18,5 km dərinlikdə olub. Təkanlar hətta Portuqaliya və Əlcəzairdə də hiss edilib. Amerikalı mütəxəssislər zəlzələni 6,8 bal, Mərakeşin Milli Geofizika Mərkəzi isə 7,2 bal gücündə qiymətləndirirlər. Mərakeşdəki yaşayış məntəqələrində böyük dağıntılar baş verib.
“Qardian” qədim Marrakeş şəhərinin də zərər çəkdiyini xəbər verib. Köhnə şəhərdə evlər yaxın tikildiyindən dağıntı daha çoxdur. Orta əsrlərdən qalma şəhər divarı bir neçə yerdən çatlayıb. Bəzi rayonlarda insanlar yalın əllə dağıntıların altındakı zərərçəkənləri axtarırlar.
Bu, Mərakeş tarixində 1960-cı ildən bəri ən güclü zəlzələ hesab edilir.
1960-cı ildə Mərakeşdə baş vermiş 5,8 bal gücündə zəlzələ min nəfərin ölümünə səbəb olmuşdu.
Hürr Tərcüman