📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Merkelin Putinə zəngindən sonra vəziyyət düzəlir? İraq Kürdistanı Belarusdakı vətəndaşları üçün təyyarə göndərəcək - YENİLƏNDİ

2021-11-11 17:55:00

Merkelin Putinə zəngindən sonra vəziyyət düzəlir? İraq Kürdistanı Belarusdakı vətəndaşları üçün təyyarə göndərəcək - YENİLƏNDİ

Hurriyyet.az xəbər verir ki, Kürdistan Demokratik Partiyasının Rusiyadakı nümayəndəsi Xoşavi Babakr “RİA Novosti” agentliyinə müsahibəsində İraq Kürd Muxtariyyətinin mərkəzi İraq hökuməti ilə birlikdə öz vətəndaşlarını Belorusdan geri qaytarmaq üçün təyyarə göndərmək imkanını müzakirə elədiklərini bildirib: “Məndə olan son məlumata görə, bu miqrantlar təkcə kürdlərdən ibarət deyil. Onlar ümumilikdə İraqdandırlar. Kürdistanın Daxili İşlər Nazirliyi Bağdadla ora təyyarə göndərmək barəsində danışıqlar aparır. Geri qayıtmaq istəyənlər geri qaytarılacaq. Görünür, çoxları qayıtmaq istəyirlər, lakin elə vəziyyətə düşüblər ki, qayıda bilmirlər. Bütün tərəflərlə, o cümlədən, Polşa ilə, Belarusla kömək göstərilməsi ilə bağlı danışıqlar aparılır. Köçkünlər meşədə soyuqda qalıblar, söhbət insanların məhv olmasından gedir. Tədbir görülməsə, insanlar öləcəklər”.

Xəbər verdiyimiz kimi, bu gün Almaniyanın Baş naziri Angela Merkel Belarus-Polşa sərhədindəki vəziyyətlə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə zəng edərək onunla danışıb.

_____________________________________________________________________

Hurriyyet.az “DW Türkçe”yə istinadən xəbər verir ki, Almaniyanın Baş naziri Angela Merkel Belarus-Polşa sərhədindəki vəziyyətlə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə zəng edərək onunla danışıb.

Almaniya hökumətinin mətbuat nümayəndəsi Şteffen Zaybert “Tvitter” səhifəsindəki açıqlamasında kansler Merkelin Putin ilə telefonla danışdığını bildirərək yazıb: “Merkel Belarus hakimiyyətinin köçkünlərdən bir vasitə kimi istifadə eləməsinin insanlıqdan kənar və qəbuledilməz davranış olduğunu vurğulayıb və Putindən Minsk rejiminə təsir göstərməsini istəyib”.

“DW Türkçe”də dərc edilən xəbərə görə, Zaybert Federal hökumətin Putinin Minsk üzərində təsirinin “mühüm olduğuna” inandığını bildirib. Belarus hökumətinin köçkünlərin Polşa sərhədinə doğru irəliləməsinə imkan verən mövqeyini qəti şəkildə pisləyən Zaybert bildirib: “bu, Minskdəki rejim tərəfindən həyata keçirilən, dövlət tərəfindən təşkil edilmiş insan qaçaqmalçılığıdır. Belarus Avropa İttifaqına qarşı hibrid hücum edir”.

 

Hürr Tərcüman