📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mərkəzi Bankın son qərarı lirəni xilas edəcəkmi? - VÜQAR BAYRAMOV

2023-06-25 12:11:00

Mərkəzi Bankın son qərarı lirəni xilas edəcəkmi? - VÜQAR BAYRAMOV

"Strateji mütəffiqimiz olan Türkiyədə məzənnə stabilliyinə nail olunması bizim üçün həmçinin ixracatın həcmi baxımdan da vacibdir"

"Türkiyə lirəsi son 1 ayda 20 faizdən çox dəyər itirib. İnflyasiya ilə mübarizə məqsədi ilə Türkiyə Mərkəzi Bankın uçot dərəcəsi 6,5 faiz bəndi artırılaraq 8,5 faizdən 15 faizə qaldırılsa da hələlik həm valyuta, həm də istehlak bazarında volatillik davam edir. Deməli, Ankara qısa deyil, daha çox orta və uzun müddətli dövrdə məzənnə stabilliyini hədəfləyir". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, iqtisadi amillərlə yanaşı, siyasi faktorlar və eləcə də 50 faizə çatan illik inflyasiya dərəcəsi lirənin qısa müddətli dövrdə stabilləşməsini əngəlləyir: "Türkiyədə yeni kabinetinin fərqli yanaşması da lirənin məzənnəsindəki ucuzlaşmanın qarşısını ala bilmir. Digər tərəfdən, Türkiyənin yeni maliyyə nazirinin U-dönüşlü mesajları maliyyə bazarlarında volatilliyi azaltsa da, stabilliyinə nail olmaq mərhələli prosesdir və bu baxımdan hələlik qısa müddətlidən daha çox uzun müddətli hədəflərə söykənilir".

CESD sədri hesab edir ki, bütün bunlarla yanaşı, Türkiyədə əvvəlki dövrdən fərqli olaraq Mərkəzi Bankın daha müstəqil qərarları, kabinetin yeni yanaşmaları qardaş ölkə iqtisadiyyatı ilə bağlı nikbinliyi artırır: "Türkiyə Azərbaycan ikinci ən böyük ticarət tərəfdaşdır və qeyri-neft ixracatında əsas partnyorudur. Enerjidən kənar ixracatımızın 1/3-dən çoxu qardaş ölkəyə ünvanlanır. Bu baxımdan, strateji mütəffiqimiz olan Türkiyədə məzənnə stabilliyinə nail olunması bizim üçün həmçinin ixracatın həcmi baxımdan da vacibdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az