📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Merkel: “Əlbəttə, “Taliban” ilə danışmalıyıq”

2021-09-06 11:37:00

Merkel: “Əlbəttə, “Taliban” ilə danışmalıyıq”

Avropa İttifaqı şərt müqabilində Əfqanıstana yardımı dörd dəfə artıracağını bildirib
Hurriyyet.az “İnterfaks” agentliyinin Ukrayna bürosuna istinadən xəbər verir ki, Almaniyanın kansleri Angela Merkel insanların evakuasiyasını davam etdirmək üçün Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ilə danışıqlara başlamağın zəruri olduğunu bildirib. 
Merkel jurnalistlərin qarşısında çıxış edərkən deyib: “Əlbəttə, biz “Taliban” ilə danışmalıyıq. Çünki indi məhz onlarla əməkdaşlıq eləməliyik”.
Onun sözlərinə görə, Almaniya alman təşkilatları ilə əməkdaşlıq edən və hazırda təhdid altında olan şəxsləri ölkədən çıxarmaq istəyir. Bundan başqa, taliblər ilə dialoq ölkəyə humanitar yardım göndərmək imkanı yaradacaq.
Merkelin sözləri alman KİV-in taliblərin təmsilçisi Zabihulla Mücahidin açıqlaması barədə yazdıqlarına cavab olub. Mücahid Əfqanıstanın yeni hakimiyyəti ilə AFR arasında diplomatik münasibətlər qurulmasına çağırmışdı.
Bundan əvvəl isə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel “Taliban” ilə dialoqun mümkünlüyünü bəyan eləmişdi. Onun sözlərinə görə, taliblər hakim olduqları ərazilərdə insan hüquqlarına riayət edəcəyi şəkildə, Avropa İttifaqı ölkəyə humanitar yardımın həcmini dörd dəfə artıracaq.