Merkel: “2008-ci ildə Ukraynanın NATO-ya qəbul edilməməsi düzgün qərar idi”
Hurriyyet.az “Vestnik Kavkaza”portalına istinadla xəbər verir ki, AFR-in keçmiş kansleri Angela Merkel 2008-ci ildə Ukraynanın NATO-ya daxil edilməsi ideyasından imtina edilməsini düzgün qərar hesab edir. Onun mətbuat katibi qeyd edib ki, Merkel “2008-ci ildə Buxarestdə keçirilən NATO sammitində verdiyi qərarın arxasında durur”. O zaman Paris ilə Berlinin mövqeləri səbəbindən NATO Kiyevə alyansa daxil olmağa hazırlıq üçün hərəkət planını təqdim eləməmişdi.
Merkelin təmsilçisinin sözlərinə görə, bununla yanaşı, keçmiş kansler Federal Hökumət ilə beynəlxalq ictimaiyyətin Ukraynaya kömək və hərbi əməliyyatların dayandırılması üçün göstərdiyi səyləri dəstəkləyir.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski dünənki çıxışında Almaniyanın keçmiş kansleri Angela Merkel ilə Fransanın keçmiş prezidenti Nikolya Sarkozini Rusiya işğalçılarından azad edilmiş Buça şəhərinə dəvət edərək, Avropanın Putin ilə əməkdaşlığının nəticələrinə baxmağa çağırmışdı.
Hürr Tərcüman